Şrift:
Reklam daşıyıcılarında Azərbaycan dilinin saflığının qorunması, düzgün tətbiqi, ədəbi dil normalarına riayət olunması müzakirə olunub
31.01.2022 [11:06] - Gündəm, Sosial
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və mərkəzin direktor müavini dosent Gülarə Əmirova ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Bakı Şəhəri Reklam İdarəsinin rəisi Mehdi Ağayev arasında görüş keçirilib.

ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsindən bildirilib ki, görüşdə mərkəz tərəfindən aparılacaq monitorinqlər, o cümlədən açıq məkandakı reklam daşıyıcılarında Azərbaycan dilinin saflığının qorunması, Azərbaycan dilinin düzgün tətbiqi, Azərbaycan ədəbi dil normalarına riayət olunması, reklamların yerləşdiriliməsinə verilən tələblər, sosial reklamlar və s. kimi məsələlər müzakirə olunub.

Bakı Şəhəri Reklam İdarəsinin rəisi Mehdi Ağayev agentliyin təşəbbüsü ilə yaradılan Bakı Şəhər İcra Hakimiyyəti, Nəsimi adına Dilçilik İnstitutu, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarından ibarət komissiyanın fəaliyyətini yüksək qiymətləndirib, Bakı şəhərindəki binaların üzərindəki fasad reklamlarının standartlarının müəyyənləşdirilməsi, eləcə də dövlət dili ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib, bu sahədəki mövcud problemlər haqqında ətraflı məlumat verib.

Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Azərbaycan dilinin düzgün tətbiqi və saflığının qorunması istiqamətində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi ilə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini qeyd edərək, mərkəz tərəfindən açıq məkandakı reklam daşıyıcılarının mətnləri üzərində aparılacaq monitorinqin əhəmiyyətini xüsusi vurğulayıb. O, eləcə də Azərbaycan dilini qorumaq üçün ictimai qınağın vacibliyini, ana dilini sevən hər bir azərbaycanlının bu işdə yaxından iştirakının vacibliyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin açıq məkan reklamları ilə bağlı fəaliyyətin daha da səmərəli təşkil edilməsi və bu sahədə təxirəsalınmaz tədbirlərin icrası məsələləri də müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed