Şrift:
Fərəc Quliyev:Nazirlər kabineti ləğv edilməlidir
28.12.2022 [15:27] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Bələdiyyələrin səlahiyyətləri artırılmalı, nümayəndəliklər yaradılmalıdır”.

Bu sözləri Azərbaycanda idarəetmədə edilməli olan dəyişikliklər, icra hakimiyyətləri və oxşar qurumların ləğvi məsələsi ehtimallarını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, icra hakimiyyətləri və oxşar qurumlar ləğv edilməlidir:

“2002-ci ildən bildirirəm ki, idarəetmədə islahatlar aparılmalıdır. Çevik və mobil idarəetmə olmalı, paralellik aradan qaldırılmalıdır. Prezident Administirasiyası var, nazirləri kurasiya edən şöbələr var, Vitse-prezidentlik institutu yaradılıb. Nazirlər kabineti artıqdır, ləğv olunmalıdır. Bələdiyyələrin isə statuslarını artırmaq və gerçək hüquqlarını tanımaqla yerli idarəetməni onlara vermək lazımdır.

Əgər belə olarsa, iki ciddi nəticə əldə oluna bilər.

Bələdiyyələrin statusunu artırmaqla əhalinin idarəetmədə iştirakçılığı təmin olunacaq. Bu təkcə bələdiyyələrin hüququnu artırmaq deyil, həm də məsuliyyət verməkdir. Üstəlik də yerlərdə olan problemləri yerli idarəedicilər həll etmək məcburiyyətində qalacaqlar. Seçkili orqan olduqları və əhalidən asılı olduqları üçün işləməyə çalışacaqlar.

İcra hakimiyyətləri ləğv olunmaqla onların hüquqları bələdiyyələrə verilə bilər. Bələdiyyələrin səlahiyyətləri artırılsa, yerli problemlər də mərkəzə axmayacaq.

Prezidentin rayonlarda nümayəndələri ola bilər. Həmən nümayəndələr işlərə baxsın, nəzarətdə saxlasın və kordinasiya etsin.

Bu iki işi görməklə iştirakçılığı və məsuliyyət məsələsini artırmaq olar. Onda siyasi mühit də dəyişə bilər.

İndiki halda bu məsələri gündəmə gətirib və gerçəkləşdirmək imkanları var. İqtisadi zonalar yaratmaq və Prezidentin nümayəndələrini təyin etmək təcrübəsi özünü doğruldur. Bu model özünü doğruldursa, kiçik rayonları iqtisadi zona adı altında birləşdirmək mümkündür. Azərbaycan kiçik bir ölkədir. Bu qədər struktura ehtiyac yoxdur. Bu həm də Dövlət Büdcəsini rahatladar. Böyük şəhərlərin merliklərini də yaratmaq mümkündür”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 896 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed