Şrift:
Ay Yel baba, Yel baba, saman sənin, dən mənim... Yel çərşənbəsində İsmayıllıdan reportaj
08.03.2022 [12:07] - Xəbərlər, Mədəniyyət
Bu gün ölkəmizdə Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsi qeyd edilir. Yazın gəlişi ilə təbiət oyanır, həyat canlanır. Xalqımızın ən qədin bayramlarından olan Novruzun bu fəsildə qeyd olunması təsadüfi deyil. Baharın gəlişindən bizi ilk xəbərdar edən məhz çərşənbələrdir. Bu çərşənbələrin sayı dörd olsa da, deyimlərə görə, 7 çərşənbə var. Bunlardan üçü Oğru, dördü isə Doğru çərşənbədir. Oğru çərşənbələr həm də yalançı çərşənbə adlanır.

Yel çərşənbəsinə həsr olunmuş reportajını təqdim edirik.

Doğru çərşənbələrdən sayca üçüncüsü Yel (külək) çərşənbəsidir. Su və Od çərşənbələrindən sonra sıra Küləyə çatır. Yel çərşənbəsində insanlar sübh tezdən çayın qırağına gedər, söyüd ağacının altında niyyət edərlərmiş. Əgər külək əsib, ağacın budaqlarını yerə vursa, yaxın vaxtlarda həmin adamın arzusu çin olacaqmış.

Folklorşünas Dadaş Əliyev bu barədə danışarkən deyir: “Odla birlikdə yel də mənəvi-ruhi başlanğıc hesab edilir. Yel canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Mərasim nəğmələrində deyilir ki, “üçü bizə yağıdı, üçü cənnət bağıdır”. Bu nə anlama gəlir? “Üçü bizə yağıdı”, yəni qış, “üçü cənnət bağıdı” deyəndə isə bahar nəzərdə tutulur.

Dadaş Əliyevin sözlərinə görə, hər çərşənbə özü ilə təbiətimizə bir canlanma, bir dirilmə gətirir. Novruz bayramı yaxınlaşdıqca insanların qəlbində çərşənbələrə hazırlıq, arzu-istək də artır. Bu çərşənbələrin hərəsinin bir ünsürlə bağlanması, əslində təbiətdə olan o canlanmanın, dirilmə prosesinin mərhələləri sayılır.

Su çərşənbəsindən sonra buzların əriməsini, suların artmasını, Od çərşənbəsində havanın isinməsini, təbiətin canlanmasını hiss etmək olursa, Yel çərşənbəsində torpağın, ağacların, bütün bitkilərin oyanmasının şahidi oluruq. Əsən küləklərdən sonra toxumlar oyanmağa başlayır. Ağacların budaqları tərpənir, bir növ yel torpağın ruhunu oyadır ki, artıq yaz gəlib. Bu baxımdan Yel çərşənbəsi xalqımızın inancında xüsusi yer tutur.

Folklorşünas deyir ki, Yel çərşənbəsi ilə bağlı xalq arasında ayrıca deyimlər var. “Rəvayətə görə, Yel baba ilə Əkinçi baba qardaş olub. Əkinçi baba torpağı şumlayar, taxılını əkər, sonra onu biçərmiş, amma sünbüldən dəni ayıra bilməzmiş. Bunun üçün Yel babanın köməyinə ehtiyac duyarmış. Ona görə də Yel baba üçün nəğmə də oxuyardılar:

“Ay Yel baba, Yel baba,

Saman sənin, dən mənim”.

Əkinçi baba dəni özünə götürüb, samanı Yelə verəcəyini deyəndə, Yel küsüb əsməzdi. Yel baba Əkinçidən inciyib gedərmiş. Yelin getməsini görən kəndlilər “yaxamız əldə qaldı, taxılımız yerdə qaldı” deyərək, nəğmə oxuyarlarmış. Onda Yel babanın rəhmi gələrdi, qayıdıb insanlara kömək edərdi. Yaxud, başqa bir rəvayətə görə, Əkinçi bir gün Allaha yalvarır ki, “sən mənə Günəş, Torpaq, Su ver, bol taxılım olsun”. Amma Yel yadından çıxır. Ay keçir, il ötür, Əkinçi baba taxılını biçmək üçün tarlaya üz tutur. Sünbüllərin içində dəni görməyən Əkinçi baba başa düşür ki, bol məhsul üçün Torpaq, Su, Günəşlə bərabər, Yel də lazımdır.

Bu çərşənbədə tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar Axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə İlaxır - Torpaq çərşənbəsi qeyd ediləcək. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Bu xəbər oxucular tərəfindən 949 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed