Şrift:
Fars şovinizmi IV YAZI - SON
01.11.2011 [05:57] - Güney Azərbaycan-Təbriz
Sasanilər dövlətinin özülünü Ərdəşir Papakan qoymuşdur. Ancaq deyilənlərə görə, onun babası Sasan Parsanın Parfiyaya tabe hakimlərindən olmuş, buna görə də sülalənin hakimiyyətə gəlməsini onunla bağlayaraq, dövlət "Sasanilər dövləti" adlandırılmışdır. Sasanın özü haqqında tarixdə elə bir məlumat yoxdur. Bəlli olduğu kimi aşağı-yuxarı 477 il (m.ö. 250-dən miladın 227-ci ilinədək) yaşayan Parfiya dövləti Parsanı da öz tabeliyində saxlayır, oranın hakimlərini təyin edirdi. Sasan da o hakimlərdən biri olmuş, onun yerinə keçən oğlu Ərdəşir (Ardaşir) Parfiya hakim sülaləsi Arşakların canişini idi.

II yüzilin sonlarından Parfiya tənəzzülə uğrayır. Parfiyanın tənəzzülü daxildəki çəkişmələrlə yanaşı, elat alanların hücumları ilə bağlı idi. Bunu görən romalılar Parfiyanın batı torpaqlarını işğal etdilər. Onlar ikiçayarasının (Mesopotamiya) böyük hissəsini də qoparıb öz ərazilərinə qatdılar. Dövlətin mərkəzi Ktesifon (sonralar Mədain), onsuz da, süquta uğramışdı. Belə bir durumda Parsanın canişini Ərdəşir öz hökmdarının yıxıldığını görüb ona qarşı çıxdı, daha doğrusu, yıxılana balta vurdu, Arşaklıların son nümayəndəsi V Artabanı hakimiyyətdən devirib taxt-tacı ələ keçirdi. Ktesifon-Selevkiya paytaxt olaraq qaldı. O, 227-ci ildə Ktesifonda hökmdar elan edildi (227-239). Onun oğlu I Şapurun hakimiyyəti illərində (239-272) sanki Parfiya yenidən bərpa edildi.

422 il davam edən Sasanoğulları sülaləsi - hakim xanədanı parsların bir xalq kimi təşəkkül tapmasında həlledici rol oynadı. Tarix sanki bir də təkrar edildi; Əhəmənilər kimi Sasanilər da bütün hakimiyyət qurğularında parsları yerləşdirib onları xüsusi imtiyazlı xalq-tayfa etdilər, fars şovinizmi hakim kəsildi. Ölkə-imperiya 4 böyük yerə ayrılıb, hər birinə təyin edilən hakim şah adlandırıldı. Sasanilərin hakim nümayəndəsi isə şahənşah adlanırdı.

Sasanilər dövləti sözün əsl mənasında orta çağ imperatorluğu idi, o, Midiyanın yerində yaranmış və Midiyanın ərazicə kiçildilmiş formasında idi. Midiyadan fərqli cəhəti orasında idi ki, birincidə türklər, ikincidə farslar hakim mövqedə dururdular; türklər şovinizmin nə olduğunu bilmədikləri, dövlətçiliyi əsas götürdükləri halda, parslar hakim şovinizmin prinsiplərini əsas götürürdülər.

Altıncı yüzil Sasanlı imperiyasının yüksəliş dövrü olmuşdur. Bu dövrdə yeni işğallar hesabına imperiya böyümüş, Məzdəkilər hərəkatı sonda tam qələbə çala bilməsə də imperiya Çində siyasi-ictimai və iqtisadi münasibətləri yeniləşdirmiş, maniliyin təsiri nəticəsində müəyyən təkamülə uğramış, zərdüştlük Yaxın və Orta Doğuda ən nüfuzlu dinə çevrilərək həm də Sasanlıların dövlət dini olmuşdur. Bəlli olduğu kimi, zərdüştlük hələ Sasanlıların ilk hökmdarlarından olan I Şapurun tərəfindən dövlət dini elan edilmişdir. Ancaq imperiyada başqa dinlər və dini təlimlər - buddizm, manilik, şamançılıq, xristianlıq və onun nestorian, pravoslav qolları, sabilik, yəhudilik və başqaları geniş yayılmış, bunlar arasında daim kəskin münaqişələr olmuşdur. Altıncı yüzildə isə zərdüştlük tam hakim kəsilmiş, onun mübarizəsi əsasən xristianlığa qarşı yönəlmişdi.

I Qubadın hakimiyyəti illərində imperatorluq güclənməyə başlamış (o, iki dəfə hakimiyyətə gəlmişdir: 488-496, 498-531-ci illər), I Xosrov Nuşirəvan (Ənuşirəvan) (hakimiyyət illəri: 531-579), IV Hürmüz (579-590), II Xosrov Pərviz (591-628) zamanlarında qüdrətinin və yırtıcılığının, qaniçənliyinin ən yüksək təpəsinə qalxmışdır.

Fars şovinizminin qidalandığı əsas qaynaqlardan birisi sonralar saxtalaşdırılan, əfsanə və miflərlə bəzədilərək mifləşdirilən bu göstərdiyimiz tarixdir. Fars şovinistləri böyük lovğalıqla döşlərinə döyərək deyirlər: "Bizim damarlarımızda Ənuşirəvan (Nuşirəvan) qanı axır".

Bir az sonra Qubadın, Ənuşirəvanın və Xosrov Pərvizin əsl kimliklərini görəcəyik, hələlik indi II Xosrov Pərvizin ölümündən sonrakı Sasanlıların durumuna ötərgi göz yetirək.

II Xosrovun Bizansla ara-sıra 25 il davam edən müharibəsi bizanslıların qələbəsi ilə bitdi. Bizanslılar II Xosrovu öz oğluna öldürtdülər. 628-632-ci illərdə - dörd il içində Sasan imperatorluğunda 10 (on) "şahənşah" hakimiyyətə gəlib-getdi. İmperatorluğa daxil olan ölkələr və xalqlar yıpradıldı. Orta Asiyada Ceyhun çayından tutmuş Fəratın sağ sahilinədək, Dərbənddən Ümman dənizinədək böyük bir ərazidə yerləşən ölkələr, o cümlədən Türküstan, Azərbaycan, Xorasan, Azərbaycan İraqı, Ərəb İraqı, Parsa və başqaları xarabalıqlara çevrildi, şərəfsiz Sasanlı hakimiyyəti bu ölkələrin xalqlarını ara müharibələrində (iç savaşlarda) bir-birinə qırdırdı, zülm və istibdad insanların güc və inamını yoxa çıxardı. Elə buna görə də 634-637-ci illərdə Ərəbistan yarımadasından yenicə dışarıya çıxan ərəblər özlərindən 4-5 qat artıq olan sasanlı ordularını Buveybə və Qadisiyyə döyüşlərində darmadağın etdilər, 641-642-ci il Nəhavənd döyüşündə imperatorluğun birləşmiş ordularını məhv edib 649-650-cı illərdə Ceyhun çayının sahilinə yetişdilər. Sasanlıların sonuncu imperatoru III Yezdigərdi Mərvdə 651-ci ildə yaxalayıb öldürdülər. Bununla da qanlı sasanlı imperatorluğuna son qoyuldu. Ancaq xalqlar azad olmadı. İmperatorluğun torpaqları və xalqları yeni bir qanlı imperiyanın - ərəb xilafətinin cənginə keçdi. Yeni bir dinlə - islam dini ilə silahlanmış və böyük hərbi qələbələr qazanmış ərəb şovinizminin qarşısında pars şovinizmi məğlub oldu.

Əbülfəz Elçibəy
Bu xəbər oxucular tərəfindən 1714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed