Şrift:
Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür
12.04.2023 [10:00] - Gündəm
12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisi ilə orbitə çıxıb. Kosmik gəmi 1 saat 48 dəqiqə Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə 12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 30- dan çox ölkədən bir neçə yüz kosmonavt və astronavt olub.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməyilə dünyada ilk dəfə olaraq Yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.

Ölkəmizdə müvafiq sahənin inkişafı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərkosmos” ASC təsis edilib. “Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Bununla da ölkəmizin kosmik sənaye üzrə fəaliyyətinə mühüm təkan verilib.

“Azerspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilir. “Azerspace-1” peyki vasitəsilə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətləri təqdim edilir. Peyk Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən çox ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir.

2014-cü il iyunun 30-da “Azersky” Yerin müşahidə peyki “Satish Dhawan” Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

Peyk xidmətlərinin etibarlılığını və rəqabətliliyini təmin etmək məqsədilə ikinci telekommunikasiya peyki - “Azerspace-2” 2018-ci il sentyabrın 26-da 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə buraxılıb.

Bütün bunların nəticəsində xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.

Yüksəkixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib. Prezident İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Sərəncamına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Dövlətimizin başçısının 2022-ci il 7 fevral tarixli Sərəncamına əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2-6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu konqres “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq. Bu tədbir ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq. Konqresə kosmik sahənin NASA, CNES, “Airbus”, “Boeing”, JAXA, TUA və bir çox aparıcı qurumlarının, eləcə də dövlətlərin nümayəndələri də olmaqla, 6 mindən çox qonaq gələcəyi gözlənilir.

Konqresə bu il rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub. Belə ki, kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3 min 532 elmi məqalə qeydiyyatdan keçib. Bu göstərici ilə Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.

Bu il Azərbaycandan da rekord sayda - 214 elmi məqalə təqdim edilib. Azərbaycan elminin dünya elminə inteqrasiyası fonunda ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra olmaqla ilk beşlikdə yer alır.

Qeyd edək ki, Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər.

Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq.
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed