Şrift:
Fərəc Quliyev:İran prezidentinin verdiyi qərar əslində İran konstitusiyasında təsbit olunub
29.07.2024 [09:45] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Yeni prezidentin bu yöndə növbəti addımını mümkün sayan təhlilçilər həm də ehtiyatlı nikbinliyin tərəfdarıdır; İranın “ölkədə heç bir millətə qarşı ayrı-seçkilik yoxdur” mesajını təsdiqləmək zamanı...

İran prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb. Bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb. Bildirilib ki, bunun üçün “15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.

15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildiriblər.

Qeyd edək ki, “15-ci Prinsip Komitəsi”nin rəhbəri Cavad Miri bu barədə özünün X səhifəsində paylaşım etsə də, başçılıq edəcəyi komitənin fəaliyyətinin təfərrüatı barədə açıqlama verməyib. Xatırladaq ki, 2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını bildirmişdi.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, İranda qeyri-farsların ana dilində təhsil alması Şimali Azərbaycanla əlaqələrə də təsirsiz ötüşməyəcək: “İran prezidentinin verdiyi qərar əslində İran konstitusiyasında təsbit olunub. Söhbət təkcə Azərbaycan dilində təhsil almaqdan deyil, həm də digər azsaylı xalqların öz dilində təhsil almasından gedir. Əslində Azərbaycan türkləri İranda azsaylı xalq hesab olunmur. Hətta rəsmi mənbələrə istinad olunan məlumatlarda Azərbaycan türklərinin əhalinin 53 faizini təşkil etdiyi ifadə olunur. Bütün hallarda bu təqdirolunan məsələdir. Ana dilimizdə məktəblər açılacaqsa, ali təhsil müəssisələrində Azərbaycan tükçəsində fakültələr bərpa olunacaqsa, müəyyən elmi-tədqiqat mərkəzləri, bağlanmış qurumlar da açılacaqsa, bu, irəliləyiş deməkdir.

Bir millətin dilini əlindən aldıqdan sonra ciddi çətinliklər yaşanır. Bu addımlar əhval-ruhiyyəyə də ciddi təsir edəcək. İnsanların ana dilində təhsil alması Şimali Azərbaycanla əlaqələrə də təsirsiz ötüşməyəcək. Gələcəkdə tələbə mübadiləsi həyata keçirilə bilər. Bu, inteqrasiyanın gözəl forması olar. Yaxud İranda təhsil alan tələbələrin bir müddətdən sonra təhsilini Azərbaycanda davam etdirməsi gündəmə gələ bilər. Hesab edirəm ki, Azərbaycanda işləyən müəllimlərin İrana göndərilməsini də müzakirə etmək olar. Güney Azərbaycanda bu sahədə ciddi kadr çatışmazlığı yaşanır. Həm universitetlərdə, hətta kəndlərdə belə Azərbaycandan ezam olunmuş müəllimlərin çalışması ciddi irəliləyiş olar.

Hər halda, gedişatı diqqətdə saxlayaq. Azərbaycan türklərinin tələbləri, istəkləri nələr olacaq? Dövrün çağırışları nələr olacaq? “15-ci Prinsip Komitəsi”nin yaradılmasını təməl addım kimi qəbul edək. Bunun üzərində ciddi irəliləyişlər əldə etmək imkanı var. Növbəti mərhələlərdə nəticə prezidentin, o cümlədən İranın siyasi rəhbərliyinin iradəsinə, millətin davranışına, eyni zamanda bizim verəcəyimiz dəstəyə bağlıdır. İstənilən halda, bu təqdirolunan hadisədir".

Nigar HƏSƏNLİ/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 2455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed