Şrift:
Fərəc Quliyev Vasif Talıbovun ən ağır şəkildə cəzalandırılmasını tələb etdi
25.01.2023 [15:01] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Naxçıvan Ali Məclisinin sabiq sədrinin ən ağır maddə ilə ittiham olunması tələb edilir
Naxçıvanda Vasif Talıbovun dönəmində yol verilmiş daha bir ağır dövləti cinayət haqda iddia irəli sürülüb. “Azpolitika.info” yazır ki, təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb. Belə ki, Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çayın suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri ərazidə olublar. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycanın 21 hektardan artıq ərazisi İran tərəfə keçib. İran isə sözügedən ərazinin düz ortasından yük maşınları üçün avtomobil yolu çəkib. Beləliklə, Azərbaycan-İran dövlət sərhəd xətti dəyişdirilib.

Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Həmin maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər. Dövlət Sərhəd Xidməti isə mediada yazılanlarla bağlı reaksiya bildirməyib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev Vasif Talıbovun ən ağır şəkildə cəzalandırılmasını tələb etdi: “Torpağımızın hər qarışı şəhidlərimizin qanı ilə suvarılıb. Biz böyük türk imperiyasının indi bir hissəsi olaraq qalmışıq, beş yerə bölünmüşük. Qalan hissələri də içərimizdən vətən xainləri hissə-hissə satmaqla ölkəmizi pis günə qoyurlar. Zaman-zaman bu belə olub. SSRİ qurulandan sonra 1920-ci ildə Zəngəzurun, 1929-cu ildə Zəngəzurun qalan hissəsinin-Mehrinin verilməsi ilə ərazilərimiz daha da kiçildi. Ondan sonra 70-ci illərə qədər Qazağın, Naxçıvanın müxtəlif ərazilərindən torpaqlarımız düşmənlərə verildi. Bu, ermənilərin addım-addım ərazilərimizi mənimsəmə taktikası idi. Bayaq qeyd etdiyim kimi, ölkəmiz zatən bir neçə hissəyə bölünüb, Borçalı, Dərbənd, Güney Azərbaycan və s. Bir sözlə, parça-parça olmuşuq. İndi biz ərazimizin bir hissəsində müstəqil dövlət qura bilmişik. Bu tam olaraq ədalətli status-kvo deyil. İndi Naxçıvanın keçmiş rəhbərinin bu cür hərəkət etməsinin yalnız bir adı var, vətənə xəyanət. Vasif Talıbov ən ağır maddə ilə ittiham olunmalıdır. Başqa gördüyü işləri də yada salaq. Əgər mətbuatda yazıldığı kimi, İraqda 3 milyard manat civarında PKK ilə ortaq zavod tikməsi, yaxud İran ərazisində deyilən kimi ortaq neftayırma zavodları tikdirməsi çox ciddi məsələlərdir. Bir nazir orada həbs edildi, 500 milyon manat yeyinti üzə çıxdı. Bunlar bir tərəfə, ərazilərimizin başqa ölkəyə verilməsinin cəzası mütləq şəkildə ömürlük cəzadır. Babalarımızın ruhu Allaha qovuşub, cisimləri torpaqlaşıb. İndi ərazi verməkmi olar? Biz sonuncu 44 günlük savaşımızda 3 minə qədər şəhid verdik. Hər qarış uğrunda savaş gedib. Min illərdir ki, bu savaş gedir. Elə bir qarış torpağımız yoxdur ki, onun üzərində savaş getməsin. Vətənin bir hissəsini dəyərləndirəndə görürsən ki, deyirlər gözəl yerlər idi. Vətəni elə ölçmürlər. Xatırladım, Kardak adaları ilə bağlı bir problem Türkiyə ilə Yunanıstan arasında var idi. O dövrdə iş başında Tansu xanım (Tansu Çillər) idi. Qayalıqlar üzərində savaş oldu və yunan gəmiləri batırıldı. Orada türk bayraqlarını endirib, yunan bayraqları asmışdılar. Bununla onu demək istəyirəm ki, vətənin hər daşı qiymətlidir. Bütün Azərbaycanda hər kəs belə düşünür ki, nəyisə də keçmək mümkün olsa da, belə məsələlərdə heç kimə güzəşt ola bilməz. Hesab edirəm ki, bu məlumat tam təsdiqini taparsa, Naxçıvanın keçmiş rəhbərliyi, bu məsələdən xəbərdar olan hüquq-mühafizə orqanlarının rəhbərləri, bir sözlə, bu məsələyə bağlılığı olan hər kəs çox ağır cəza almalıdır”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed