Şrift:
Şəkidə suvarmaya ciddi hazırlıq işləri görülür
06.04.2022 [10:37] - Gündəm, İqtisadiyyat
Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il Əyriçay Su Anbarının İstismarı sahəsinin sol sahil magistral kanalının sol qolunun 2000 paqonometrə qədər hissəsində dəmir-beton novlar əsaslı təmir olunub. Hazırda 1000 kubmetrlik anbarda lildən təmizləmə işləri həyata keçirilir.

Bundan başqa, su istifadəçilərinə verilən suyun itkisiz və daha səmərəli çatdırılması üçün kanallarda lildən təmizləmə işləri mütəmadi olaraq davam edir. Bu işlərin davamı olaraq bu günə qədər rayonun 7 kəndinin 6000 hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin edən, ümumi uzunluğu 28 kilometr olan Dəhnə beton kanalının 9 kilometrdən çox hissəsində əsaslı təmir işləri aparılıb. Bu il isə daha 2 kilometrdən artıq təmir işlərinin aparılması nəzərdə tutulub.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, Şəki Suvarma Sistemləri İdarəsi Şəki rayonunun 39 min hektara yaxın suvarılan torpaq sahələrinə xidmət göstərir. Əkin sahələrinin su ilə təminatı üçün 910 kilometr uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili kanallardan istifadə olunur. Bundan başqa, Şəki rayonunun 7780 hektar və Qax rayonunun 3 min hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təminatı üçün Əyriçay Su Anbarından nasoslar vasitəsi ilə su vurulur. Suvarma ümumi uzunluğu 46,555 kilometr olan kanallar və 138 hidrotexniki qurğu, o cümlədən 5 nasos stansiyası vasitəsilə həyata keçirilir. İdarə tərəfindən əhalinin suvarma və içməli suya olan tələbatını ödəyən subartezian quyularının da əsaslı və cari təmir işləri aparılır. Belə quyulardan biri də rayonun Baş Küngüt kəndində yerləşir. Bu quyu uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşmüşdü. Artıq həmin quyu əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, Şəki Suvarma Sistemləri İdarəsi rayon ərazisində yerləşən 67 min hektardan çox qış otlaqlarının su təminatını da həyata keçirir. Acınohur Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı sahəsinin ümumi uzunluğu 119 kilometr olan Acınohur təzə xəttinin 2021-ci ildə 3700 paqonometr hissəsində əsaslı təmir işləri aparılıb. Bu il xəttin 1100 metrlik hissəsində bu işlərin davamı nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 2166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed