Şrift:
Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası olub
05.04.2023 [10:33] - Gündəm, Siyasət
Aprelin 4-də Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynlinin sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda, əvvəlcə, cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədrləri Qənirə Paşayeva, Zahid Oruc, Siyavuş Novruzov, Ziyafət Əsgərov, deputatlar Musa Qasımlı, Bəhruz Məhərrəmov, Əli Məsimli, Elşad Mirbəşir oğlu, Aydın Mirzəzadə, Sahib Alıyev, Razi Nurullayev, Hikmət Məmmədov çıxış edərək, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilmiş terror aktına münasibət bildiriblər. Millət vəkilləri bu terror aktını kəskin şəkildə qınayaraq, bunu Milli Məclisin timsalında Azərbaycan dövlətinə qarşı yönəlmiş sui-qəsd kimi qiymətləndiriblər.

Qeyd edilib ki, bu, ölkəmizə qarşı aparılan düşmənçilik siyasətinin tərkib hissəsidir. Düşmənlərimiz Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsini, Qarabağ müharibəsində əldə etdiyi Qələbəni qəbul edə bilmirlər.

Deputatlar aidiyyəti qurumların həyata keçirdiyi tədbirlər nəticəsində qısa zaman ərzində bu terroru törədənlərin ifşa olunmasını təqdirəlayiq hesab ediblər, ölkənin dövlət təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən bu hadisədə əli olanların cəzasını alması istiqamətində görülən işləri dəstəklədiklərini söyləyiblər.

Çıxışlarda deputat Fazil Mustafaya qarşı törədilmiş terror aktının araşdırılmasının, onun sağlamlıq durumunun ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğu xüsusi vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarovanın deputatı xəstəxanada ziyarət etdiyi, onun müalicəsi ilə maraqlandığı qeyd edilib. Əminliklə bildirilib ki, hadisənin təşkilatçıları və icraçıları layiqli cəzalarına çatacaqlar.

Sonra iclasda Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı ilə bağlı məsələyə baxılıb. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycana qarşı xaricdən qarayaxma kampaniyalarının həyata keçirildiyini söyləyib. O, cari il martın 16-da Fransa Respublikasının Senatında keçirilmiş konfransda ölkəmizə qarşı növbəti təxribatın törədildiyini və parlamentin bu hadisəyə münasibət bildirməsinin vacibliyini qeyd edib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ ilə bağlı Bəyanatın mətnini hazırlamaq üçün komissiyanın yaradılması təklifi ilə çıxış edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təklifi dəstəkləyib. Beləliklə, bəyanat layihəsinin hazırlanması üçün Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədovun başçılığı ilə parlamentin komitə sədri Ziyafət Əsgərovun, deputatlar Elşən Musayevin, Əziz Ələkbərovun və Sevil Mikayılovanın daxil olduğu komissiya yaradılıb və öz işinə başlayıb.

Məsələ ətrafında müzakirələrdə komitə sədri Səməd Seyidov, deputatlar Elşən Musayev, Soltan Məmmədov, Rafael Hüseynov, Qüdrət Həsənquliyev, Kamran Bayramov, Şahin İsmayılov, Əminə Ağazadə, Fəzail Ağamalı, Ceyhun Məmmədov, Razi Nurullayev çıxış ediblər.

Bildirilib ki, Fransa Senatında növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa hörmətsizlik ifadə edən konfrans regionda sülhü və sabitliyi pozmağa yönəlib. Qırx dörd günlük Vətən müharibəsində olduğu kimi, ondan sonra da Fransa ölkəmizə qarşı qərəzli siyasətini davam etdirir. Qeyd edilib ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəli sürülən təşəbbüslər fonunda belə tədbirlərin təşkili ilə Fransa sülh və əməkdaşlıq üçün imkanların yarandığı Cənubi Qafqazda vəziyyəti dramatikləşdirməyə çalışır.

Deputatlar Azərbaycanın bütün digər tərəfdaşları ilə münasibətlərdə olduğu kimi, Fransa ilə əlaqələrdə də hər zaman səmimi, ardıcıl siyasət yürütdüyünü, qarşılığında isə Fransanın ədalətsiz, haqsız və qərəzli mövqeyi ilə qarşılaşdığını təəssüflə söyləyiblər. Onlar Fransa Senatında keçirilmiş qondarma konfransı növbəti dəfə Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində məskunlaşmış erməni azlığının hüquq və təhlükəsizlik məsələləri ilə bağlı aktivlik göstərməsinə toxunan deputatlar Fransanın öz ərazisində yaşayan fərqli etnik və dini mənsubiyyətdən olan insanların hüquqlarına qarşı dözümsüz münasibət göstərdiyini söyləyiblər. Bildirilib ki, Fransa parlamentarilərinin ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəfə alan, Azərbaycan ərazisində separatizmi açıq şəkildə təşviq edən addımları ikiüzlülüyün bariz təzahürü kimi ciddi şəkildə qınanılmalıdır.

Sonra deputat Sevil Mikayılova 2023-cü il martın 16-da Fransa Respublikasının Senatında keçirilmiş üzdəniraq “konfrans” ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının mətnini diqqətə çatdırıb.

Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis olunması ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik olunması barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O bildirib ki, ölkə Prezidentinin Sərəncamı ilə 2023-cü il Heydər Əliyev ili elan edilib. Ulu Öndərin xatirəsinə veriləcək ən dəyərli töhfələrdən biri də onun adına yubiley medalının təsis edilməsidir. Komitə sədri “Heydər Əliyevin 100 illiyi” yubiley medalının Azərbaycan medalları sırasında xüsusi yer tutacağını, Əsasnaməyə əsasən bu medalın ordenlərdən sonra sıralamada ilk olaraq taxıldığını deyib. Qeyd edib ki, Əsasnamənin 1-ci maddəsinə görə, yubiley medalı ilə təltif ediləcək şəxslərin dairəsi də digər medallarla müqayisədə genişdir.

Diqqətə çatdırılıb ki, Azərbaycan vətəndaşları və əcnəbilər, milli və xarici dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri bir sıra xidmətlərinə görə bu medalla təltif oluna bilərlər. Bu xidmətlərə Heydər Əliyev irsinin təbliği və tədqiqi, azərbaycançılıq ideyasının həyata keçirilməsi, sülhün və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlər kimi ülvi dəyərlər aiddir.

Əli Hüseynli qeyd edib ki, hələ sovet hakimiyyəti illərində məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan keçmiş İttifaqın ən inkişaf etmiş respublikalarından birinə çevrilmiş, o illərdə gələcək müstəqil dövlətin iqtisadi əsasları yaradılmış, milli dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşmışdır. O deyib ki, 1990-cı ilin noyabrında müstəqilliyimizin hələ rəsmi bəyan olunmadığı bir dövrdə Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqillik uğrunda mübarizəsini davam etdirmiş və üçrəngli bayrağımızı qaldıraraq suverenliyimizin bərpasının ilk hüquqi təməlini qoymuşdur. Bu baxımdan Əsasnamədə “Azərbaycanda dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunması” müddəası təqdirəlayiqdir. Həmçinin dövlət müstəqilliyinin qorunub saxlanılması, sosial-mədəni, elmi inkişafda xidmətlərinə, ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə və digər xidmətlərinə görə şəxslər də bu medalla təltif ediləcək.

Yubiley medalının təsviri barədə danışan Milli Məclis sədrinin birinci müavini medalda Heydər Əliyevin barelyefinin, müstəqilliyimizin atributlarının əks olunduğunu söyləyib. O, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalının təsis edilməsinin Ulu Öndərin əziz xatirəsinə ehtiramın bir nümunəsi olduğunu vurğulayıb.

Məsələ ilə bağlı çıxış edən komitə sədri Siyavuş Novruzov, deputatlar Hikmət Məmmədov, Sabir Rüstəmxanlı, Musa Qasımlı, Fəzail Ağamalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təsis edilməsini yüksək qiymətləndiriblər. Deputatlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərindən danışıblar, Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində önəmli rol oynadığını vurğulayıblar.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra iclasda İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

Parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Prezident tərəfindən Konstitusiyanın 109-cu bəndinə və “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinin birinci hissəsinə uyğun olaraq İnam Kərimovun namizədliyi Milli Məclisə təqdim olunub. O, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında məsələyə baxıldığını və müsbət rəy verildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, İnam Kərimov Bakı Dövlət Universitetində, o cümlədən dünyanın tanınmış Universitetlərində hüquq təhsili almış, hüquq üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində başlayıb. Həmin dövrdə, həmçinin Korrupsiyaya qarşı mübarizə komissiyasının katibi olub və bu sahədə ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edib. İnam Kərimov Azərbaycan brendi kimi tanınan ASAN xidmətin ilk rəhbəri olub, dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradıb. O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri icra edib.

Komitə sədri İnam Kərimovun Ali Məhkəmədə fəaliyyəti dövründə Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Məsələ səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini bildirib ki, növbəti 4 məsələ ölkə Prezidenti tərəfindən bir məktubla parlamentə daxil olub. Bu məsələlər - “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi, “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələridir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələləri təqdim edərək bu gün Türk Dövlətləri Təşkilatının yeni mərhələyə yüksəldiyini qeyd edib. Bildirilib ki, təqdim olunan sənədlərdə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi və bununla əlaqədar müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulub. Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının içərisində müxtəlif qurumlar yüksək səviyyədə fəaliyyət göstərirlər. Bu sazişlərdə iqtisadi, maliyyə, mədəniyyət, təhsil, habelə digər sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikası bu Sazişə 1998-ci il aprelin 10-da qoşulub. 2021-ci il mayın 28-də imzalanmış Protokol ilə yuxarıda qeyd olunan Sazişlə təsdiq edilmiş Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şura haqqında Əsasnamə yeni redaksiyada verilir. Əsasnaməyə uyğun olaraq 1992-ci il 9 oktyabr tarixli Sazişin yerinə yetirilməsi üçün Dövlətlərarası Şura yaradılır və o, Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanı hesab edilir. Əsasnamədə Şuranın funksiyaları, tərkibi, fəaliyyətinin təşkili, üzvlərinin hüquq və vəzifələrinə dair müddəalar öz əksini tapıb. Burada Şuranın Katibliyinin funksiyaları və prosedur qaydaları da müəyyən edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə bu komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, Konvensiya 2022-ci il dekabrın 27-də Bakı şəhərində imzalanıb. Sənəd Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. O, bildirib ki, 2023-cü il fevralın 4-də Bakı şəhərində imzalanmış Saziş beynəlxalq hava əlaqələrində uçuşların və aviasiyanın təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün Azərbaycan və Monteneqro arasında hava əlaqələrinin yaradılması və yerinə yetirilməsi məqsədilə hazırlanıb. Sazişdə tariflər, vergilər, gömrük rüsumları və digər ödəmələr müəyyən olunub.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə ölkə Prezidenti tərəfindən bir məktubla təqdim edilmiş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi (üçüncü oxunuş), “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi (üçüncü oxunuş), “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələri haqqında məlumat verib. O, layihələr haqqında birinci və ikinci oxunuşlarda ətraflı məlumat verildiyini, sənədlərlə bağlı komitəyə hər hansı bir təklifin daxil olmadığını söyləyib.

Bu 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini digər 3 məsələnin də Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Diqqətə çatdırıb ki, layihə ilə bağlı birinci və ikinci oxunuş zamanı ətraflı məlumat verilib, sənədin mətnində hər hansı bir dəyişiklik aparılmayıb.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini diqqətə çatdırıb. O deyib ki, layihələrə heç bir əlavə və dəyişiklik edilməyib.

Bu 3 qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, gündəliyin son 3 məsələsi birinci oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

Bildirilib ki, sənədlər Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydasının dəyişdirilməklə yenidən təşkil olunması ilə əlaqədar hazırlanıb. Nəzərdə tutulan dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsi, onların xidməti fəaliyyətinin daha da yaxşılaşdırılması və səmərəliliyinin artırılmasına, qanunla onlara həvalə edilmiş vəzifələrin icrası səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən 17 aprel 2021-ci il tarixdə "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" imzalanmış Fərmanla kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsinin hüquqi tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.

Bununla əlaqədar olaraq, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanun qəbul edilib və sözügedən anlayış, o cümlədən kritik informasiya infrastrukturu, onun təhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı müvafiq müddəalar qanuna əlavə edilib.

Qeyd edilib ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin effektiv təmin edilməsi ilə bağlı qanunvericilikdə yeni dəyişikliklər edilməsi zərurəti yaranıb. Layihədə kritik informasiya infrastrukturu obyektlərinin siyahısının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur. Bununla yanaşı, qanun layihəsində provayderin özünə dair tələblərin də Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi, provayderin təsisçisinin və onun səlahiyyətli nümayəndəsinin, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxsin və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşların Azərbaycan Respublikasının vətəndaşı olması ilə bağlı tələb nəzərdə tutulur.

Deputatlar Etibar Əliyev, Vüqar Bayramov, Səbinə Xasayeva, Nigar Arpadarai məsələ ilə bağlı fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed