Şrift:
Azərbaycan Litvaya nota verdi
19.03.2013 [10:56] - Gündəm, Siyasət
Martın 18-də xarici işlər nazirinin müavini Xələf Xələfov Litvanın səfiri Arturas Jurauskasla görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Xələf Xələfov Litva Seymində qondarma “Dağlıq Qarabağ Respublikası” ilə parlament dostluq qrupunun yaradılmasının Azərbaycanda narazılıqla qarşılandığını deyib. Nazir müavini qeyd edib ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisi ilə ayrıca dostluq qrupunun yaradılması beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Xələf Xələfov bu addımın Azərbaycanla Litva arasında münasibətlərin mövcud vəziyyətinə uyğun gəlmədiyini, ikitərəfli əlaqələrə kölgə saldığını deyib, ölkənin ərazi bütövlüyünün, suverenliyinin pozulması, separatçılığın dəstəklənməsi kimi qiymətləndirildiyini vurğulayıb.

Səfir Arturas Jurauskas deyib ki, parlamentin bir neçə üzvünün Dağlıq Qarabağla dostluq qrupunun yaradılmasına dair təşəbbüsü Seymin və Litva hökumətinin rəsmi mövqeyini ifadə etmir.

Xələf Xələfov bu cavabın Azərbaycanı qane etmədiyini, həmin deputatların Litva Respublikasının qanunvericilik hakimiyyətini təmsil etdiklərini, xüsusi statuslu rəsmilər olduqlarını və qondarma “Dağlıq Qarabağ Respublikası” nümayəndələri ilə şəxsi əlaqə deyil, parlament səviyyəsində dostluq qrupu yaratdıqlarını diqqətinə çatdırıb.

Nazir müavini səfirə etiraz notası təqdim edərək məsələnin araşdırılacağına və Litva tərəfinin bu halın aradan qaldırılması istiqamətində tədbirlər görəcəyinə ümid etdiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed