Şrift:
İngilis dilinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb
30.03.2022 [10:23] - Xəbərlər, Mədəniyyət
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ABŞ səfirliyinin region üzrə ingilis dili müşaviri DİM, Təhsil Nazirliyi və Təhsil İnstitutunun nümayəndələri ilə görüşüb. Görüş DİM-in inzibati binasında baş tutub.

DİM-dən bildirilib ki, ABŞ səfirliyinin region üzrə ingilis dili müşaviri Lottie Baker ilə keçirilən görüşdə Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi və Təhsil İnstitutunun nümayəndələri ölkədə ingilis dilinin tədrisi və qiymətləndirilməsi, ingilis dili dərslikləri və qiymətləndirmə vəsaitləri, müəllim hazırlığı və s. mövzuları müzakirə ediblər.

Görüşdə DİM tərəfindən ABŞ səfirliyinin ELS (English Language Specialist – ingilis dili mütəxəssisi) proqramı çərçivəsində həyata keçirilən “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” və “Xarici dil üzrə fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihələrinin əhəmiyyəti, onların nəticələri və atılacaq növbəti addımlar barədə geniş fikir mübadiləsi də aparılıb.

Xatırladaq ki, Təhsil İnstitutu “Xarici dil üzrə fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsində DİM-in tərəfdaşı olub. Dörd mərhələdə həyata keçirilən layihənin təlim və konsultativ görüşlərində DİM, Təhsil Nazirliyi və Təhsil İnstitutunun ingilis dili mütəxəssisləri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed