Şrift:
Fərəc Quliyev: “Rusiyanın prosesə mane olmayacağını düşünmək sadəlövhlük olardı”
08.04.2022 [15:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan və Ermənistan arasında XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılıq əldə olunub.
Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanatında deyilir. Bəyanatda daha sonra deyilir:
“Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb”.
Qeyd edək ki, Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb. O, özünün tvitter hesabında qeyd edib ki, görüş konkret və nəzərəçarpacaq nəticələrlə məhsuldar olub. Avropa İttifaqı Şurasının prezidenti, həmçinin, gələcəkdə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək öhdəliyinə işarə edib.
Aprelin 6-da Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.

Göründüyü kimi, sülh sazişi ilə bağlı ümidverici bəyanatlar verlilir. Bu görüşdə konkret nəticələr əldə edilibsə, onda demək olarmı ki, Moskvanın bacara bilmədiyini Avroittifaq bacardı?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, buna Rusiyanın bacarmadığı yox, süni şəkildə əngəllədiyi deyək:


“Hamı bilir ki, indiyə qədər də bu məsələnin həll edilməməsinə maneçiliyi məhz Rusiya törədib. Rusiyanın edə bilmədiyi məsələ yoxdu. Ermənistan sərbəst şəkildə hansısa addımı atmaq istəyəndə Rusiya buna imkan vermir. Ayın 8-də bizim və Ermənistanın XİN rəhbərlərinin Moskvada görüşü olacaq. Orada Rusiyanın prosesə hansı maneçilik göstərəcəyini proqnozlaşdıra bilmərik. Görüşdən qabaq Putinin zəngləri də olub. Əvvəl də görüşlərdə ürəkaçan məqamlar olurdu, ancaq nəticə etibarı ilə ortada nəsə olmurdu. Paşinyan istəsə də, Rusiyanın razılığı olmadan hansısa addımı ata bilməz. Rusiya belə rahatlıqla bu məsələni Brüsselin öhdəsinə buraxmaz. Ola bilər ki, ortada hansısa razılaşmalar var. Amma bunun sonunu görmək lazımdır. Rusiya Ermənistanda olan özünə bağlı revanşist müxalifəti etiraza qaldıracaq, ya yox? Bütün bunlar Rusiyaya bağlıdır. Həmin ölkə istəsə, məsələni bir günə yoluna qoya bilər. Hesab edirəm ki, Brüssel vasitəçilikdə səmimidir. Rusiyanın prosesə mane olmayacağını düşünmək isə sadəlövhlük olardı”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed