Şrift:
Aİ Brüsseldə erməni tərəfi ilə görüşdən əvvəl bəhanələr gətirməyə başlayıb
29.03.2024 [10:11] - Gündəm, Siyasət
Aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-ABŞ-Ermənistan görüşündən əvvəl Aİ bu hadisənin sırf iqtisadi xarakter daşıdığını iddia edərək, əvvəlcədən özünə bəraət qazandırmağa başladı.

Belə ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stano Brüsseldə keçirilən görüşdə nələrin müzakirə olunacağı ilə bağlı guya “anlaşılmazlıq olduğunu” deyir.

"Görüşdə “təhlükəsizlik zəmanətləri”nin müzakirə olunacağı doğru deyil. Orada Aİ-ABŞ-Ermənistan ikitərəfli gündəliyindən kənar məsələlərə baxılmayacaq", - deyən Stano görüşün mövzusunun nə hazırkı normallaşma prosesi, nə sülh danışıqları, nə də Ermənistan-Azərbaycan münasibətləri olduğunu bildirib.

"Əsas diqqət Ermənistanın iqtisadi dayanıqlılığına və bu ölkə ilə ikitərəfli əməkdaşlığımıza yönələcək. Avropa İttifaqının ABŞ və Ermənistanla təşkil etdiyi yüksək səviyyəli görüş Ermənistanla əməkdaşlığımıza ciddi şəkildə ikitərəfli diqqət yetirir. Bu barədə ötən ilin oktyabrında Avropa Siyasi Birliyinin sammiti çərçivəsində bildirilib. Aİ və ABŞ Ermənistan və region üçün sabit, dinc, təhlükəsiz və firavan gələcəyi dəstəkləmək öhdəliyini bölüşür", - deyə P.Stano qeyd edib.

Onun sözlərinə görə, görüş bu öhdəliyin nümayişidir və qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə davam edən Trans-Atlantik (yəni: Aİ + ABŞ) əməkdaşlığı əks etdirir.

"Bu, Aİ və Ermənistan arasında ikitərəfli Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlığa əsaslanan və yeni Aİ-Ermənistan Tərəfdaşlıq Proqramı üzrə bu yaxınlarda başlanmış iş kontekstində onun iqtisadi dayanıqlılığını artırmaq üçün Ermənistanla dərinləşən əməkdaşlığımızı müzakirə etmək imkanı verəcək. Sabit və daha möhkəm Ermənistan daha stabil Cənubi Qafqaz deməkdir. Bizim səylərimiz heç kimə qarşı yönəlməyib, bütün regionun maraqlarına və sabitliyinə cavab verir", - deyə o bildirib.

Aİ, əslində, baş verənlərdən xəbəri olmayanlar üçün bu bəhanələr qarşısında nə qədər xeyirxah görünür. Amma reallıqda Aİ-nin Ermənistandakı missiyasının hərbiləşdirilməsi prosesi gedir, bu ölkəyə silah-sursat verilir ki, bu da heç bir şəkildə sülh prosesinə töhfə verə bilməz.

Aİ Brüsseldəki görüşün əsl məqsədlərini nə qədər gizlətməyə çalışsa da, bunun, əslində, regionda gərginliyə gətirib çıxaracağı göz qabağındadır.

Ermənistan Qərbin regionda geosiyasi planlarının həyata keçirilməsi üçün alətə çevrilib və çoxdan bu prosesə böyük həvəslə qoşulub. Bu kontekstdə qeyd etmək lazımdır ki, Avropa İttifaqının Ermənistanda yerləşən mülki missiyası, əslində, qısamüddətli olmalı idi. Onların fəaliyyəti cəmi iki ay ilə məhdudlaşırdı. Zaman keçdikcə bu missiyanın iştirakçılarının sayı artdı. Artıq burada 200-dən çox insan çalışır. Bəzi məlumatlara görə, bunlar keçmiş kəşfiyyatçılar və hərbi qulluqçulardır. Tədricən bu missiyanın hərbiləşdirilməsi prosesi başlayır.

Bu baxımdan, istisna edilmir ki, aprelin 5-də Brüsseldə Avropa İttifaqı Komissiyasının rəhbəri, ABŞ dövlət katibi və Ermənistanın baş naziri arasında keçirilən görüşdə bu missiyanın hərbiləşdirilməsi, eləcə də, bu missiyanı təmin etmək planı, eləcə də, Ermənistana dəstək (yəni müdafiə və təhlükəsizlik təminatları) müzakirə olunacaq.

Burada Ermənistandan ancaq alət kimi istifadə olunur. Eyni zamanda, çox geniş əməkdaşlıq imkanlarına malik inteqrasiya olunmuş bir bölgəni barıt çəlləyinə çevirmək istəyirlər. Qərbin təhlükəsizlik adı altında Ermənistana silah ötürməsi, Ermənistan Silahlı Qüvvələrini təkmilləşdirmək üçün müxtəlif təlimatçıların və şəxslərin İrəvana gəlməsi regionun təhlükəsizliyini təhlükə altında qoyur.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed