Şrift:
ABŞ-ın Orta Qərb ştatlarında quş qripi yayılır
01.09.2022 [07:43] - Gündəm, Sağlıq
ABŞ-ın Orta Qərb ştatlarına quş qripi hakimiyyət orqanlarının gözlədiyindən tez qayıdıb.

Amerika kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, Qərbi Minnesotada iki kommersiya quş fermasında və İndianada bir quş fermasında yüksək dərəcədə patogen virus aşkar edilib.

Minnesota ştatının heyvanların sağlamlığının qorunması şurası bildirib ki, ötən istirahət günlərində Miker dairəsindəki bir fermada quşların tələfatının artması barədə məlumat daxil olandan sonra həmin fermada virus aşkar edilib. Virusun yayılmasının qarşısını almaq üçün hind toyuğu sürüsü məhv edilib. Şura nümayəndələri daha sonra bildirib ki, çərşənbə axşamı həmin dairədə ikinci sürünün yoxlanması müsbət nəticə verib.

Minnesotada quş qripi mayın 31-dən sonra ilk dəfə qeydə alınıb. İyul və avqust aylarında qərb ştatlarında, o cümlədən Kaliforniyada virusa yoluxma ilə bağlı bir neçə hadisə baş verib. Ötən həftə 6 kommersiya ferması 425 mindən çox cücəni və hind toyuğunu məhv etməli olub. Vaşinqton, Oreqon və Yuta ştatlarında da oxşar hadisələr qeydə alınıb.

Adətən köçəri quşlar vasitəsilə yayılan bu xəstəlik nadir insanlara, məsələn kənd təsərrüfatı işçilərinə də keçir. ABŞ Kənd Təsərrüfatı Nazirliyi yoluxmuş fermalardan olan ev quşlarının qida məhsullarına düşməsinə imkan vermir. 2015-ci ildə 15 ştatda quş qripinin kütləvi şəkildə yayılması nəticəsində 50 milyon quş məhv edilib. Bu isə federal hökumətə təqribən 1 milyard dollar ziyan vurub.
Bu xəbər oxucular tərəfindən 2702 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed