Şrift:
Yel çərşənbəsi ayinləri təbiətin həyatverici gücünü təcəssüm etdirir
07.03.2023 [12:18] - Xəbərlər, Gündəm, Mədəniyyət, İdman
Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir. Tədqiqatçıların ilaxır çərşənbələrin üçüncüsü hesab etdikləri Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə”, Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” adları ilə tanınır.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Yel çərşənbəsi haqqında qeydlərini təqdim edirik.

Yel çərşənbəsini üçüncü hesab edən professor Azad Nəbiyev 4 cür – 4 libasda küləkdən bəhs edib. O, Azərbaycan mifologiyasında ağ libasda Ağ yelin, qara libasda Qara yelin, göy libasda Xəzrinin və qırmızı paltarda isə Gilavar küləyinin olduğunu yazır: “Yel çərşənbəsi günü Yel bu dördlüyün məcmusundan ibarət hesab olunur və qısa müddətdə bütün dünyanı dolaşır. Beləliklə, Yer üzərini gəzib dolanan Yel təsəvvürdə antropomorfik obraza çevrilir. Daha erkən təsəvvürlərdə isə küləklə eyni kökdən olan yelin həqiqətən, kult və tanrı səviyyəsinə yüksəldiyi məlumdur. Belə ki, bir çox xalqların erkən təsəvvürlərində, eləcə də müqəddəs kitablarında Yel Ərzi idarə edən qüdrətli tanrılardan biri hesab olunur. Əski inamlarda Yel ya özü tanrıdır, ya da dünyanı idarə edən tərəfindən göndərilən qüdrətli bir antropomorfdur. O, lazım olanda insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. “İncil” və “Zəbur”da Yel tanrısının qüdrəti vəsf olunur. “Tövrat”da isə dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs olunur. “Quran”da isə Yelin Allah tərəfindən göndərildiyi, onun Allahın mərhəmət və cəza antropomorfu olduğu qeyd edilir.

Zərdüştilər də Küləyi müqəddəs saymış, onu tanrı hesab etmişlər. “Avesta”da deyilir ki, “...Yelin gücü qüdrətli Hörmüzün gücüdür... Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır”.

Alimin fikirlərindən də bir daha məlum olur ki, qısa müddətdə bütün dünyanı gəzib-dolaşan Yel antropomorfik obraz kimi təsəvvür olunur. Eyni zamanda, professor “İncil”, “Zəbur”, “Tövrat” kimi səmavi dini kitablarda da Yel tanrısından bəhs olunduğu, “Quran”da Yelin Allah tərəfindən göndərildiyi, “Avesta”da isə Yelin Hörmüzdən güc alması haqda dini-mifik görüşlərə də toxunur. Bütün bunlar isə kökü mifik – astronomik dünyagörüşlərdən qaynaqlanan Novruz bayramının tərkib hissəsi olan Yel çərşənbəsindəki Yel obrazının dini-mifik və real səciyyəsini bütövlükdə anlamağa əsas verir.

Yel çərşənbəsi bir fəsil kimi özlüyündə həm də yaz fəslini təcəssüm etdirir. Burada onu da qeyd edim ki, tədqiqatçılar arasında axırıncı çərşənbənin Torpaq, yaxud Yel çərşənbəsi hesab olunması ilə bağlı fikir ixtilafları da mövcuddur. Mən də bir folklorşünas kimi Yel çərşənbəsinin üçüncü yox, dördüncü, yəni sonuncu ilaxır çərşənbə olduğu qənaətindəyəm. Çünki Yel çərşənbəsi yaz fəslini işarələməklə baharın gəlişini müjdələyən çərşənbədir. Ona görə də Yel çərşənbəsi özünün ardınca bahar fəslinin – Novruzun özünü gətirir. Düzdür, prinsipcə baxanda, aralarında bir həftəlik zaman fərqi var, bu da bir tərəfdən götürdükdə elə də böyük zaman deyil. Ancaq elə həm də bunu böyük zaman hesabı kimi də qəbul etmək olar. Çünki əgər hər həftəarası özlüyündə ilin dörddə biri hesab olunan bir fəsli simvollaşdırırsa, demək, bu həftələr böyük bir vaxt ölçüsünün yükünü özündə çəkən təbiətin ağır çillələri – çərşənbələri kimi də düşünülə bilər.

Ancaq mən bu yazıda bu məsələni o qədər də qabartmadan deyim ki, Yel çərşənbəsinin yaradıcı stixiyası Yel, külək olaraq qalır. Yel çərşənbəsində güdülən əsas məqsəd isə Yel ruhunu, Yel tanrısını razı salmaqdan ibarətdir. Yəni insanlar təqlidi-magik mərasimlər, ayinlər icra eləməklə, Yel tanrısının şərəfinə nəğmələr-mahnılar oxumaqla Yel ruhunu ram etməyə, onun dağıdıcı fəlakətindən xilas olub, xeyirxah təbiətini özlərinə doğru yönəltməyə cəhd edirlər. Bunu folklor örnəklərimiz də təsbit edir. Məsələn, “Yel baba mərasimi” adlı mətnə üz tutmaqla da bunun təzahürünü açıq-aydın şəkildə görmək olar:

“Xırmanda dəni samandan ayırmaq vaxtı gələndə camaat Yel babanı çağırıb deyir:

– Yel baba, gəl Ağ atına arpa-saman apar!

Bəzi yerlərdə ona nəğmə ilə də müraciət edirlər:

– A Yel baba, Yel baba,

Tez gəl baba, gəl baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

Dən yığılıb dağ olsun,

Yel babamız sağ olsun.

A Yel baba, Yel baba,

Qurban sənə, gəl baba.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı.

A Yel baba, Yel baba,

Qurban sənə, gəl baba.

Sovur bizim xırmanı,

Atına ver samanı,

Dən yığılıb dağ olsun,

Yel babamız sağ olsun.

Əcdadlarımızın inamına görə, bu çağırışdan sonra Yel baba gəlib xırmanı sovurar, samanı aparıb öz atına verər, təmizlənmiş dən isə adamlara qalardı. Xırman sovurulub, taxıl döyülüb qurtarandan sonra oxuyardılar:

Xırmanda şana qaldı,

Yel əsdi, şana qaldı.

Xırmana bir qız gəldi,

Saçı nişana qaldı”.

Mətndən görünür ki, Yel baba Ağ atı ilə birgə öyülüb vəsf edilir. Ağ at ifadəsi burada bir tərəfdən yelin gözəgörünməzliyinə – ağ, yəni gözəgörünməz şəffaf anlamında ağ rəngdə olmasına rəğmən işlədilib, digər tərəfdən məşhur Azərbaycan xalq nağılı olan “Ağ atlı oğlan” nağılının da məzmunundan – qayəsindən gördüyümüz kimi, Ağ atlı oğlan xeyirxah və xilaskarlıq obrazını simvolizə edir. Bu məqamda mən özüm uşaq vaxtlarımdan eşitdiyim bir qarğış nümunəsini də xatırlayıram: “Səni ağ yel əysin”. Burada ağ yel vasitəsilə insana zərər vurulması, sağlamlığına xətər yetirilməsi kimi bəddua arzulanır. Bu, nə deməkdir? Yel ruhunun – ağ yelin qəzəbinə tuş gəlmək qarğışı var burda. Deməli, Yel çərşənbəsində Yel babayla bağlı mərasimdə insanlar Yel babaya xoş getmək üçün və ondan xeyir-bərəkət, ruzi diləmək üçün ona əzizləyici sözlərlə üz tutub: “Yel baba, gəl Ağ atına arpa-saman apar” deyirlər. Bu, Yel babanın ruhunun oxşanması və onun Ağ atına arpa-saman nəzir-niyaz edilməsi yolu ilə ondan xeyir-bərəkət istənilməsidir.

“Yel babamız sağ olsun” alqışı ilə ondan kömək istənilməsi – “Sovur bizim xırmanı” deyilməsi isə əski çağlardan – taxıl sovuran texnikanın və s. olmadığı dövrlərdən soraq verir. “Yel babamız sağ olsun”, “Qurban sənə, gəl baba” kimi alqış və çağırışlarda isə Yel ruhuna edilən xoşməramlı dualar bir daha magik-təqlidi üsulla Yel babanın – Yel tanrısının mərhəmətini və köməyini, yardımını qazanmağa xidmət edir.

Taxıl xırmanda sovrulub qurtarandan sonra oxunan nəğmədəki “Xırmana bir qız gəldi, saçı nişanə qaldı” sözlərində isə “Xırmana gələn qız” obrazı xalq təfəkküründə doğum–artım, bərəkət–bolluq timsalında öyülüb vəsf edilib.

Gətirdiyimiz mərasim nümunəsindən və nəğmədən də aydın görünür ki, Yel çərşənbəsində Yel tanrısının, yaxud tanrı tərəfindən göndərilən Yel ruhunun oxşanılması müqabilində yelin sərt təbiəti yumşaldılır, yumşalan–həlimləşən yel (külək, hava) təbiətə ilıq nəfəs, isti meh, yumşaq külək şəklində ayaq basır və öz gülümsər çöhrəsi, nəvazişi ilə donmuş dünyaya təzə can bəxş edir. Yaz fəsli dedikdə təsəvvürümüzə, ilk növbədə, havaların istiləşməsi gəlir. Sərhəd bilməyən hava kütləsi öz ilıq nəfəsi ilə – hərarətverici mehi ilə bütün sərhədləri aşaraq “qısa müddətdə bütün dünyanı dolaşır” – bütün kainata, yer və göy aləminə yaz havası, bahar küləyi gətirir. Beləcə, dörd yaradıcı həyat ünsüründən biri olan hava amili bahar nəsiminin timsalında yel, külək şəklində bütün aləmi yenidən cana gətirir. Təbiət qış yuxusundan oyanır, libasını soyunub müvəqqəti ölmüş, qış yuxusuna getmiş (yuxu da müvəqqəti ölüm kimidir!) cansız və canlı aləmə yeni həyat bəxş olunur. Külək vasitəsilə ağacların, bitkilərin tozlanması və sair amillər də məhz yelin yaradıcı gücü sayəsində gerçəkləşir. Bu kimi məsələləri də bir arada düşündükdə, havanın yaradıcı stixiyasındakı gücün mənzərəsini təkcə dini-mifoloji yox, həm də real baxımdan seyr etməyin mümkünlüyünü görərik.
Bu xəbər oxucular tərəfindən 4023 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed