Şrift:
Buraxılış imtahanlarının nəticələrinə dair Apellyasiya Komissiyasına müraciətlərin qəbulu bu gün yekunlaşır
06.04.2022 [10:34] - Gündəm, Bildiriş
Martın 5-da buraxılış imtahanı vermiş XI sinif şagirdlərinin Apellyasiya Komissiyasına müraciətlərinin qəbulu bu gün yekunlaşır. İmtahan nəticələri aprelin 1-də elan olunub və Dövlət İmtahan Mərkəzinin (DİM) saytına yerləşdirilib.

DİM-dən bildirilib ki, aprelin 6-sı saat 09:15-ə olan məlumata görə, imtahan vermiş 47 min 213 nəfərdən 34 min 965-i öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən tapşırıqlara hansı cavabı yazdığına) isə cəmi 20 min 457 nəfər baxıb. DİM şagirdlərin, onların valideynlərinin, həmçinin müəllimlərinin nəzərinə çatdırır ki, imtahan nəticələrinə, cavab vərəqlərinə və qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) şagirdə məxsus səhifədə baxmaq mümkündür.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər üçün aprelin 4-dən etibarən elektron ərizə qəbuluna başlanılıb. Lakin təcrübə göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20-25 faizi ümumiyyətlə öz cavabı ilə mümkün doğru cavabları müqayisə edib qiymətləndirmə meyarları ilə tanış olmadan komissiyaya müraciət edirlər. İmtahan iştirakçısı Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl DİM-in saytında, yuxarıda qeyd olunan müvafiq məlumatlarla öz səhifəsində tanış olmalıdır. Yalnız bundan sonra onun hər hansı müraciəti olarsa, ərizə təqdim etməlidir.

Ərizə qəbulu apelyasiya.dim.gov.az saytı vasitəsilə ödənişsiz aparılır. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Müraciət proseduru çox sadədir və bir neçə dəqiqəyə müvafiq formanı doldurmaq mümkündür.

Son günlər sosial şəbəkələrin monitorinqi göstərir ki, müəyyən şəxslər ödəniş müqabilində bu prosesi həyata keçirmək üçün elan verir və şagirdlərin yerinə ərizə doldurmağı təklif edirlər. Bəzi ərizələrə baxdıqda apellyasiyanın mahiyyətinə uyğun olmayan qeydləri müşahidə etmək mümkündür. DİM şagirdlərə bir daha tövsiyə edirik ki, ərizə formasını doldurmağı hər hansı kənar bir şəxsə həvalə etməsinlər və bu prosesi yalnız özləri həyata keçirsinlər. Sistemə bir neçə lazımi məlumatı daxil etməklə ərizə qəbulunu tamamlamaq olar.

Xatırladaq ki, apellyasiya ərizələrinin qəbulu bu gün saat 17:00-dək davam edəcək. Müraciətlərə 11 aprel 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) qaydada baxılmağa başlanılacaq.
Bu xəbər oxucular tərəfindən 4758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed