Şrift:
Professor Qulamrza Səbri Təbrizi: İranda Türk dilini rəsmi şəkildə tanımayan prezident ola bilməz
12.02.2013 [10:10] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan mövzusu son aylarda beynəlxalq səviyyədə ən çox gündəmdə olan mövzulardan birinə çevrilmişdir. Belə ki, BMT və digər beynəlxalq qurumlarda Orta Şərq baş verən proseslərin ardınca bütün diqqətlərini Güney Azərbaycana yönəlik problemlərə yönəltməyə başlamışlar. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) təşkilatının başqanı, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi mövcud durumla bağlı suallarımızı cavablandırıb.

– Qulamrza müəllim, Güney Azərbaycanda nə kimi proseslər baş verir ki, beynəlxalq səviyyədə bu proseslərə bunca diqqət artmışdır?



– İlk öncə bildirim ki, Güney Azərbaycan ötən yüzildə baş vermiş inqilabi proseslərin, Milli Azadlıq Hərəkatının məntiqi davamı kimi yenidən vüsət götürmüşdür. Siz bir diqqətlə baxın, indi Tehran rejiminin həbsxanalarında cəza çəkən siyasi dustaqların əksəriyyəti bizim Milli Hərəkatımızın fəallarıdırlar. Səid Mətinpur, Lətif Həsəni, Şəhram Radmehr, Mahmud Fəzli, Hakim Haşımzadə, Əfsanə Tofiq, İrəc Məhəmmədi, Həmid Məlikabadi, Yürüş Mehrəlibəyli, Davud Əzimzadə, Mehdi Kuhiyan, Monijə Bəhluli və digər yüzlərlə fəallar rejimin işgəncələrinə məruz qalmışlar. Rəsmi statistikaya görə İran 62 nəfər jurnalist həbsə alınmışlar. Bunun əsas səbəbi Güney Azərbaycanda xalqın həddindən artıq yoxsulluq və milli zülm və bir də ekoloji problemlərin məngənəsində qalmasıdır. Bütün bunlar azmış kimi, indi də bu dərin problemlərə etiraz edən, səsini ucaldan vətəndaşları dərhal həbs edir və onlara ən məşəqqətli işgəncələr verilir. Ancaq, belə bir məkrli siyasətə qarşı xalqmız öz milli dirənişini nəinki dayandırmamış, daha da təşkilatlanmış şəkildə mübarizəsini davam etdirir. Biz GAMAC təşkilatı olaraq, Güney Azərbaycandakı prosesləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa, Milli Hərəkatımıza beynəlxalq dəstəyin verilməsini təmin etməyə çalışırıq. Bu prosesdə ən çox güvəndiyimiz Türk Dünyasının Güney Azərbaycana dəstəyini verməsidir. Biz paralel olaraq, siyasi məhbuslarımızın hüquqlarının qorunması üçün bütün beynəlxalq təşkilatlarla əlaqələrimizi sıx şəkildə qurmuşuq. Ötən ilin sonlarında Almaniyanın Berlin, Türkiyənin Ankara, Avropanın digər iri şəhərlərində GAMAC-ın adına bir sıra tədbirlər keçirmişik. Ən son qərarlarımızdan biri də ABŞ Konqresində və BMT-də Güney Azərbaycana dəstək verilməsi üçün tələb olunan imza kampaniyasını gündəmə gətirdik. Düz bir həftə ərzində 25 min imza topladıq. Həmin imza sənədi ABŞ Konqresinə və BMT-yə təqdim olunmuşdur. Əsas hədəflərimizdən biri də 2013-cü ili Güney Azərbaycan Milli Hərəkatında dönüş ili kimi görməkdir.

– Professor, İranda inflyasiyanın sürətlə dərinləşməsi, sosial böhranın artması ilə yanaşı prezident seçkilərinin yaxınlaşması hansı sonluqla bitəcək?



- Bəli, İranda bu gün elə bir durum yaranmışdır ki, ölkə istənilən an barıt çəlləyi kimi partlamağa hazırdır. Bütün bunlar mollakratiya rejiminin mahiyyətindən yaranmışdır. Otuz beş ildir totalitar bir rejim siyasətini aparan bu hakimiyyətin nəhayət ki, sonu yaxınlaşmışdır. İndi dünyanın ən yoxsul ölkələrindən birinə çevrilən İran rejimi artıq özünün çöküş ərəfəsini yaşamaqdadır. Bu infliasiyanın qarşısını almaq üçün əvvəllər əhaliyə subsidiyalar verilirdisə, indi bunu ödəmək imkanında deyil. Təsəvvür edirsinizmi İran rejiminin əsas dayaq gücü olan İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın maaşını vermək imkanı belə məhdudlaşıbdır. Bəzi ölkələrdəki səfirliklərinin aylıq maaşlarını verə bilmir. Dövlət müəssisələrində, xüsusilə fabrik və zavodlarda əməkçilərin maaşları üç aydır verilmir. Bizim ən çox gözlədiyimiz prezident seçkiləridir. İsveçrənin Sürix şəhərində BMT Baş Assmableyasının mərkəzi ofisində ötən il biz İranda yaşayan lor, gilək, bəlus, ərəb, türkmən, kürd xalqlarının nümayəndələri ilə görüşümüz zamanı hər bir xalqın öz ana dilində təhsil almaq, mədəni təsisatlarını yaratmaq, televiziya və radiolarına sahib olmaq, kitab nəşrlərini və digər hüquqlarını əldə etmək məsələlərini gündəmə gətirdik. İndi İranda prezident seçkiləri ərəfəsində ölkədə rejimə qarşı aparılan mübarizədə gözlənilən vətəndaş müharibəsinin qarşısını almaq, dinc yolla milli hüquqlarımıza sahib çıxmaq üçün yeni təkliflərimizi irəli sürmüşük. Bu da prezidentliyə namizədlərdən hansının Güney Azərbaycan türklərinin, eləcə də digər xalqların milli hüquqlarını tanıyacaqsa, o da ən çox səs qazana bilər. Bunsuz heç kim iyun ayında gözlənilən seçkilərin qalibi ola bilməyəcəkdir. Ötən prezident seçkilərində liberal dona girmiş “Yaşıllar Hərəkatı”nın məğlubiyyətinin əsas səbəbi də bundan ibarət idi. Onlar ölkə əhalisini aldada bilmədilər.

– Bəs həmin vaxt mühafizəkar qüvvələrin nümayəndəsi Mahmud Əhmədinicat necə qalib gəldi?



- Beş il bundan öncə mühafizəkarlar yenicə başlanılan infliasiyanın qarşısını almaq üçün kasıb əhaliyə subsidiyalar ödəməklə yaranmış kritik dönəmdə vəziyyətdən çıxmaqla yanaşı həm də istədikləri səsi qazana bildilər. İndiki durum ötən beş ildən tamamilə fərqlənir. Bu gün İrandakı durum beş il öncəkindən xeyli dərəcədə fərqlənir. Artıq əhali mühafizəkarlara, nə də liberal cildə girmiş yeni fars şovinistlərinə inanmırlar. Bütün xalqları ilk öncə maraqlandıran milli hüquqların təmin edilməsi bir iradə olaraq ortaya qoymuşlar. Sayı milyonları aşan xalqların hüquqlarını tanımayan hakimiyyətin və rejimin sonu beləcə yaxınlaşmaqdadır. Biz GAMAC təşkilatı olaraq, demək olar ki, Güney Azərbaycanın hər bir bölgəsində bu yöndə fəaliyyət dairəmizi gücləndirmişik. Digər milli təşkilatlarımızla əlaqələrimizi daha da sıxlaşdırmaq üçün bir sıra addımlar atmışıq. Milli hədəflərimiz uğrunda mübarizə aparan bütün milli təşkilatlarımız üçün GAMAC-ın qapıları hamının üzünə açıqdır. Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Azərbaycan Milli Demokartik Birliyi, Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Sosial Demokrat Partiyası, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan Liberal Demokrat Partiyası, Güney Azərbaycan İstiqlal Partiyası kimi milli təşkilatlarımız da bu prosesdə çox mühüm işlər görürlər. Milli təşkilatlarımız arasında nifaq toxumu səpmək istəyən bəzi qüvvələrin indi əsil mahiyyəti üzə çıxdıqca, Milli Hərəkatımızın gücü və qüdrəti daha da böyüməkdə və özünün möhtəşəmliyini artırmaqdadır. Bu gün İranda mühafizəkar qüvvələrin ölkəni ağır şərtlər altında yaşamağa məhkum etməsini sadə vətəndaşlar belə dərk edirlər. Mollakratiya rejiminin otuz beş ildir davam edən siyasi avantürasının sonu olduğunu hər kəs qəti şəkildə inanmağa başlamışdır.

– Qulamrza müəllim, indi hansı proseslərin baş verəcəyini, Güney Azərbaycan Milli Davasında nə kimi yeniliklərin olacağını çoxları gözləməkdədirlər.



– Bu yol hər birimizin məsələki, milli hədəfi olmalıdır. Hələ 1918-ci ildə Şeyx Məhəmməd Xiyabani Təbrizdə Göy Məscidin qarşısında xalqımıza müraciətində bizim bir millət olaraq hədəflərimizi belə izah etmişdi: “And olsun şərəfimə o millətin ki, istiqlalı yoxdur, onun heç nəyi yoxdur”. Bizim Güney Azərbaycan olaraq istiqlalımızın hədəfləri hər kəsə bəllidir. Bu, Güney Azərbaycanımızın tarixi əraziləri boyunca orta məktəblərdə ana dilində təhsil almaq, öz milli televiziya və radiomuza sahib çıxmaq, türk dilində qəzet və dərgilərin, kitabların nəşrində olan yasaqların aradan götürülməsi, teatrların fəaliyyət göstərməsi, dövlət idarələrində ana dilimizdə rəsmi şəkildə istifadə olunması və milli-mədəni təsisatatlarımızın hüquqi müstəvidə tanınmasıdır. Güney Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərinin çıxarılması və bizim öz ərazimizdə onların emalı və istehsalı üçün müəssisələrin yaradılması, milli gəlirlərimizə özümüzün nəzarət etmək hüquqlarımızın tanınması bizim Milli Hərəkatımızın ana hədəfidir. İndiki mərhələdə biz bütün milli təşkilatlarımızla birlikdə xalqımızı bu hədəflər ətrafında birləşmək üçün fəaliyyət göstəririk. Milli şairimiz Məhəmmədhüseyn Şəhriyarın Güney Azərbaycanın teleyini nəzərə alaraq bir zamanlar çox böyük zəka ilə yazdığı bir beyti yadıma düşdü:

Ey İran qəsrini əli tikən,

İrandan hər zaman bəlalar görən.

Bütün bunlar Güney Azərbaycanın doğrudan da hər zaman ən böyük bəlası olmuşdur. Bu gün məqdəsli şəkildə Şəhriyar kimi milli şairimizə həm bu tayda, həm o tayda çamur atan, böhtanlar yağdıranların da əsas hədəfi milli fikir şəxsiyyətlərimizə qarşı strateji niyyətlərini ortaya qoymaq deməkdir. Buna fars şovinizminin incə şəkildə türkün böyük şəxsiyyətlərini ləkələmək, intriqalar yaratmaq deyilir.

–Bu gün Güney Azərbaycandakı Milli Hərəkatı beynəlxalq səviyyədə müdafiə edənlər olacaqmı?



– Mən şəxsən buna inanıram ki, Güney Azərbaycan Milli Hərəkatını dünya birliyi qəti şəkildə müdafiə edəcəkdir. Çünki, bizim hərəkat hansısa rasizm, diktatorluq və irticaçı məqsədləri hədəfə almaq deyil, məhz buna qarşı olan mübarizədir. Bizim Milli Hərəkat öz strateji və ideoloji mahiyyətinə görə milli demokratik fəlsəfəyə söykənir. Digər yandan tamamilə demokratik təfəkkür tərzi baxımından Güney Azərbaycanın idarə olunması şərtlərini irəli sürürk. Biz Güney Azərbaycandakı yerli milli burjuaziyanın da hüquqlarını tanıyırıq, tacirçlərin və əsnafın mülkiyyət hüquqlarını müdafiə edirik. Ancaq, bununla yanaşı, əhalinin sosial hüquqlarının tanınması, milli gəlirin Güney Azərbayca boyunca ədalətli şəkildə bölünməsi, yeni texnologiyalarının tətbiqi də əsas strateji hədəflərimizə daxil olan konsepsiyadır. Biz beynəlxalq tədbirlərdə hədəflərimizi açıqladıqca, Milli Hərəkatımızın mahiyyətini də ortaya qoyuruq. İndiki məqamda Güney Azərbaycanda milli fəallarımızın hüquq və azadlıqlarının qorunması məsələsində beynəlxalq birliyin qəti şəkildə bizi müdafiə etməsi Milli Hərəkatımıza olan diqqətin nəticəsində baş verir. Bu il ərzində biz Güney Azərbaycanın strateji, regional və digər aspektlərinin əhəmiyyəti barəsində bir sıra beynəlxalq tədbirlər keçirmək fikrindəyik. Bizim əsas fikrimiz dünya güclərini bəzən yalnış yola istiqamətləndirən hədəflərin aradan götürülməsinə nail olmaqdır. Biz Güney Azərbaycan Milli Hərəkatını Türk Dünyasının tərkib hissəsi kimi görürürk. Güney Azərbaycan Orta Asiya-Türkiyə-Avropa ipək yolu üçün strateji bölgədir. Bu zatən tarixdə də belə olmuşdur. Bəşəri mənada dünyanın strateji regionları arasında inteqrasiya Güney Azərbaycan qədər münbit bölgə yoxdur. Bunun üçün də ən sabit və inkiaf etmiş bölgələrin yaranması proseslərinin başlanılması proseslərinə xüsusi diqqət lazımdır. Orta Doğudakı inqilablar bu sabitliyin yaranmasına gətirib cıxaracaq. Güney Azərbaycanın öz milli istiqlalına qovuşması digər nəhəng bir bölgənin istiqrarı deməkdir. Bax dünya birliyi bunu dərk etdikcə bunun strateji əhəmiyyətini də ortaya çıxır.

Söhbətləşdi: Ənvər Yusifoğlu
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed