Şrift:
Bakı metropoliteni qarlı-şaxtalı hava şəraitinə tam hazırdır
21.12.2022 [12:37] - Gündəm
Bakı metropoliteni 2022-2023-cü illərin qış mövsümünə hazırdır. Hazırlığın əsas məqamları qarlı-şaxtalı günlərdə metropolitendə sərnişinlərin stansiyalara və qatarların elektrik depolarından xətlərə maneəsiz daxil olmasını təmin etməkdir. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə hazırlıq proseslərinə “Xocəsən” elektrik deposunda görülən işlər də əlavə olunub.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, ümumiyyətlə, qışa hazırlıq QSC-nin sədri Zaur Hüseynovun təsdiq etdiyi sərəncama əsasən yay aylarında başlanaraq, payızın ilk günlərində tamamlanır. 2022-ci il iyunun 22-də imzalanmış əmrlə təsərrüfat sahələrinin qışa hazırlığı və onun sabit işinin təmin edilməsinə başlanılıb. Daimi fəaliyyət göstərən Operativ Qərargahın sədri və üzvləri təsərrüfatların payız-qış mövsümündə işə hazırlıqlarını yoxlayaraq yeni fəaliyyət planını təsdiq edib.

Stansiyaların hazırlığı ilə bağlı güclü qar yağıntısı və şaxtalı hava şəraitində stansiya pilləkənlərindən qar və buzun təmizlənməsi üçün lazım olan bütün ehtiyatlar hazır vəziyyətə gətirilib. Bu xüsusda pilləkənlərin buzlaşmasına qarşı duz ehtiyatı tədarük olunub. Müxtəlif sahələrdən stansiyalara cəlb ediləcək işçi heyəti formalaşdırılıb. İşçilər təlimlərdən keçərək əlverişsiz hava şəraitində, xüsusən qar yağanda görəcəkləri işin ardıcıllığı barədə məlumatlandırılaraq, təlim-məşqlərə cəlb olunublar. Hazırda təlimatlandırma və müntəzəm yoxlamalar davam etdirilir.

Qış fəslinin qarlı-çovğunlu günlərinin ən mühüm məsələsi qatarların elektrik depolarından xəttə verilməsidir. Qarlı günlərdə açıq hava şəraitində qatarların hərəkətinə problemlər park yollarında yarana bilər. Çoxsaylı yoldəyişdirici qurğuların qar altında qalması nasazlıqların əsası kimi qatarların xəttə vaxtında verilməsinə maneə mənbəyidir. Buna görə də elektrik depolarında qışa ən mühüm hazırlıq işləri yol təsərrüfatında aparılır və orada Qarla Mübarizə Qərargahının fəaliyyəti xüsusi tənzimlənir.

“Nərimanov” və “Xocəsən” depolarında Qarla mübarizə qərargahları müvafiq avadanlıq, alət və digər materiallarla təchiz edilib. Park yollarında tədbirlər görülməklə üfürücü qurğuların yerləşdiyi yerlərə müntəzəm baxış keçirilir, çəpərləmə ləvazimatının, alətlərin və avadanlıqların vəziyyəti yoxlanılır. Depo və park yollarında izolə qovşaqları daim nəzarətdə saxlanılır, sıradan çıxmış detallar dəyişdirilir. İstənilən hava şəraitindən asılı olmayaraq, profilaktik tədbirlər daim plan üzrə həyata keçirilir.

Yol sahələrində ştatda nəzərdə tutulmuş sayda işçilər komplektləşdirilib, bu sahələrdə ilk dəfə çalışan və belə hallarla qarşılaşmayan əməkdaşlar müxtəlif təlimatlar alaraq maarifləndiriliblər. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğunlaşdırılıb, qartəmizləmə alətləri saz vəziyyətə gətirilib.
Bu xəbər oxucular tərəfindən 276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed