Şrift:
Qərbi Azərbaycan İcması bəyanat yaydı
28.03.2024 [12:22] - Qərbi Azərbaycan-İrəvan
2024-cü il martın 27-də Fransanın “Le Figaro” qəzetində Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edilib.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Azərbaycanın xalqlar arasında nifaqı geridə qoymağa xidmət edən, anlaşmaya, barışığa əsaslanan, alicənab və mərhəmətli siyasəti sayəsində sərbəst qalmış bu şəxs indi yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək fikrinə düşüb:

"Sözügedən şəxs separatçı strukturların Ermənistan ərazisində fəaliyyətini davam etdirdiyini bildirmiş, Fransa başda olmaqla xarici gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırmış və Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı çıxmışdır. Sözügedən separatist ünsürlər özlərini “mühacir hökumət”, “prezident”, “nazir” kimi təqdim edir, Ermənistan hökuməti isə faktiki olaraq buna göz yumur.

Qeyd edək ki, müsahibənin məhz Fransanın mətbuat orqanlarının birində dərc edilməsi təsadüfi deyil. Fransa başda olmaqla öz mənfur geosiyasi niyyətləri ilə regiona daxil olmağa çalışan bəzi qüvvələr regionda sülhün əldə edilməsinə yol vermək istəmirlər və bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa çalışırlar. Ermənistanın hərbiləşdirilməsinə yardımlar, bu müsahibə, 5 aprel 2024-cü ildə keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı sammiti – bunların hamısı eyni xəttə xidmət edən vahid kampaniyanın tərkib hissələridir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırır. Ermənistan dərk etməldir ki, öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən ünsürlərin fəaliyyətinə şərait yaratması yolverilməzdir.

Qərbi Azərbaycan İcması Ermənistandan revanşist və militarist siyasətinə son verməyi, Azərbaycanla sülh əldə etmək yolunu tutmağı və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edir".
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed