Şrift:
Fərəc Quliyev: Atatürkün qurduğu partiyanın sabit ideoloji-siyasi xətti olsa da…
16.11.2023 [14:02] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu, həm də Türkiyə-Azərbaycan dostlarına və düşmənlərinə verilən ismarıcdır”

“Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri mənə zəng vurub Azərbaycan haqqında yazdıqlarımı oxuduğunu dedi”. Bunu Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Donat Özel yazıb.

O bildirib ki, yeni sədr “Dost və qardaş Azərbaycanın xətrinə dəymişik” deyib:

“Özgür Özəl “Tamamilə bizim günahımızdı” dedi. Dedi ki, bunun əvəzini çıxacaq və Can Azərbaycanın könlünü alacaq”.

Ö.Özel, həmçinin, köşə yazarına CHP-nin yeni sədri kimi ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ardınca Azərbaycana edəcəyini bildirib.

Türkiyənin əsas müxalif partiyası CHP-nin yeni sədrinin Azərbaycana yönəlik bu jesti nəyi dəyişə bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu bizi məmnun edən bir mövqedir: “Çünki söhbət Türkiyənin ciddi ana müxalifət partiyasından gedir. Bu, Atatürkün qurduğu bir siyasi təsisatdır. Birbaşa hakimiyyətdə olmasa da, parlamentdə böyük bir tərkiblə təmsil olunur. Siyasi hadisələrə təsir etmək gücünə sahibdir. Türkiyədə bir ənənə var ki, siyasi partiyalar milli məsələlərdə ortaq məxrəcə gələ bilirlər. Yeni rəhbərin bu mövqeyi partiyanın öz kursunda redaktələr etməsilə nəticələnəcək. Həm də deyib ki, ilk olaraq Quzey Kipri, sonra Azərbaycanı ziyarət edəcək. Bunun özü də çox ciddi mesajdır. Rəsmi protokollarda Türkiyə rəhbərləri məhz bu cür davranıb. Bu o anlama gəlir ki, partiyanın yeni sədri ölkəsinin Azərbaycanla bağlı apardığı siyasi kursu müdafiə edir. Bundan sonra da orada koalision hakimiyyət və ya yeni dəyişiklik olarsa, böyük gələcək yolundakı maneələr aradan qalxır. Söhbət yalnız Azərbaycan - Türkiyə münasibətlərindən deyil, həm də siyasi oriyentasiyadan gedir. Buzun görünməyən hissəsində yaşananlardı. Düşünürəm ki, bu, Türkiyə cəmiyyətində Azərbaycanla bağlı məsələdə yaradılan ikitirəliyi aradan qaldıracaq. Xarici qüvvələrə də çox ciddi mesajdır. Bir ara xarici qüvvələr deyirdi ki, CHP-nin əli ilə Türkiyədə hakimiyyət dəyişikliyi etməyi planlayıblar. Bununla həm də başqa bir zehniyyəti iş başına gətirmək istəyirdilər. Bütün bu planlar da iflasa uğramış olur. Bu, həm də Türkiyə-Azərbaycan dostlarına və düşmənlərinə verilən ismarıcdır. Belə mövqe Türkiyənin daxilində də iqtidar-müxalifət münasibətlərini normallaşdırmış olacaq. Onları monolit qüvvə kimi çıxış etməyə vadar edəcək. Azərbaycan amili üzərində qurulmuş siyasət hər mənada bizi məmnun edəcək”.

Atatürkün qurduğu partiyanın sabit ideoloji-siyasi xətti olsa da, sirr deyil ki, partiya daxilində fərqli düşünən, Türkiyə daxilində və regional, eləcə də beynəlxalq siyasətə fərqli baxan qruplar var. Bu mənada yeni sədrin mövqeyi partiyadakı ziddiyyətlərə də müsbət yön verəcək. Əgər söhbət parlamentdə ikinci çoxluğa sahib, ana müxalifət və ciddi strukturlaşmış bir siyasi təşkilatdan gedirsə, o zaman nəzərə almalıyıq ki, CHP ilk gündən Qarabağ müharibəsində Azərbaycanı dəstəkləyib. Faktlara baxaq. Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsinin başlamasının sabahı günü Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 partiya, o cümlədən Cümhuriyyət Xalq Partiyası birgə açıqlama yayaraq Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını qınayıb.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed