Şrift:
Türk dünyası sənədli filmlər festivalı bu il Azərbaycanda təşkil ediləcək
26.01.2023 [10:16] - Mədəniyyət
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüşüb.

Mətbuat Şurasından bildirilib ki, görüşdə türk dünyası jurnalistlərinin konsolidasiyası ilə bağlı məsələlər müzakirə olunub. R.Məcid bunun vacibliyini ortaq həqiqətlərimizin təbliği baxımından vacib sayıb.

M.Demir rəhbərlik etdiyi qurumun indiyədək reallaşdırdığı tədbirlərdən söz açıb. Bu baxımdan Türk dünyası sənədli filmlər festivalı üzərində dayanıb. O, sayca 8-ci olacaq festivalın bu ilin oktyabrında Azərbaycanda təşkilinin planlaşdırıldığını diqqətə çatdırıb və Mətbuat Şurasının tərəfdaş təşkilat kimi ötən festivallara dəstək göstərdiyini, Azərbaycandan olan media təmsilçilərinin təşəbbüsə fəal qoşulduqlarını xatırladıb.

R.Məcid rəhbərlik etdiyi qurum tərəfindən eyni dəstəyin yenə də veriləcəyini bildirib, Şuranın mövcud istiqamətdəki birgə fəaliyyətə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin medianın ortaq türk mədəniyyətinin təbliği məsələlərində iştirakı məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. M.Demir Mətbuat Şurasının sədrinə 7-ci Türk dünyası sənədli filmlər festivalı ilə bağlı toplunu təqdim edib.

Qeyd edək ki, görüşdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin məsul əməkdaşı, qurumun “Birlik” jurnalının baş redaktoru İlqar İlkin də iştirak edib.
Bu xəbər oxucular tərəfindən 2643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed