Şrift:
İmmuniteti artırmağın yolları
30.11.2022 [13:05] - Gündəm, Sağlıq
Mərkəzi Gömrük Hospitalı Tibbi Laboratoriyanın həkim-immunoloqu Dr.Təranə Qonaqova “İmmuniteti artırmağın yolları” barədə suallarımızı cavablandırıb.

-Təranə həkim, immuniteti artırmaq üçün nə etmək lazımdır?

-İmmunitet və ya immun sistem orqanizmə kənardan daxil olan bakteriya, virus, göbələk və s. kimi hər hansı bir yad toxumaya, cismə qarşı mübarizə aparır. Həmçinin, köhnəlmiş hüceyrələrin məhvinə nəzarət edərək bizi onkoloji xəstəliklərdən qoruyur. İmmun sistem ana bətnində formalaşır və ekologiya, həyat tərzi və irs ilə bağlıdır. Bəzi qaydalara riayət etməklə immuniteti möhkəmləndirmək mümkündür.

Sağlam insanın kənar təsirə ehtiyacı yoxdur, sadəcə immunitetin düzgün işləməsi üçün şərait yaratmaq kifayətdir. Bu xüsusən payız və qış aylarında aktualdır. Çünki məhz bu aylarda bir çox insanların xəstəliklərə qarşı müqaviməti zəifləyir. Buna da səbəb günəş işığının azlığıdır, çünki gün işığı immunitetin təbii stimulyatoru və yaxşı əhval ruhiyyənin mənbəyidir. Pozitiv olun, hər yeni günə sevinin. Eyni zamanda, peyvəndlənməyə laqeyd yanaşmayın.
Özünüzü normal fiziki formada saxlayın. Təmiz havada gəzinti və idman orqanizmi oksigenlə zənginləşdirir, toksik maddələrin bədəndən çıxmasına səbəb olur.

Yuxu rejimi güclü immunitetin əsas şərtidir. Altı saatdan az olan gecə yuxusu immun hüceyrələri olan leykositlərın azalmasına səbəb olur, antidepressant və antioksidant sayılan melatoninin ifrazını azaldır.

-Təranə həkim, hansı qidalar bu aylarda faydalıdır?

Düzgün balanslaşdırılmış qidalar möhkəm immunitetin rəhnidir. Vitaminlərlə, mikroelementlərlə, zülallarla zəngin qidalardan istifadə etmək məsləhətdir. Leykosit hüceyrələrinin sintezini stimullaşdıran vitamin C tərkibli ərzaqlara - alma, sitrus meyvələri, giləmeyvələr, bolqar bibəri, fermentləşmiş kələm, itburnu, cəfəri, şüyüd və s.aiddir.

Vitamin D immun sisteminin stimullaşdırılmasında əsas rol oynayır. Vitamin D defisiti zamanı T-hüceyrələri yetərincə aktivləşmir və bu səbəbdən patogen mikroorqanizmlar vaxtında aşkar olunmadığı üçün xəstəliyin uzun sürməsinə səbəb olur. Yumurtanın sarısı, kərə yağı, dəniz məhsulları, çərəzlər bu vitaminin təbii mənbəyidir.

Vitamin A burun və sinusların selikli qişasının membranlarının bütövlüyünü təmin edir. Leykositlərin faqositar aktivliyini çoxaldaraq baryer funksiyasını təmin edir və bununla immunitetə təsir göstərir. Balıq yağı, qara və qırmızı kürü, yumurta sarısı, kərə yağı, qara ciyər, tərəvəzlərdən bolqar bibəri, kök, brokkoli, kərəviz kimilər vitamin A mənbəyidir.

Minerallardan vacib olan Sink T-hüceyrələri aktivləşdirir, interferon ifrazını artırır, Timus vəzini stimullaşdırır. Sink ən çox qırmızı ət, qaraciyər, dəniz məhsulları, mərcimək, boranı tumları, küncüt, günəbaxan tumunda və s. rast gəlir.

Bundan əlavə immun müqaviməti bağırsağın sağlam mikrobiomundan asılıdır. Əgər bağırsaqda disbalans varsa bu halda müdafiə zəifləyir. Sağlam balansı saxlamaq üçün fermentləşdirilmiş süd məhsulları, qatıq, yoqurt və tərəvəz rasiona daxil etmək məqsədə uyğundur.

-Dr.Təranə Qonaqova immuniteti zəiflədən qidalar və vərdişlər hansılardır?

Stress orqanizmdə bioloji özünüməhvetmə mexanizmini işə salır və bununla da müqavimətə mənfi təsir göstərir-xüsusilə T-limfositlərin sayını azaldır. Qlükoza bir çox patogen orqanizmlər üçün ən arzu olunan qida mənbəyidir. Qlükoza qanda çox olarsa infeksiya ilə mübarizə edən leykositlərin aktivliyi düşür. Bu səbəbdən qənnadı məhsulları, çörək-bulka məmulatı kimi tez həzm olunan karbohidratları rasiondan çıxarıb əvəzində mürəkkəb karbohidratlar və sellülozanı yüksək miqdarda tərkibli məhsullarla əvəz etmək lazımdır.

Mütamadi olaraq alkoqol və nikotin istifadəsi İqM, İqG sintezini pozur, leykositlərin aktivliyini azaldır. Bundan əlavə bədənin toxuma və mayelərindən bakteriya hüceyrələrinin divarını məhv edən ferment lizosim yoxa çıxmağa başlayır və bunun nəticəsində xəstəlik törədən mikroorqanizmlərə qarşı müqavimət azalır.

Antibiotik qəbulu xəstəlik törədən patogen mikroorqanizmlərdən əlavə bağırsağın vacib olan mikrobiomuna da təsir edir. Nəzərə alsaq ki, bağırsağın immun sistemi bütün orqanizmın immun sisteminin 70-80% -ni təşkil edir təsəvvür etmək olar ki, bu preparatlar nə dərəcədə immun sistemini zəiflədir. Bu səbəbdən antibiotiklərin qəbulu yalnız məqsədyönlü həkim məsləhəti olduqda tövsiyə olunur.
Bu xəbər oxucular tərəfindən 1469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed