Şrift:
Fərəc Quliyev:Bu savaşda rusların qələbəsi qeyri-mümkündür
07.06.2023 [18:23] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətinin Yeni Kaxovka rayonunda Kaxovka Su Elektrik Stansiyası (SES) dağıdılıb. Ukraynanın "Cənub" operativ komandanlığı SES-i Rusiyanın partlatdığını açıqlayıb. Xatırladaq ki, Kaxovka SES Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Kaxovka SES 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiya tərəfindən işğal olunub.

SES-in partladılması ciddi fəlakətlərə yol açıb. Məlumata görə, Kaxovka su anbarında suyun səviyyəsinin qalxması səbəbindən Rusiya Yeni Kaxovka, Qolopristansk və Aleşkinsk yaşayış məntəqələrinin əhalisini təxliyə etməyə başlayıb. "Cənub" Əməliyyat Komandanlığının məlumatına görə, Dnepr çayı yaxınlığında yerləşən qəsəbələri sel təhlükəsi gözləyir. Xerson şəhərinin sağ sahilində və daşqın gözlənilən kəndlərdə əhalinin avtobuslarla təxliyəsinə başlanılıb. 7 nəfərin itkin düşdüyü bildirilir. Şübhəsiz, Kaxovka şəhərində yerləşən su-elektrik stansiyasının bəndinin partladılması hərbi cinayətdir. Çünki hədəfdə mülki insanların həyatı, varidatdır. Bu nəhənglikdə su bəndinin dağıdılması bütöv bir dənizin dinc əhalinin üzərinə axıdılmasıdır. Söhbət 40 mindən artıq insanın taleyindən gedir. Təxliyə vaxtında reallaşmazsa, minlərlə şəxs sel və daşqınların qurbanına çevrilə bilər. Aydın məsələdir ki, belə ağılsız və şüursuz bir addım məğlubiyyətin qaçılmaz olduğunu görən tərəfin son çırpınışları, ölüm ayağında istənilən təxribata əl atmasıdır. Qalib gələcəyinə əmin olan tərəf heç vaxt hərbi cinayətlərə əl atmaz, mülki insanları hədəf alaraq öz acizliyi nümayiş etdirməz.
Rusiyanın bu hərəkəti Ermənistanın 44 günlük Vətən savaşı zamanı, 2020-ci ilin oktyabr ayında bənzər təxribata cəhd etməsini xatırladır. Xatırladaq ki, 2020-ci ilin oktyabr ayı boyunca ermənilər bir neçə dəfə Mingəçevir su-elektrik stansiyasının (SES) bəndini partlatmağa səy göstərmişdi. Şübhə yox ki, Mingəçevir SES kimi böyük bir su hövzəsi dağıdılsaydı, rayonlarımız su altında qala bilərdi. Ermənilər öz çirkin məqsədlərinə nail olmaq üçün SES-i uzaqmənzilli raketlərlə dəfələrlə vurmağa cəhd etsələr də, hava hücumundan müdafiə sistemimiz düşmənin raketlərini dərhal məhv etdi. Ermənistan da bu hərəkəti cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raket atmaqla beynəlxalq hüququn bütün normalarını, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud surətdə pozmuşdu.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, Ukrayna ərazisini işğal edən rusların hansı aqibətlə üzləşəcəyi əvvəlcədən proqnozlaşdırılmışdı. Partiya rəhbərinin sözlərinə görə, o da müharibə başlayanda bildirmişdi ki, bu savaşda rusların qələbəsi qeyri-mümkündür:

"Çünki Rusiya haqsız tərəfdir. Ukraynanın ərazisi böyükdür, əhalisi də çoxdur. Məlum idi, Rusiya Ukraynanın kiçik bir ərazisində lokal müharibə ilə kifayətlənəcəkdi. Əlbəttə, müharibə böyükdür, amma kiçik bir ərazidə aparılır. Buna rəğmən, Rusiyanın "böyük siyasəti", "nəhəng və güclü dövlət" imici ifşa olundu. Rusiya hazırda Ukraynanın əks-hücumları qarşısında dözümsüz vəziyyətdədir. Ona görə də müxtəlif üsullara əl atır. Kaxovka SES-in guya Ukrayna tərəfindən vurulduğunu iddia edir, mülki sakinlərin öz orduları tərəfindən hədəf alındığını vurğulayır və s. Amma şübhə yox ki, bunu edən Rusiyadır, çünki məğlub vəziyyətdədir və çalışır ki, qarşı tərəfə mümkün qədər ciddi zərər versin. Hesab edirəm ki, məğlubiyyətin son anında daha böyük fəlakətlər yaşana bilər. "Cəhənnəmə gedən, özünə yoldaş axtarar" deyimi var. Putin də vaxtı ilə söyləmişdi ki, "Rusiyasız dünya nəyə lazımdır". Rusiya Ukraynanı davamlı olaraq nüvə silahı ilə hədələsə də, buna risk etmir. Məqsəd müharibənin sonunda məğlubiyyət üçün bəhanə tapmaqdır. Ona görə də təbliğat aparırlar ki, "Rusiya Qərblə savaşır, o səbəbdən güclər qeyri-bərabərdir". Digər yandan Rusiya daxildəki dəstəyini də ciddi şəkildə itirib. O baxımdan SES-i dağıtmaqla Ukraynanı böyük "faciəli düşmən" kimi təqdim etməklə növbəti səfərbərliyə hazırlıq görür. Rusiya cəbhədə, döyüş bölgəsində nailiyyət əldə edə bilmir. Fikir verirsizsə, ancaq raketlərlə dinc şəhərləri vurur. Lakin belə bleflər sonun yaxınlaşmasına mane ola bilməyəcək".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 1574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed