Şrift:
Yel çərşənbəsi - saf ruha yiyələnməyə çağırış
08.03.2022 [11:59] - Xəbərlər, Mədəniyyət
Tədqiqatçıların ilaxır çərşənbələrin üçüncüsü hesab etdikləri Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Yel çərşənbəsi haqqında qeydlərini təqdim edirik.

Açması külək olan “əl ilə tutmaq olmaz, göz ilə görmək olmaz” tapmacasının özək qatında yelin, havanın gücünə işarə olunur, onun gözəgörünməz, ələkeçməz, sirli-sehrli ünsür olduğu vurğulanır. “İgidlik ondur, doqquzu qaçıb canını qurtarmaqdır, biri isə heç gözə görünməməkdir” deyimində də gözəgörünməz və həm də ələkeçməz, tutula bilməyən əlamətə malik olmağın bir igidlik, bir igid kimi güc göstəricilik funksiyası daşıması aydın görünür. Bu xüsusiyyət düşmənə qarşı döyüşən kəşfiyyatçının simasında özünü daha çox doğruldur. Müharibədə kəşfiyyat dəstələrinin, əks-kəşfiyyatın əsas sarsıdıcı güc olması da mühüm şərtlərdən sayılır. Elə yaz fəslinin gəlişini qabaqcadan işarələyən ilaxır çərşənbələrin mahiyyətində də ölgün təbiətli qış fəsli ilə mübarizə zəminində yeni həyatı – yenidən dirilməni canlandırmaq motivi dayanır. Havanın yaradıcılıq stixiyasını öz üzərinə götürən, el arasında yel, külək çərşənbəsi və s. adlarla tanınan çərşənbənin bu sırada məxsusi yeri var.

Xalq arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə”, “küləkli çərşənbə”, Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” adları ilə tanınan Yel çərşənbəsinin səciyyəvi xüsusiyyətlərindən mərhum professor Azad Nəbiyev belə söhbət açırdı: “Əski etiqadlara görə, bu çərşənbədə oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin özünün təmizlənməsi kimi qəbul edilir.

Əski etiqadlara görə, torpaq altda – “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq əvvəlcə təmizlənir, sonra isə müxtəlif libaslarda özünü göstərir. Libasların adı ilə onların özünün xarakteri arasında da bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik deyimi xüsusi məna daşıyır. Belə ki, türk mifologiyasında Ağ yel – ağ libasda, Qara yel – qara libasda, Xəzri – göy libasda, Gilavar – qırmızı libasda təsəvvür edilir”.

Göründüyü kimi, küləyin gün ərzində bir neçə dəfə dəyişməsi, isti və soyuq şəkillərə düşməsi və s. əslində onun kəşfiyyata çıxmış obrazını – suyu, odu, həmçinin torpağı hərəkətə gətirmək kimi misilsiz gücünü ifadə edir. Təbiətdə əsən yelin gücü ilə külək enerjisinin alınması faktı da bir daha yelin (havanın) dörd yaradılış elementindən biri olmaqla, həm də onun enerji – istilik, güc mənbəyi olduğunu (yaradıcı stixiyasını) göstərir. Mifik məzmunun real həyati çalarda təzahürünü ortaya qoyur. Küləklərin mifik rəng göstəricilərində ifadə olunması isə yelin, küləyin (havanın) mahiyyətində dayanan kosmos (Ağ yel) və antikosmos (Qara yel) qoşalığının olmasından xəbər verir. Qara libasda olan Qara yel və ağ libasda Ağ yel qarşıdurmasında biri qışı və digəri yazı (Novruzu) təmsil etməklə bunların hər ikisi arasında gedən mübarizəni təcəssüm etdirir. Od çərşənbəsindəki od (ünsürü) dünyanı yandırmadığı kimi, məhv etmədiyi kimi, Yel çərşənbəsində də yel öz dağıdıcı qasırğasını bir kənara qoyub, xeyirxahlıq iradəsini (yaradıcılıq missiyasını) diktə etdirir. Bununla da, xaosdan çıxış missiyasını ifadə edən mərasimi keyfiyyətini təbii proses kimi reallaşdırır.

Azərbaycan mifoloji mətnlərində Yelin xeyirxah obrazına nümunələr çoxdur. Bu mətnlərə görə, dünyada küləyin ixtiyarı Yel babanın əlindədir. Xırman sovuranda camaat Yel babanı köməyə çağırıb deyər: Yel baba, gəl, atına saman apar. Yel baba da gəlib xırmanı sovurar. Dən qalar adamlara, samanı da Yel baba aparar öz atına.

Bu mətnlərlə səsləşən bir tapmaca da var:

Ələk olar, vələk olar,

Xırmanlarda gərək olar.

Cavabı külək olan bu tapmacada Yel babanın gəlib xırmanı sovurub insanlara kömək etməsi inamının izləri müşahidə olunur. Küləyin (havanın) antropomorflaşmış obrazı olan Yel babanın burada insanlara himayədarlığı – taxılını sovurub dəni adamlara verməsi ilə maddi yardımçı olması göstərilir. Dən – taxıl yaşayış stimulu verən ərzağı, insanlara acından ölməmək üçün qida, ruzi ilə təmin etmək gücü verir. Bu gücü isə yel, külək (hava) – Yel baba bəxş edir. Bu da acından ölməkdə olan və xilası, yeni həyat tapması üçün haraya çağırılan hava ünsürünün (Yel babanın) yaradıcı gücünü – yaradıcılıq stixiyasını ifadə edir. Su, od və torpaqla yanaşı, dördüncü yaradıcı element kimi havanın (yelin, küləyin) varlığını özündə inikas edir. Bu, həm də qış azuqəsinin tükəndiyi bir məqama təsadüf etməklə həyat, yaşayış üçün zəruri olan ərzaq amilinin təmin olunmasında Yel babanın (yelin, havanın) mühüm rol oynayacağına inamı əks etdirir. Xalqımızın Yel baba ilə əlaqəli söylədiyi inanc nümunələrində də onun bu kimi əlamətlərinə işarələr əks olunur:

* Yel baba xırmana gəlməmişdən öncə oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər.

* Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar.

* Taxıl sovrulanda Yel baba əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk bağlayarlar, onda Yel baba insafa gəlib yavaş əsər.

* Taxıl döyüləndə yel boğanağı qalxarsa, qızlar: – gəlmə, gəlmə, sənə gedərəm, – deyərlər.

Bu tipli inanclarda yelin taxılla – ərzaqla bağlı mühüm funksiyasının olduğu diqqətə çatdırılır, yaşayış, dirilik üçün zəruri olan qida (çörək) bolluğunda yelin köməyinə ehtiyac duyulduğu ifadə olunur. Yel babadan icazəsiz (Yel baba gəlməmiş) taxıl (sovrulmamış buğda) götürənin oğlunun öləcəyinə (ölüm hadisəsi) inamla Yel babanın xeyir-duası ilə (xırman sovrulandan sonra) buğda götürənin oğlunun olması (doğulma – dirilik tapma aktı) inancı arasında görünən ziddiyyətli fərqlər də birbaşa onu göstərir ki, yel özlüyündə ikili təbiəti (xaosu və kosmosu) təmsil edir. Yelin güclü əsib işə mane olması ilə (yenə xaosu təmsil etməsi) Yel babanın insafa gəlib yavaş əsməsi (burada isə kosmos yaradıcılığına xidmət göstərməsi) arasındakı qarşıdurma da yelin ikili təbiətini xarakterizə edir. Həmçinin taxıl döyülən – sovrulan zaman qalxan yel boğanağına (güclü külək əsməsinə – dağıdıcılıq gücünə) rəğmən qızların onun könlünü alıb: gəlmə, gəlmə (yəni boğanaq dolu nəfəsinlə – külək qasırğası ilə bizə tərəf əsmə) deyib, bunun müqabilində – əsməyəcəyi halda “sənə gedərəm” (sənə ərə gələrəm) deyə vəd etmələri də yel ruhunu razı salmaqla – Yel babanın könlünü xoş etməklə həm də yel (hava) ilə insanların birbaşa kontakta girməsini əks etdirir. Bu cür inamlar insanların yel (hava) ünsürünün dağıdıcı, məhvedici xislətinin yumşaldılıb yeni həyat nəfəsi bəxş etməyə yönləndirilməsinə olan mifik baxışlarının göstəricisidir. “Yeli əsdirəni söyməzlər” tabu – inancı da elə birbaşa yel tanrısının – yel ruhunun müqəddəsliyi anlamını özündə ehtiva etməklə yelin gücünə (dağıdıcılıq və yaradıcılıq – quruculuq gücünə) olan inamın təsdiqi təzahürüdür.

Bir məqamı da burada diqqətə çatdırmaq istərdim. Sual doğa bilər ki, axı taxıl biçini tam başqa vaxta – başqa bir mövsümə (fəslə) təsadüf edir. Aydınlıq gətirib deyirəm ki, bu mövsüm mərasimi, birincisi, bizim xalqımızın dünyagörüşünün ifadəsidir. İkincisi, burada xalqımızın Yel baba (yel, külək və onun yaradıcı ünsürünün ifadəçisi olan hava) ilə bağlı mifik düşüncələrini ortaya qoyur və nəticədə Yel çərşənbəsindəki yel-hava ünsürünə olan xalq münasibətini üzə çıxarır. Başqa sözlə, Yel çərşənbəsinin rəmzini əks etdirən hava stixiyasının xalq təfəkküründəki yerinə, mövqeyinə aydınlıq gətirir. Xalqımızın havaya yaradıcı ünsür kimi mifik baxışlarına işıq salır. Nəhayət, üçüncüsü, ilaxır çərşənbədə, eləcə də Novruzun özündə Yel baba ilə bağlı söylənən nəğmələr, icra edilən ayinlər təqlidi xarakterdə olub, təqlidi mərasim aktını əks etdirir. Yəni Novruzqabağı çərşənbələrdə həyata keçirilən ayin-mərasimlər ümumilikdə təqlidçi xarakterdə olub, xalqın həyata baxışını işarələyir, bu təqlidi mərasimlərlə təbiət qüvvələrinə təsir edəcəkləri inamını əks etdirir.

Qeyd edim ki, xalqımızın yelə inancını əks etdirən bir sıra folklor örnəkləri mövcuddur. Hətta soydaşlarımızın yaşadığı Gürcüstandakı Bolnisi rayonunun Kəpənəkçi kəndi yaxınlığında Yel dağı adlı ziyarətgah var. Müqəddəs sayılan Yel dağına ürəklərində arzu, dilək tutub nəzir-niyaz edir, qurban gətirib kəsirlər. Yaxın ərazidə yaşayan qonşu xalqların əhalisindən də bura gələnlər olur. İnanırlar ki, Yel dağı (insaniləşmiş Yel baba obrazı) kimin nəzirini, qurbanını qəbul edərsə, həmin şəxs arzusuna çatacaq. Yel dağına nəzir gətirilməsi, qurban deyilməsi, and içilməsi bir daha təsdiq edir ki, xalqımızın yelin, küləyin (havanın) yaradıcı gücünə, ilahi bəxşedicilik missiyasına inamı mifik çağlardan qaynaqlanır.

İlaxır çərşənbələrinin hamısında olduğu kimi, Yel çərşənbəsində də adət-ənənə kimi qapı-bacaların açıq olması həm özümüzün özümüzlə, həm də özümüzün – dirilər dünyasının ruhlar dünyasına təmas xəttinə girmə imkanını simvolizə edir. Ruhların qapı-bacada gəzib-dolaşması və xeyir-dualarının üstümüzdə olması kimi düşüncəsini özündə ehtiva edir.

Beləliklə, Yel çərşənbəsinin əsas ünsürü olan Yel – hava, nəfəs bizi mənəvi cəhətdən sağlam ab-havaya köklənməyə, saf ruha yiyələnməyə çağırışdır. Çünki Yel özü ruhun ifadəsidir. Təmiz ruh daşıyıcısı olub özümüzü ruhən təmizləməyimizin bayramıdır Yel çərşənbəsi.

Yel çərşənbəsi ruhumuzun, nəfəsimizin, ab-havamızın yenilənməsi, təmizlənməsi, arınıb durulması bayramıdır.
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed