Şrift:
“Qarabağ haqqında ən yaxşı əsəri nə Seyran Səxavət yaza bilər, nə də Aqil Abbas, onu ancaq Müdafiə Nazirliyi yaza bilər!..”
22.01.2013 [11:23] - Xəbərlər, Müsahibə
Seyran Səxavət: “Nə vaxtsa “ziyalı alqı-satqısı” ofisini də görəcəyik”

“Mən yoxluqdan gəlib yoxluğa da gedirəm!..”

Adətən, deyirlər, polad sınar, amma əyilməz. İradəsi, sözünün kəsəri polada bənzədilən Azərbaycanın ziyalı obrazı milli-mənəvi dəyərlər sistemi kimi son vaxtlar ciddi aşınmaya məruz qalıb. Modern.az-ın təklif elədiyi dəyərlər və dəyərlərin qoruyucusu olan ziyalı mövzusu tanınmış yazıçı Seyran Səxavətlə söhbətin əsasını təşkil edir.

– Sözün çəkisi, məzənnəsi qapalı quruluşlarda həmişə yuxarı qalxır. Siyasi qadağaların, yasaqların belə, qarşısını ala bilmədiyi bədii söz bir çox dövrlərdə Ədalət və Haqq carçısı və müdafiəçisi olub. Yaxın 50 illik tariximizə nəzər saldıqda Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, İsmayıl Şıxlı kimi haqq söz daşıyıcıları olan ziyalı obrazları görürük. Zəri və zoru olmuş, artıq dünyasını dəyişmiş belə şəxslərin davamçıları bu gün görünmür. Halbuki, indi birbaşa siyasi yasaqlar yoxdur, amma söz demək meydanı genişləndiyi halda böyük hərflə yazılacaq sözün özü yoxdur.

– Bu günə uyğun təhlildir. Allah eləsin elə bu günün sualı olaraq da qalsın.

Bizim ölkədə ziyalıya münasibət heç vaxt dübbədüz “onluğa” dəyməyib. “Doqquza” dəyən olub, “səkkizə” dəyən olub və yaxud da meşində “Moloko” deyilən ağ zonaya dəyən münasibət olub. Amma heç vaxt “onluğa” dəyəni olmayıb.

“Ziyalı” sözü artıq nimdaş sözə çevrilib, amma mənim üçün bu belə deyil. Ziyalı cəmiyyətin güzgüsüdür. Bizim elimizin, obamızın da belə bir sözü var ki, evdə güzgü sınanda ailəyə bədbəxtlik gətirər. Cəmiyyətin güzgüsü olan ziyalı da sınanda, bu cəmiyyətə çox böyük bir bədbəxtlik gətirir.

– “Ziyalı” sözünü xəyali bir maddi ekvivalentə, valyutaya bənzətsək, Sizcə, bu gün Azərbaycanda “eksçeync”də, yəni valyutadəyişmə məntəqələrində onu neçəyə dəyişərlər?

– Həm rəmzi, şairanə, həm də sərrast, düz “onluğa” dəyən bir sualdır. Bu sualın özü haqda beş –on saat danışmaq olar. Sualınız özü böyük bir kitabdır. Belə deyək, əsl ziyalını valyutadəyişmə məntəqəsində dəyişmək qeyri-mümkündür. Şəhərdə çox görürük – “Ev alqı-satqısı”. Nə vaxtsa “ziyalı alqı-satqısı” da görəcəyik. Amma bütün ziyalılar satılmır. “Nekroloq” romanımda belə bir fəsil var. “Qul bazarı”ndan bir detalı deyirəm: bir maşın gəlir və hamısı cumur o maşının üstünə. Amma bir nəfər heç yerə qaçıb eləmir. Böyük hərflərlə boynundakı plakata yazıb: “Özümü satıram” və bunu alıb aparırlar. Bu artıq son həddir. Lakin hardasa həmin adamın bəraəti də var. Heç çox adam bilmir ki, ziyalı nədir, ziyalı bir sözü dedisə, ondan sonra ona milyon da versələr, sözündən dönməməlidir.

Mənim aləmimdə ziyalılığın birinci şərti həqiqətə səcdə etməkdir. Amma indi ziyalı hara səcdə edirsə, demək ordan mütləq bir təmənna gözləyir. Halbuki, ziyalının səcdə etdiyi Həqiqətə heç bir təmənna ola bilməz. Mən özüm üçün İslamı böyük bir təlim hesab edirəm. İmam Əlinin bir kəlamı var. 50 ildir yas məclislərinə gedirəm, ancaq başıbatmış mollaların heç birindən bu kəlamı eşitmirəm. İmam buyurub: “Tanrım, sənə ona görə səcdə etmirəm ki, sənin cənnətində gözüm var, sənə ona görə səcdə etmirəm ki, sənin cəhənnəmindən qorxuram. Sənə ona görə səcdə edirəm ki, sən bu səcdəyə layiqsən”.
Mən də deyirəm ki, yalnız həqiqətə səcdədə heç bir təmənna ola bilməz. Orda ancaq səcdə edənin və səcdə olunanın ləyaqətindən söhbət gedə bilər. Amma cəmiyyətimizdə səcdənin saysız-hesabsız növləri var.

– Necə bilirsiz, yalnız Həqiqətə səcdə edən Azərbaycan ziyalısı varmı?

– Var. Musa Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, adı qalmaqallarda hallanan Rüstəm İbrahimbəyov, dünya şöhrətli alimimiz Rafiq Əliyev, elə Eldar Namazov, elə İsa Qəmbər…

– Bəs Rasim Balayevə bəraət varmı?

– O artıq çilik-çilik olub.


– Əvvəllər ədəbiyyat ideoloji qadağaları yarıb Həqiqəti çatdıra bilirdi. Amma indi bu işi görə bilmir...

– Qabaqlar ideologiya var idi. Və konkret siyasi tapşırıqların əleyhinə ədəbiyyat yazırdı. Mənim heç vaxt vəzifəm olmayıb. Amma mənim böyük vəzifəm vətəndaşlıqdır, vətəndaşlıq mövqeyimdir, vətəndaşlıq kabinetimdir.

– “Daş evlər” romanında xeyli sosial problemi olan Akif sizin prototipinizdirmi?

– Bəli, Akif bütünlüklə mənəm. 22 il Bakıda kirayə yaşamışam. Kənddən böyük ümidlərlə Bakıya gəldik. Amma tam əksini gördük. Ramiz Rövşənlə universitetə sənəd verən yerdə, növbədə tanış olmuşuq. Ramiz deyirdi ki, nə vaxtsa böyük adam olsan, Bakının yarısına yazıb-yapışdıracaqlar: “Seyran burda yaşayıb, bu evdə olub”. Mən evsizliyimi “Daş ev”lərdə göstərmişəm.

– Aqil Abbasın da bu mövzuda “Dolu “ romanı var. Əsər böyük rezonans yaratdı və motivləri əsasında film çəkildi. Hüseynbala Mirələmovun “Xəcaləti” o teatrdan bu teatra köç edir. Sizin də Qarabağa aid yazılarınız çoxdur. Bəs onlar niyə o cür səs-küy yaratmadı ?

– Əvvəla mən bu haqda roman yazsam, heç kim mənim üçün film çəkən deyil. Amma mən roman yazmaq işindən buna görə imtina etmirəm. “Nekroloq”, ya da “Yəhidi əlifbası” romanımda qaçqınlarla bağlı bir fəsil var. Orda bütün əlliləri yığıb bir qəsəbədə yerləşdirirlər. Fəslin adı “Künbəzabaddır”. Orda hətta toylarda da ancaq qadınlar oynayır. Çünki kişilərdən birinin bir ayağı yoxdur, o biri qolsuzdur. Yəni hamının çatışmayan nəyisə var. Amma Qarabağ haqqında ən yaxşı əsəri nə Seyran Səxavət yaza bilər, nə də Aqil Abbas. Qarabağ haqqında ən yaxşı əsəri ancaq Müdafiə Nazirliyi yaza bilər!

– 1980-ci ildən AYB-nin üzvüsünüz. Tezliklə AYB-də qurultay olmalı, yeni sədr seçilməlidir. Təbii ki, bu inzibati məsələdir. Bəs ümumən Birlikdə durğunluq necə aradan qaldırılmalıdır?

– Bu sualı məndən çox soruşublar və həmişə də demişəm. Bu gün Yazıçılar Birliyində hər şey dəyişilməlidir.

– Modern.az-da əvvəllər “Estafet” adlı bir rubrika var idi. Orda iki ziyalı bir-birlərinə suallar verirdi. Siz də Vaqif Bayatlı Odərə iki sual ünvanlamışdız. İndi onları sizə qaytarmaq istəyirik. Görək özünüz öz suallarınıza necə cavab verəcəksiz.?

– Buyurun çox maraqlı olar.

- Demək birinci sual: Yay Seyran Səxavət üçün nədir: fəsil, yoxsa nəticə? Fəsildirsə niyə fəsildir? Nəticədirsə, bunu necə izah edə bilərsiniz?

– Etiraf edim ki, o sualı Vaqifə verəndə cavabı heç özüm də bilmirdim. İndi yay mənim üçün nə fəsildir, nə də nəticə. Günlər məndən xəbərsiz ötüb keçir. Bəzən yay vaxtı ayın hansı günü olduğunu da bilmirəm.

– Keçək ikinci suala: Seyran Səxavət hardan gəlib və hara gedir?

– Hmm (fikirləşir). Burda deyərlər. Öz quyumuza özümüz düşdük… Mən yoxluqdan gəlib yoxluğa da gedirəm!..

P. S. Seyran Səxavətlə söhbətin sonunda “Barselona” fanatı olmadığımı bilib məndən bir az incidi də.
“Çox xahiş edirəm o komandaya azarkeşlik et”, – dedi. – Orda Messi var. O mənim balamdır. Türk futbolçu Arda Turan yaxşı deyib: “Dünyanın ən güclü futbolçusu Kriştianu Ronaldudur. O ki qaldı Messiyə, o futbolçu deyil, nədirsə, tamam alayı bir şeydir”. Mən Nizaminin özünə aid yazdığı misraları dəyişib Messiyə aid etmişəm:

Futboldan böyük güc yoxdu dünyada
Lakin Messi ilə bitəcək o da”.


Elmin Nuri
Bu xəbər oxucular tərəfindən 1269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed