Şrift:
Şirinxanım Kərimbəyli Şadiman: - QANLARA BOYANDI BAKI AH İLƏ
31.03.2013 [00:48] - Gündəm, DAVAMın yazıları
31 mart 1918-ci ildə Bakı erməni
silahlı dəstələri tərəfindən Soyqırımına
məruz qalıb…Və bu heç vaxt ağlımızın
yaddaş səhifəsindən silinmədi.


Otuz bir mart min doqquz yüz on səkkiz,
Saldın yaddaşlara necə qanlı iz.
Ağladın, hönkürdün diləyimizdən,
Ağrın heç getmədi ürəyimizdən!
Məzarlar dağıldı, qanunlar susdu,
Hər dəhşət beyində min yol qan qusdu.
Kitablar az yazdı bu cinayəti,
Qocalar yaşatdı bu hekayəti.
Yaddaşın gətirib imdadlarına,
Onlar pıçıldadı övladlarına.
Ağıllar hifz etdi qırğını, ahı,
Arxivlər gizlətdi haqdan günahı!
Fəqət unuduldu vaxtın sabahı,
Aldada bilməyib şeytan Allahı!…
***
Qanlara boyandı Bakı ah ilə,
Qırğın gecə ilə, sübh-sabah ilə.
Müsəlman olanın bağrı söküldü,
Bütün arvad-uşaq çölə töküldü.
Qanlar su yerinə axdı şəhərdə,
Boğuldu məmləkət acı qəhərdə.
Hər yeri qışqırtı, nalə bürüdü,
Burda insanları ölüm sürüdü.
Heç vaxt yayındırmır şər qibləgahı,
Aldada bilməyir şeytan Allahı.
***
Min doqquz yüz on səkkizin sədası,
Otuz biri martla oldu qadası.
Ölənlərin say-hesabı yox idi,
Ermənilər, bolşeviklər çox idi.
Ev-ev gəzir əllərində silahı,
Titrətdilər həm gecəni, sabahı.
Ünsüz göylər göz yaşını axıtdı,
Ölüm, qada Allahı da qorxutdu.
Minlər ilə kişi, qadın qırıldı,
Müsibətdən yerin bağrı yarıldı.
Bu fəlakət erməninin qurumu,
Otuz bir mart – Bakının Soyqırımı!
***
Hər həyətdə su quyusu var idi,
Bu quyular meyitlərə dar idi.
Tökürdülər ölənləri quyuya,
Etdikləri cinayətlər uyuya!
Ermənilər qırdı, çatdı Bakını,
Bircə gündə qana atdı Bakını.
Dalanlardan zarıltılar gəlirdi,
Hər qapıdan inilti yüksəlirdi.
Silahlılar, yaraqlılar at üstə,
Fəryad edib, vay deyənlər can üstə…
İblislərdən qorxusu var divin də,
Müsəlmanlar şəhid oldu evində!
Bu fəlakət erməninin qurumu,
Otuz bir mart – Bakının Soyqırımı!
***
Mən necə yazmayım bu qanı axı?
Sonrakı günlərdə Səlyan, Şamaxı,
Batdı qan içində Dəvəçi, Quba,
Doldu şəhidlərlə neçə el, oba.
Sanki məmləkətin bəxt çərxi döndü,
Günahsız ellərin çırağı söndü.
Erməni hiyləsi hər yeri aşdı,
Bütün yurd-yuvanı ölüm dolaşdı.
Uşaqlar atıldı oda, atəşə,
Bu qan yağılara bir iyrənc nəş’ə.
***
Osmanlı dözmədi bu müsibətə,
Qəlbindən hayqıran o məhəbbətə,
Yolladı köməyə Nuru Paşanı,
Qardaşın eşqiylə könlü daşanı.
Əskəri qüvvəsi yetdi imdada,
Bu böyük igidlik düşməzmi yada?
Qanı unutmadı millət ağılı,
Tarix dana bilməz qanlı nağılı.
***
Çox ağrılar, çox itgilər ötəcək,
Çox yaralar sinələrdə bitəcək.
Şəhidlərin nə köhnəsi, təzəsi,
Heçnə qalmıb səbrimizdən dözəsi.
Keçmişimiz bu günlərə ağlayır,
Bu dəhşətlər yeri, göyü dağlayır.
Bəşər varsa, iblis, şeytan durmada,
Canımıza min bir hiylə qurmada.
Qoy həqiqət beynimizdən itməsin,
Qəlbimizdən çox uzağa getməsin.
***
Bu fəlakət ermənin qurumu,
Otuz bir mart – Bakının Soyqırımı!
30.03.2008

Şirinxanım Kərimbəyli Şadiman
Bakı-Quzey Azərbaycan
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed