Şrift:
Fərəc Quliyev:Biz milli hədəflərimizi fəth etmək üçün bu təşkilat formasını seçmişik
03.11.2023 [11:06] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Müxalif cameədə olanların 90 faizi siyasətdən gedəcək” iddiasına maraqlı reaksiyalar

“İndiki siyasi qüvvələr Qarabağ dalğasında siyasətə gəliblər”. Bu barədə REAL Partiyasının təmsilçisi Natiq Cəfərli Bakupost.az-a müsahibəsində deyib. Onun sözlərinə görə, son illər iqtidar düşərgəsində nəsil dəyişimi baş verib, lakin müxalifətdə bu, baş verməyib:

“20-30 il əvvəl Qarabağ dalğasında siyasi səhnəyə gələnlər yenə də siyasətdədir. Artıq Qarabağ məsələsi bitib və ona görə həmin müxalif siyasilər öz vizyonuna korreksiya etməlidirlər. Amma edə bilmirlər. Müxalifət dünyadakı yeni trendləri, yeni ab-havanı tuta bilmir, Azərbaycan iqtidarı bunu daha yaxşı bacarır. Ona görə də müxalif cameədə olanların 90 faizi siyasətdən gedəcək”.

N.Cəfərli əlavə edib ki, Azərbaycanda siyasi partiyalar lider ətrafında formalaşıb. Həmin liderlərin ideoloji kimliyi, məsələlərə baxışı haqqında insanlar məlumatsız olub: “Yeganə ana xətt ondan ibarət olub ki, biz hakimiyyətə qarşıyıq, özümüz hakimiyyətə gəlmək istəyirik. Ancaq sən necə hakimiyyətə qarşısan və hakimiyyətə gələndən sonra nələr dəyişəcək? Bu suallarla bağlı son 30 ildə boşluqlar olub”.

O qeyd edib ki, ölkədə müxalif cameə nəyinsə lehinə yox, kiminsə və nəyinsə əleyhinə formalaşıb: ""Əleyhinə" tipli birliklər və yanaşmalar isə çox vaxt uğursuzluqla nəticələnir".

Siyasətə Şuşadakı Topxana meşəsi ilə gələn artıq bir az da yaşlaşmış siyasi müxalifət Qarabağın azadlığı ilə meydanı tərk etməyə hazırdırmı?


Ötən əsrin 80-cı illərindən aktiv siyasətlə məşğul olan, AXC İcraiyyə Komitəsinin sədri olmuş Fərəc Quliyev bu sual ətrafında çox vacib məqamlara toxundu:

“Təbii ki, dövrün trendini tuta bilməyən müxalifət siyasətdən gedəcək. Çünki ölkə üçün siyasət qurma, modelləşmə dövrün trendinə görə olur, strateji hədəflərə görə qurulur. Azərbaycanda iki müxalifət formalaşıb. Əsasən siyasətlə məşğul olanlar o dövrün trendinə uyğun olaraq Qarabağ məsələsi ətrafında toparlanmışdılar. Bunlar da sonradan partiyalara çevrilmişdi. Əvvəllər partiyalar yox idi. Qarşılarına bunu məqsəd qoyanlar əlbəttə ki, siyasətdə hədəflərinə çatıblar və getməyi düşünürlər. Özümüz üçün deyə bilərəm ki, biz ideoloji kimliyimizi müəyyənləşdirən, dövrün trendi, gələcəkdəki hədəflərə çatmağı qarşımıza məqsəd qoyan bir təşkilatıq. 1998-ci ildə "Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu" kitabını yazdım. Bu gün də bizim partiyanın proqramının bazası budur. Bizim ideoloji bazamız bundan ibarətdir. Orada transkontinental “Turan” Avrasiya Bloku müəyyənləşib. Azərbaycanın daxili və xarici siyasəti, bizim baxışlar, bundan sonrakı 50-100 ildə ölkəmizin tutacağı mövqelər, yeni dünya düzəni idarəetməsində yer alma məsələləri qarşımıza məqsəd qoyulub. Yəni bunlar uzunmüddətli hədəflərdir. Biz bunları həyata keçirməkdə maraqlıyıq. Üstəlik, bizim təşkilatda departamentlər institutu yaradılıb. Bu departamentlər Qərbi Azərbaycan, Güney Azərbaycan, Türk dünyası, Dərbənd, Borçalı adlanır. Adlarından göründüyü qədər bizim ayrı-ayrı şəkildə bu məsələlərə münasibətimiz var. Bu məsələlərdə ardıcıl olaraq fəaliyyət göstərmişik. İndi Qərbi Azərbaycan İcması yaranıb. Amma bizim hələ 2002-ci ildən Qərbi Azərbaycan Departamentimiz var. Bu gün Güney Azərbaycanla bağlı artıq dövlət siyasətinə çevrilən bir vəziyyət yaranıb. Bizim hələ sona çatmayan hədəflərimiz var. 1988-ci illərdən sonra siyasətə qatılanlar var idi, amma ondan əvvəl də siyasətə gələnlər var idi. Mən və mənim silahdaşlarım ona qədər siyasətə qatılmışdı. Biz 90-cı illərdə hələ “Qisas” təşkilatı yaratmışdıq. Ondan əvvəl başqa təşkilatlarımız olub. Məqsədimiz Azərbaycanı müstəqilliyə qovuşdurmaq olub. Biz 2002-ci ildə partiyamızı yaradanda proqramımıza Azərbaycan üçün ədalətli status-kvo, Bütöv Azərbaycan yazmışdıq. Bunun üçün partiyamızın proqramı ilə əlaqədar qeydiyyatında belə problemlər yaşadıq. Biz o arada “Təbriz” qəzetini buraxdıq. Bunları deməkdə məqsədimiz odur ki, fəaliyyətimizdə söz olaraq deyil, əməl olaraq özümüzü göstərmişik. Bizim Qarabağ məsələsinə qədər fəaliyyətimiz olub. Yekun olaraq bildirim ki, biz Qarabağ məsələsi ilə bağlı yaranan təşkilat olmadığımız üçün sualınıza cavab verim ki, fəaliyyətimizi davam etdirəcəyik. Biz milli hədəflərimizi fəth etmək üçün bu təşkilat formasını seçmişik. O mənada dövrün trendinə uyğun gəlməyən, yaxud 88-ci illərdən sonra bir lokal məsələ ətrafında meydana gəlib, hədəflərinə çatmış olduğunu düşünənlər siyasətdən gedəcəklər".

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed