Şrift:
Yalançı çərşənbə – ilaxır çərşənbələrə mesaj
15.02.2022 [10:11] - Gündəm, Mədəniyyət
Düşünəndə ki, yeni bir fəslin – yaz fəslinin başlanması yeni bir təqvim ilinin başlanğıcı kimi də anılan Novruz bayramının təmtərağı bir və ya bir neçə günlə məhdudlaşmır, onda məsələyə daha geniş rakursdan yanaşmaq zərurəti ortaya çıxır.

Görkəmli folklorşünasımız Məmmədhüseyn Təhmasib məhz bu kimi amillərə nəzərən yazırdı: “Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim azərbaycanlı əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üsgü”, ikinci üçünə “doğru üsgü”, sonuncusuna isə “ilin axır çərşənbəsi” deyirdi. Bu çərşənbələrin hərəsinin özünə görə adət və ənənələri, rüsumat və dəbləri var idi. Tədqiqatdan görünür ki, bütün bu adət və dəblər qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunların indi qismən unudulmuş, qismən də başqa təsirlər nəticəsi olaraq qarışmış qalıqlarından ibarətdir. Bu sehr və əfsunlar vasitəsilə qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq onu elliklə yola salır, yeni ili, yəni yazın ilk gününü isə elliklə bayram edir”.

Göründüyü kimi, Novruz bayramı özündən əvvəlki yeddi çərşənbənin də bayram edilməsini öz əhatə dairəsinə almaqla böyük bir mərasim kompleksinə malikdir. Deməli, Novruzu bir bayram kimi özünəqədərki ilaxır çərşənbə bayramlarından təcrid edilmiş şəkildə araşdırmaq olmaz.

Bu fikirlər AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Yalançı çərşənbə – ilaxır çərşənbələrə mesaj” başlıqlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Hazırda bu çərşənbələrdən yuxarıda “doğru üsgü” adı ilə qeyd edilən üç çərşənbə və bir də ilin axır çərşənbəsi öz mərasimi aktuallığını qoruyub bayram şəklində el arasında sürdürməkdədir. Bir də bəzi bölgələrdə yerdə qalan “oğru üsgü” adlandırılan üç çərşənbədən biri ümumiləşdirilmiş halda “yalançı çərşənbə” adı altında zəif şəkildə keçirilir. Əgər “doğru üsgü” ifadəsini doğruçu – həqiqi çərşənbələr kimi qəbul edib hazırda böyük təmtəraqla keçirdiyimiz su, od, yel və torpaq çərşənbələri olduğunu nəzərə alsaq, onda “oğru üsgü” istilahının da doğrunun əks qütbü olan yalan, yalançı kəlməsi ilə əvəz olunduğu qənaətinə gələrik. Belə olan təqdirdə, Cəbrayıl rayonunda və bəzi bölgələrdə ilaxır çərşənbələr olan dörd çərşənbədən əvvəl beşinci çərşənbə olan və el arasında “yalançı çərşənbə” kimi tanınan, zəif, odu-ocağı çox da gur olmayan tonqalların qalanması ilə ötəri adı anılan çərşənbənin də ümumilikdə “oğru üsgü” – yalançı çərşənbələr hesab olunan üç çərşənbənin ümumiləşmiş rəmzi olduğunu deyə bilərik. Deməli, üç “oğru üsgü”nün – üç yalançı çərşənbənin ümumiləşmiş forması “yalançı çərşənbə”də öz əksini tapdığı kimi, üç “doğru üsgü” – doğruçu çərşənbənin də ümumiləşmiş yekun aktı sonuncu ilaxır çərşənbə bayramında təcəssüm olunur.

Doğruçu çərşənbə hesab olunan 4 çərşənbədən əvvəl Cəbrayıl rayonunda və eləcə də ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur. Hələ M.H.Təhmasibin dediklərinə istinad eləsək, onun “oğru üsgü” adı altında qeyd etdiyi oğru (yalançı) çərşənbənin sayı üç olmuşdur. Buradaca əlavə edək ki, Əhməd bəy Ağaoğlunun da bu haqda belə bir qeydi var: “21 martın gəlişindən (Novruz günündən) öncəki altı həftə boyunca hər çərşənbə axşamı saraylarda böyük şamlar yandırılır”. Belə olan təqdirdə ilk Yalançı çərşənbədən son Doğruçu çərşənbəyə – yəni ilin Novruzdan qabaqkı axırıncı çərşənbəsinə qədər olan müddət 42 günü (yuvarlaq rəqəmlə götürsək, 40 günü) əhatə edir. Altı həftəlik müddətə isə bu həftələrin o başının da, bu başının da – yəni başlanğıc sərhədi ilə qurtarma sərhədinin çərşənbə axşamı ilə başlanıb qurtarmasını hesaba aldıqda, yeddi çərşənbəni əhatə etdiyi aydın olur. Çərşənbə anlayışının bir adının da, bir mənasının da çilə olduğunu nəzərə alsaq, çilə ifadəsinin də qırx demək olduğunu yada salsaq, burada üst-üstə düşən eyniliklərin bir-birlərini təsdiqlədiklərini də aydın görərik.

Novruz bayramının həm də yaz gecə-gündüz bərabərliyi olmaqla dünyanın – təbiətin, kainatın tarazlıq halı olduğunu düşünəndə, elə həm də mifoloji baxışda nizamlı dünyanın – kosmosun bərpası olduğu aydın olur. Belə olan halda Novruz bayramının gəldiyi fəsil olan yaz özlüyündə kosmosu (nizamlı dünya modelini), onun əks fəsli – qış fəsli isə ölgün siması ilə, donuqluğu, məhvedici sazağı-şaxtası ilə antikosmosu (xaosu, nizamsız dünyanı) işarələyir. Elə bu prinsipdən götürdükdə, Novruzqabağı çərşənbələrin yalançı və doğruçu olmaqla iki qismə ayrılmaları da onu göstərir ki, onlardan biri özlüyündə yalan dünyanı (xaosu) və digəri isə doğru – nizamlı dünyanı (kosmosu) özlüklərində simvollaşdırır.

Yalançı çərşənbə öz gəlişi ilə insanlara bir daha xaosu bildirmək, xaosda olduqlarını xatırlatmaq hissi təlqin edir, bununla həm də xaosdan çıxış anının yetişdiyini, insanlara özlərində kosmosa – nizamlı dünyaya aparacaq doğruçu çərşənbələrə hazırlanmaq, səfərbər olunmaq gücü toplamaq duyğusu aşılayır. Yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır. Yalançı çərşənbə doğruçu çərşənbənin gələcəyinə xəbərdaredici siqnal verir. Xaotik aləmdən nizamlı dünyaya keçid üçün mesaj verir. Çünki bu, həm də elə bir zaman aralığıdır ki, artıq donuq qış fəslinin təbiətə qədəm basmasından da təxminən qırx günlük (ondan bir az artıq) müddət ötmüşdür. Xalqımız isə “yaman günün ömrü az olar” deyib. Məhz bu yaman gün – təxminən qırx gün artıq geridə qalmışdır. Deməli, qırx gündür ki, təbiət də, insanlar da xaotik bir durumda qalmışdır. Bu xaotik vəziyyətdə qalmaq isə (yaman gündə qalmaq isə) çox davam edə bilməz. Əgər çox davam edərsə, kainatın nizamı pozular, dünya məhvərindən qopub çıxar, kosmik dünyanın ahəngi pozulmuş olar. Məhz sosial sferada sabitliyi bərpa etmək üçün hansısa bir oyanma hissi baş qaldırmalıdır. Bu oyanma isə birdən-birə yox, təbii tədrici proses kimi baş verməlidir. Bunun üçün də təhtəlşüurda ilkin hərəkət mexanizmi işə düşür, Yalançı çərşənbə ayinləri bu mexanizmi hərəkətə gətirir.

Bəs bu, necə olur? Bunun üçün doğruçu çərşənbələr hesab olunan, təbiəti və cəmiyyəti nizamlı dünyanın bərpasına yönəldən dörd ilaxır çərşənbəsinin şənlik dolu hay-küyçü təmtərağından fərqli olaraq, Yalançı çərşənbə başını aşağı salıb sakit tərzdə öz işini içindən görməyə başlayır. Beləliklə, Yalançı çərşənbələrin gəlişi cəmiyyətdə öz içindən enerji, güc toplamaq ovqatı, daxilən qarşıdakı çarpışmalara özündə güc, inam tapmağa hazırlıq əhvalı formalaşdırır. Belə ki, Yalançı çərşənbə alatoran vaxtı, gün batar-batmaz vədəsində ayrı-ayrı həyətlərdə odu-ocağı gur olmayan tonqalların yandırılması ilə müşayiət olunur. Bu zaman adamlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd ilaxır çərşənbələrdə (doğruçu çərşənbələrdə) olduğu kimi evlərdə xüsusi olaraq biş-düş də hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini – bununla da, Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir. Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu və bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adından ifadə olunan mənanı özündə daşıdığını göstərir.

Bəli, yalan olmasa doğru üzə çıxmaz. Yalan doğrunun əks qütbü, aldanış tərəfidir. Başqa sözlə, yalan həqiqətin astar üzüdür. Bu mənada Yalançı çərşənbə xaos dünyasının ritmik hərəkətdə olan zahiri simasının görüntüsüdür. Yalançı (xaos) simanın görünməsi həm də yalanın ifşasıdır. Yalanın üzə çıxması isə mahiyyətdə həqiqətin, gerçəkliyin ortaya çıxmasına səbəb olan amildir. Qış yolkasının da süni bəzək-düzək vurulması, zərlərlə haşiyələnməsi ilə zahiri təmtəraq kəsb edib gözləri oxşaması, üzdə, zahiri qatda yalançı, aldadıcı xoş görüntü yaratmaq əhval-ruhiyyəsi də əslində xaosu təmsil edən qışın əzizlənməsini ifadə etməklə yanaşı, elə həm də qışın antikosmosu işarə etdiyini göstərir. Yalançı çərşənbə də xaosu təmsil edən qış dünyasının – qış fəslinin simasını cəmiyyətdə diqqət mərkəzində canlandırmaqla nizamlı dünyanın təmsilçisi olan Yazın gəlişinə zəmin yaradacaq doğruçu çərşənbələrə keçid funksiyasını yerinə yetirir. Od, ocaq, işıq xalqımızın təfəkküründə həmişə və hər yerdə müqəddəs tutulub. Yalançı çərşənbə tonqalı da xaosdan kosmosa (yalançı, qarmaqarışıq dünyadan nizamlı dünyaya) düşən müqəddəs işığı əks etdirir.
Bu xəbər oxucular tərəfindən 279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed