Şrift:
Bu gün Aşuradır
16.07.2024 [10:29] - Xəbərlər, Gündəm, İslam dini
Bu gün Aşuradır. Məhərrəm ayının 10-cu günü Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli (ə) və Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı - İmam Hüseyn (ə) və tərəfdarları Kərbəlada Yezidin göndərdiyi qoşun tərəfindən şəhid edilib. Həmin qanlı hadisələrdən əsirlər ötməsinə baxmayaraq, hər il Aşura müsəlmanlar tərəfindən matəm günü kimi qeyd edilir.

Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçiriləcək. Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunacaq. QMİ-nin Qazılar Şurası Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməz olduğunu bəyan edib. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrə “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirməklə bağlı çağırış edib. “Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur”, - deyə müraciətdə deyilirdi.
Bu xəbər oxucular tərəfindən 1630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed