Şrift:
Bu gün daha dörd oyun keçiriləcək
26.11.2022 [11:51] - Gündəm, İdman
Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Bu gün daha dörd oyun keçiriləcək. Belə ki, matçlar C və D qruplarında II tur çərçivəsində təşkil ediləcək.

Günün ilk oyununda - D qrupunda Tunis yığması Avstraliya (saat 14:00) komandası ilə qarşılaşacaq. Fransa və Danimarka (saat 20:00) yığmaları bu qrupun digər oyununda görüşəcəklər.

Bildirək ki, Fransa 3, Danimarka 1, Tunis 1 xal toplayıb, Avstraliya isə hələlik xalsızdır.

C qrupunda isə Polşa - Səudiyyə Ərəbistan (Bakı vaxtı ilə saat 17:00), Argentina - Meksika (saat 23:00) qarşılaşması olacaq.

Bu qrupda mübarizə aparan Səudiyyə Ərəbistanı 3, Polşa 1, Meksika 1 xala malikdir, Argentinanın aktivində xal yoxdur.

Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed