Şrift:
Türkiyənin Hatay Mustafa Kamal Universitetində Xocalı soyqırımı qurbanları anılıb
18.02.2022 [10:21] - Xəbərlər, Sosial
Türkiyədə fəaliyyət göstərən Hatay Mustafa Kamal Universitetində (HMKU) Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunub.

Hatay Mustafa Kamal Universitetinin nəzdindəki Türk Dünyası Araşdırmaları Cəmiyyəti tərəfindən təşkil olunan mərasimdə HMKU-nun professor, müəllim və tələbə heyəti, iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Açılış mərasimində Hatay Mustafa Kamal Universitetinin rektoru professor Hasan Kaya və Türk Dünyası Araşdırmaları Cəmiyyətinin sədri Batuhan Akpınar çıxış ediblər.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan rektor professor Hasan Kaya şəhidlərimizə Allahdan rəhmət diləyərək, tarixi Qarabağ zəfərinin Türkiyədə yaratdığı yüksək-əhval ruhiyyənin əbədiyyətə qədər qorunacağına əmniliyini ifadə edib. Rektor bildirib ki, ermənilərin törətdiyi Xocalı soyqırımı XX əsrdə insanlığın üz qarasıdır.

Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Daha sonra Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov, Ehtiyatda olan türkiyəli general Yücel Karauz və dosent Əsma Özdaşlı Xocalı soyqırımının səbəb və məqsədləri barədə müfəssəl məlumat veriblər.

Çıxışına Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadəsi ilə başlayan diplomat Elxan Zeynalov Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı məlum Sərəncamın qarşıya qoyduğu məqsədlərdən, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərdən bəhs edib.

Erməni faşizminin bütün istiqamətlərdəki fəaliyyətləri, Azərbaycan və Türkiyəyə qarşı törədilən bəşəri cinayətlər, soyqırımı və deportasiyalar barədə müfəssəl məlumat verən general Yücel Karauz xatırladıb ki, keçmiş SSRİ dövründə Azərbaycan xalqının tarixi məqsədyönlü şəkildə unutdurulub, erməni cəlladların törətdikləri cinayətlərin izini itirməyə çalışıblar. Lakin Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəni təlatümlərdən xilas edib və milli dövlət quruculuğu sahəsində əsaslı addımlar atıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı məlum Fərman əsasında 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi təsis etməsi xalqın qan yaddaşını oyadıb, tarixi həqiqətlərin üzə çıxarılması üçün dövlət strategiyası müəyyən edilib.

Dosent Əsma Özdaşlının çıxışı Ermənistan dövlətinin yaradılması, ermənilərin bu bölgəyə köçürülməsi, süni məskunlaşdırmanın siyasi məqsədləri, Xocalı soyqırımının acı nəticələrini əhatə edib.

Ülkü Ocaqları Hatay vilayət təşkilatının sədri Alihan Döner Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu ifadə edərək mərasimdə qatılanlara təşəkkürünü ifadə edib və Xocalı soyqırımını törədən vandalların heç zaman bağışlanmayacağını bildirib.

Çıxışlarda 44 günülük Vətən savaşının nəticələrinə geniş yer ayrılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun qazandığı qələbə Azərbaycan və Türkiyənin milli birliyinin real nəticəsi kimi dəyərləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə siyasi iradəsi ilə gerçəkləşən beynəlxalq layihələrin ölkələrimiz və xalqlarımız üçün faydalılığından bəhs olunub. Diqqətə çatdırılıb ki, Qarabağ Zəfərinin yaratdığı yeni geosiyasi reallıq Azərbaycan və Türkiyənin regional proseslərə təsir gücünü dəfələrlə artırıb.
Bu xəbər oxucular tərəfindən 271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed