Şrift:
Türkiyədə zəlzələ nəticəsində 6200-dən çox bina dağılıb
09.02.2023 [10:21] - Hadisə
Türkiyədə zəlzələ nəticəsində 6 217 bina dağılıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, Ümumilikdə 24 727 nəfər axtarış-xilasetmə fəaliyyəti göstərir. Digər ölkələrdən gələn axtarış-xilasetmə personalının sayı 5709 nəfərdir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib.

Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da "Qardaş Köməyi" platforması vasitəsilə öz yardımlarını Türkiyəyə çatdırırlar.
Bu xəbər oxucular tərəfindən 1628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed