Şrift:
Fərəc Quliyev:Etibar bəyin xalq hərəkatında əvəzsiz xidmətləri olub
08.11.2023 [21:38] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) ilk sədri Etibar Məmmədov memuar yazır. Bu barədə o, “Toplum” kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, memuarların toplandığı kitab ictimai-siyasi həyatını əhatə edəcək. “Mən siyasi fəaliyyətimə tələbəlikdən başlamışam. Yazmalı çoxlu səhifələr var”, - deyə E.Məmmədov bildirib. O, kitabda sürprizlərin olacağını da istisna etməyib. Etibar Məmmədov siyasətə qayıtmaq fikrində olmadığını vurğulayıb.

Tarixə kiçik nəzər salsaq, XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları - 1988-ci ilin əvvəlində başlamışdı. Azərbaycan Milli Azadlıq Hərəkatının ilk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası - Meydan hərəkatı (1988-ci il 17 noyabr - 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, “Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, respublikanın bütün ərazisinə şamil edilir” və “Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər”.

1990-cı il yanvarın 20-də Azərbaycanın ovaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.

Beləliklə, Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988-1991-ci illərin xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və Azərbaycan XX əsrdə ikinci dəfə (1991-ci il, 18 oktyabr) müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.

Bəs görəsən, bu tarixin iştirakçısı olan digər fəallar da memuar yazaraq yaşanılan tarixi əbədiləşdirmək istəyirlərmi?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Etibar bəyin xalq hərəkatında əvəzsiz xidmətləri olub: “Sonra başqa bir partiya yaratdı, partiya lideri kimi fəaliyyət göstərdi. Amma hələ partiyalar yaranmayanda xalq hərəkatında Etibar bəy çox radikal şəkildə mübarizə aparanlardan birincisi idi. Xüsusən o dönəmi yaşayan, o tarixi yaradan insanların memuar yazması, sadəcə, mətnlər deyil, bunlar həm də tarixin bir parçasıdır. Onun iştirakçısı olduğu hadisələri işıqlandırması tariximizin doğru-düzgün işıqlandırılmasında, təbliğ olunmasında, gələcəyə ötürülməsində informasiya qaynağıdır. Bütün siyasilər hər hansı formada əsərlər yazmalıdır. Mən bu memuarın yazılmasını təqdir edirəm. Özünün iştirak etdiyi hadisələri obyektiv şəkildə işıqlandıracaqsa, bu, Azərbaycan tarixinə xidmətdir. Mən özüm isə keçən il partiyanın 20 illiyi, özümün də 60 illiyimlə əlaqədar 720 səhifədən ibarət ”Savaşımın 60 anı" adlı kitab çap etdirdim. Bu bioqrafik bir əsər idi. Mən də bütün iştirakçısı olduğum hadisələri tarixi sənədlərlə, faktlarla orada göstərdim. Demək olar ki, özümün iştirak etdiyim tarixin o hissəsini sənədləşdirdim, bir kitab halına saldım. Gələcəkdə fəaliyyətimizdə nələr olacaqsa, bunları da təbii ki, göstərəcəyik. Mən o kitabın cildində də göstərmişdim ki, gələcəyi qurmaq üçün keçmişi bilmək çox vacibdir. Ona görə biz gerçəkləri nəsillərə ötürməliyik. İstərdim ki, başqaları da tarixi əsərlər ortaya qoysunlar".

Afaq MİRAYİQ/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed