Şrift:
Güneylə bağlı keçirilən konfransda Nəbi Soytürkün məruzəsi
05.04.2013 [12:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Martın 30-da paytaxt Bakıda “Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi”nin təşkilatçılığı ilə “Çağdaş Güney Azərbaycanın sabahı” adlı möhtəşəm konfrans keçirildi.

Park İnn otelinin Dan Ulduzu zalında (salon) “Çağdaş Güney Azərbaycanın sabahı” adlı konfransda bir neçə məruzə oxundu və çıxışlar səsləndirildi. Məruzəçilərdən biri Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) Azərbaycan Respublikası təmsilçisi Nəbi Soytürk oldu.

Son məruzəçi kimi vaxtın bitməsi nəticəsində öz çıxışını qısaltmağa məcbur olan Soytürk bunları dilə gətirdi:

“1991-ci Azərbaycan Respublikası istiqlalını yenidən bərpa etdikdən sonra, Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı yeni vüsət almışdır. Milli Azadlıq Hərəkatı fəaliyyət dövründə əsasən üzərində üç məsuliyyət hiss edib və fəaliyyət istiqamətini buna yönəltmişdir. Bunlar Güney Azərbaycanda İran rejimi və Fars şovinizmi tərəfindən yaradılmış tabuları yıxmaq, Güney Azərbaycan və Milli Azadlıq Hərəkatının mövcud olmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və Azərbaycan Respublikasının dövlətçiliyinin əhəmiyyətini və ona qarşı yönələn problemləri və Dağlıq Qarabağ sorununu güneylilərə çatdırmaq.

Çox inandırıb az düşündürən, çox inandırıb az aydınlaşdıran fars şovinizmi əlbəttə ki, uzun illər öncə tezislər düşünüb və qüdrətli tabular yaratmağı bacarmışdır. Çox təəssüf olsun ki, bildiyiniz səbəblərə görə ilk başda tabulara qurban gedənlər ziyalılar və millətimizin savadlı kəsimi olmuşdur. Necə ki, millətimizin coğrafi sərhəddini qorumaq üçün ordumuz yoxdur, eləcədə millətimizin milli düşüncə, dəyərlər sistemi və etiqad sərhəddini də qorumalı olan ziyalıların özləri qurban getdiyinə görə, düşüncə sərhəddimizi qorumaq mümkün olmamışdır. Və millətimizin həm coğrafi və həm mənəviyyat sərhəddi fars şovinizminin hücumuna açıq olmuşdur. Bunun nəticəsində Azərbaycan xalqının düşüncəsində müəyyən dəyişiklik yaranıb və ictimai şərti reflekslərin ortalığa çıxmasına şahid nail olunmuşdur.

Yaradılan tabuların başında əsasən 3 tabu dayanır: Müqəddəsləşdirilmiş İran, Saxtalaşdırılmış tarix və farslaşdırılmış din (müəllif farslaşdırılmış islam sözü ilə barışmır, yalnız farslaşdırılmış din sözünü işlədir). Şovinistlər İranı bir coğrafi məkan halından çıxarıb, dəyər məkanı halına gətirməklə İran sözünə qutsallıqdan bir məzmun qazandırmış və ona mənəvi bir rəng verməyə nail olmuşdular. İran adlanan yerin və Azərbaycanın ortaq tarixini və min illərlə hökmranlıq edən türk xanədanlarının tarixini təhrif edib və öz adlarına çıxmaqla bir yalançı və romantik tarix yaratmağıda bacarmışdılar. Həmçinin fars və ərəb dilinin yaxınlığından istifadə edib, islamı fars ədəbiyyatı qəliblərində təqdim edib və o ədəbiyyat içində tərifləməklə dini də farslaşdırıb və bir tabu halına gətirə bilmişdilər.

Ancaq hazırda gəlib çatdığımız nöqtə bam başqadır. Milli Azadlıq Hərəkatının ardıcıl fəaliyyətləri nəticəsində artıq nə müqəddəsləşdirilən İran, nə saxtalaşdırılan tarix və nədə farslaşdırılan din tabusu, Milli Azadlıq Hərəkatının qarşısına keçəməz durumda və ümumiyyətlə Güney Azərbaycanda hazırda heç bir siyasi-ideoloji cərəyan, heç bir tendensiya və heç bir təmayül Milli düşüncə və Milli Azadlıq Hərəkatını əvəz edə bilməz.


Güney Azərbaycan və Milli Azadlıq Hərəkatının mövcuz olmasını dünya ictimaiyyətinə çatdırmaq uğrunda da böyük addımlar atılıb və artıq nəticə vardır (yalnız vaxtın az olduğundan və bu barədə politoloqların danışdığına görə bu mövzu qısaldılır...)


Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Azərbaycan Respublikası qayğılarıda kimsəyə gizli deyil. Milli Hərəkat bəri başdan kiçik azadlıqlar, kiçik hüquqların təmini uğrunda fəaliyyət edib və yalnız bununla məhdudlaşmaq kompeksindən uzaq olub. Hərəkat gələcəkdə keçiləcək yolların olduqca fırtınalı olduğunu göz önünə alaraq, regionda gedən bütün ictimai-siyasi prosesləri içəriyib və artıq istənilən hadisəyə təsir etmək sərhəddinə çatıbdır. Bu xüsusi ilə Azərbaycan Respublikasında baş verə biləcək hadisələrə aiddir.

İndi bu sual ortalığa çıxır ki, acaba Güney Azərbaycan və Milli Hərəkat burdan necə görünür? Təəssüflə müşahidələr göstərir ki, bir çox halda Güney Azərbaycan Milli Azadlıq Hərəkatı İran cərəyanı kimi başa düşülür. Bu olduqca yalnış dəyərləndirmədir. Milli Hərəkat yalnız və yalnız Azərbaycan cərəyanıdır və bu belədə başa düşülməlidir. Əks halda bir çox yalnış mövqelərə yol açıla bilər. Azərbaycan Respublikası Milli Hərəkatı bir Azərbaycan cərəyanı kimi görüb və özünə məxsus Güney siyasəti yürütməlidir. Güney məsələsi Azərbaycan Respublikasının stratejik hədəflər çərçivəsində yer almaqla bütöv Azərbaycanın mənafei təmin olunar. Əks halda Güneylə yanaşı mürəqil Azərbaycanımız və dünya azərbaycanmlıları ziyan görər. Hazırda Güney Azərbaycanın qərb bölgəsi Urmu, Salmas, Xoy, Makı, Qoşaçay, Sulduz və s. kimi şəhərləri PKK-nin irəli sürdüyü stratejik xətt kimi kürdləşdirilir. Makı, Xoy, Urmu və başqa məntəqələrdə şəhərciklər yaradılır. Naxçıvan Respublikası ilə Güney sərhəddində Şiblo adlı 3 böyük şəhərcik yaradılıb və artık istədiklərini sakinləşdiriblər. Bu məntəqə olduqca stratejik məntəqədir və Türkiyə və Naxçıvan Muxtar Respublikası ilə sərhəddir. Vaxtı ilə Göyçə-Zəngəzurun Azərbaycandan qoparılıb və Ermənistana verilməsi Azərbaycana nə qədər zərbə vurdusa, Urmu bölgəsinin başqa bir xalq tərəfindən işğal olması həm Azərbaycan və həmdə Türkiyəyə qat-qat daha çox zərbə vuracaq. O üzdən Azərbaycan Respublikası bu kimi problemləri görüb və bunlara hazır olmalıdır.

İran Əfqanistan, Tacikistan və hətta Hindistanda mədəniyyət adı ilə hər cür fəaliyyət göstərir və fars dilini bu ölkələrdə inkişaf etdirir. Bu gün Güney Azərbaycanda millətimizin ən adi haqları inkar edilir, ana dilimiz qadağandır. Mədəni sahədə boşluğumuzu Azərbaycan Respublikası doldurmalıdır və bundan daha təbii heçnə ola bilməz.

Ermənistanın Suriyadakı səfirliyi, yerli ermənilərə elə Suriyada Ermənistan pasportu verir və sonrada onları Dağlıq Qarabağda yerləşdirir. Ermənistanın Rusiyadakı səfirliyi Rusiyada yaşayan Gürcüstan vətəndaşı olan ermənilərə müxtəlif bəhanələrlə ikinci pasport verir ki, onlar Rusiyada rahat hərəkət edə bilsinlər. Ona görə ki, Rusiya ilə Gürcüstanın münasibəti yaxşı deyil. Ancaq təəssüflə biz hələ o mərhələyə çatmamışıq. Dağlıq Qarabağın xəritəsini ölülərinin qəbir daşı üzərinə çəkənlər, həyatlarını Azərbaycana həsr edən güneylilər on illərdir ki, Quzey Azərbaycanımızda bir pasport ala bilmirlər. Milli deməklə millətçilik olmur. Bunu reallıqda göstərmək lazımdır”.


Nəbi Söytürk sonda “31 mart” soyqırımı münasibəti ilə başsağlığı verib və öz sözlərini yekunlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 1477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed