Şrift:
Fərəc Quliyev:Fransa belə cana yanandırsa, öncə öz daxilində olan separatçılara müstəqillik versin
21.10.2022 [07:31] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Fransa belə cana yanandırsa, öncə öz daxilində olan separatçılara müstəqillik versin, sonra Azərbaycanla bağlı fikir səsləndirsin”.

Bu sözləri Fransanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər və sərhəddəki vəziyyəti araşdırmaq üçün komissiya göndərməsi və bununla bağlı rəsmi Bakının atmalı olduğu addımları şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Fransa bölgədə heç nəyi dəyişə biləcək gücdə olan ölkə deyil:

“Fransanın mövqeyi aydındır. Onlar hər zaman qərəzli olublar. Ermənistandan hər zaman alət kimi istifadə ediblər. Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyibsə, sülh müqaviləsi bağlanmayıbsa, Fransa nəyi araşdıracaq?!

Azərbaycanın daxili işlərinə heç bir dövlət qarışa bilməz. Ermənistan öz ərazisinə hansısa dövləti çağırırsa, onun öz daxili işidir. Ancaq Azərbaycan icazə verməyəcəyi təqdirdə onlar sərhəddə heç bir addım ata bilməz. Hər şey Azərbaycanın razılığı ilə olmalıdır. Onların gəlib dayanacağı yer Azərbaycan ərazisi ola bilməz. Ermənistan ərazisində necə dayanacaqlar özləri bilərlər. Fransa olmur, kim olur olsun, əgər Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisində görsənəcəksə, bu, sərhəd pozuntusu kimi qeyd olunacaq və yəqin ki, cəzalandırılacaqlar.

Fransanın öz daxilində separatçılıq meyilləri var. Ölkə ərazisində ciddi şəkildə kataklizmlər başlamışdı. Fransa özünün daxili məsələləri ilə məşğul olsa daha yaxşı olar. Muxtariyyət vermək, azlıqlara xüsusi bir status vermək istəyirsə, daha yaxşı olar ki, bunu öz daxilində istəyənlərə versin. Ölkə prezidenti bir dəfə demişdi, mən də demək istəyirəm, başqa ölkələrdə yaşayan ermənilərə, yaxud erməni əsilli azərbaycanlılara xüsusi status və yer vermək istəyirlərsə, Fransada yer ayıra bilərlər. Bir əyalət ayırsınlar, orada da onlara müstəqillik versinlər. Fransa özünü böyük, başqalarının işinə müdaxilə edə biləcək dövlət kimi göstərə bilməz. Necə ki, Türkiyə Fransanın “ağzından vurub” Qara dənizdən, Liviyadan və başqa ölkələrdən vurub çıxarıb, biz də “ağzından vurub” qafqazlardan çıxara bilərik. Əvvəlki Azərbaycan deyilik. Azərbaycan Fransanın işlərinə qarışmadığı kimi, Fransa da Azərbaycanın işlərinə qarışa bilməz”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed