Şrift:
Fərəc Quliyev:Yayılan bukletlər putinizmin təbliğatına hesablanıb
06.04.2023 [22:51] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"Şirnikləndirici bukletlər paylamaqla Rusiya özünə tərəfdar qazanmaq istəyir. Belə siyasətə uyanlardan agent kimi də istifadə edilə bilər. Ona görə də ehtiyatlı və diqqətli olmalıyıq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. Onun sözlərinə görə, bukletlərin Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə, digər versiyaya görə isə Azərbaycanın özündə yayıldığı bildirilir:

"Harada yayılmasından asılı olmayaraq bu hərəkətlər SSRİ xiffəti ilə yaşayanların əməlidir. Ukrayna müharibəsində Rusiya çökmək üzrədir. Ruslar özləri döyüşməkdən yayınır. Rusiya ordusu qeyri-peşəkar səviyyədə olduğunu nümayiş etdirdi. Ona görə də şirnikləndirməklə digər insanları müharibəyə cəlb etməyə çalışırlar. Bu baxımdan, Kreml MDB ölkələrində özünə tərəfdar axtarır”.

Həmsöhbətimizə görə, yayılan bukletlər putinizmin təbliğatına hesablanıb:

"Babalarımız heç bir halda bir yerdə olmayıb. 1920-ci ildə müstəqil Azərbaycanı işğal edib, gerçək babalarımızı öldürüblər. 10 minlərlə insanlarımızı represiyaya məruz qoyublar. Azərbaycan heç zaman könüllü olaraq onlarla bir yerdə olmayıb. Babalarımız onlara düşmən olub. Çünki ölkəmizi işğal edənlərlə dost ola və bu günki əməllərində onlara dəstək verə bilmərik”.

Partiya sədri bu məsələdə iki məqamın təhlükəli olduğu qənaətindədir:

"Bu cür təbliğatın qarşısı mütləq alınmalıdır. Rusiya İrandan sonra Ermənistana ən çox dəstək verən, Qarabağ probleminin tam bitməsinə mane olan ölkədir. Sülhməramlı adı altında başımıza açmadıqları oyun qalmayıb. Azərbaycandakı rus məktəblərinə də əl gəzdirməliyik. Bu məsələdə Baltikyanı ölkələr kimi davranmalıyıq. Hətta Rusiyada kompakt yaşayan azərbaycanlıları da ayıltmalıyıq ki, Ukraynadakı müharibəyə qoşulmasınlar”.

Qeyd edək ki, Bakıda Rusiya ordusunda xidmətlə bağlı "Babalarımız kimi vətən üçün çiyin-çiyinə duraq" başlıqlı bukletlər yayılıb. Bukletdə "Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar" vəd edilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, məlumat araşdırılır.

Rüfət Sultan/qaynarinfo.az
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed