Şrift:
Qubada “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans işə başlayıb
30.03.2022 [10:24] - Xəbərlər, Sosial
Martın 30-da Qubada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans işə başlayıb.

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

Sonra “Quba Palace Hotel”ində elmi-praktiki konfrans işə başlayıb. Konfransın sonunda iştirakçılar adından bəyanat qəbul olunacaq.
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed