Şrift:
Hüseyn Türkelli: İran diplomatlarının Kanadadan qovulmasında bizim müraciətlərin də rolu oldu
11.04.2013 [16:17] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Müsahibimiz Hüseyn Türkelli Kanada Vəkillər Kollegiyasının üzvü, vəkil və hüquq məsləhətçisidir. Yerli vətəndaşları məhkəmələrdə və tribunallarda təmsil etməklə yanaşı, həm də Cənubi Azərbaycanlıların Müdafiə Mərkəzinin sədri kimi millətimizin milli haqlarının bərpası yönündə fəaliyyət göstərir. Eyni zamanda Cənubi Azərbaycan milli hərəkatının öncülləri ilə əlaqələrini də davam etdirir.

-Cənubluların təşkilatlanması prosesi necə gedir?

-İranda hakim rejimin həbs, nəzarət və təzyiq kampaniyası nəticəsində Cənubi Azərbaycanda insanlarımızın təşkilatlanması təbii ki, əngəllənir. Hətta İran Konsitusiyasındakı 15- ci və 19-cü maddələrini icra edilməsi tələbi ilə insanların bir araya gəlməsi, hər hansı dərnək və cəmiyyət qurulmasına da rejim tərəfindən maneçilik törədilir. Ona görə də milli hərəkat fəallarının gizli yeraltı təşkilatlar yaratmaqdan başqa seçimi qalmır. Cənubda çoxsaylı gizli təşkilatlar fəaliyyət göstərir. Bunların hamısı Azərbaycan milli hərəkatında birləşirlər. Cənubda Azərbaycan milli hərəkatı təşkilat və partiya olmadığından bəlli strukturu və rəhbərliyi yoxdur, amma hədəf eyni olduğundan müxtəlif tədbirlərdə bütün gizli təşkilatlar və ya milli siyasi fəallar birgə mövqedən çıxış edə bilirlər.

Amma ölkədən kənarda müxtəlif siyasi qruplar bir çox çətinliklərə baxmayaraq, öz imkanları və bacarıqları çərçivəsində uğurlu fəaliyyət göstərirlər. Amma təəssüf ki, Cənubilə bağlı siyasi qruplar və qurumların bir araya gəlməsi, eləcə də hər-hansı cəbhədə və ya şura da birləşməsi yönündə ən ciddi problem çözülməyib. Bu yöndə ciddi addımların atılmasına, müxtəlif qrupların dialoqunu təşkil etməyə, milli siyasi fəlların iştirakı ilə hansısa qurultay keçirməyə, fərqli düşüncələri və siyasi mövqeləri hansısa milli şurada və ya milli cəbhədə birləşdirməyə ciddi bir təşkilatlanmış qüvvə kimi ortaya çıxmağa ciddi ehtiyac var. Təklif edərdim ki, ağsaqqallarımız və tanınmış şəxsiyyətlərimiz qabağa düşsünlər və bu problemin həlli ilə məşğul olsunlar.

-Azərbaycanın problemlərini Kanada ictimaiyyətinə təqdim edilməsi istiqamətində hansı işlər görülür?

-Mühacirərətdə və sürgündə yaşayan milli hərəkat fəallarının işi əlbəttə ki, ən çox lobbiçilik, millətimizin boğulmuş səsinin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir. Hesab edirəm ki, bu yöndə uğurlu addımlar atılıb. Cənubdakı durumun beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına, ayrı-ayrı dövlətlərin rəsmilərinə çatdırmaq yönündə bir sıra addımlar atılır. Millətimizin beynəlxalq hüququn prinsipi olan “öz müqəddəratını həll etmə” hüququnun Tehran rejimi tərəfindən pozulması haqda bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə, demokratik dövlətlərin rəsmilərinə və qanunverici orqanlarının nüməyəndələrinə bilgilər verilir və xalqımızın haqlı mücadiləsinə dəstək aranması yöndə müraciətlər olunur. Biz də əlbəttə ki, bu yöndəki görəvlərimizi imkanlarımız çərçivəsində həyata keçirməyə çalışırıq.

-Cənub məsələsilə bağlı Kanada parlamentinə, ya da hər hansı bir qrumlara müraciətlər etmisinzmi?

-Kanada hökumət rəsmilərinə, ABŞ hökümətinə və konqresmənlərinə davamlı olaraq çoxsaylı müraciətlər etmişik. Ara-sıra qanunvercilərlə görüşlərdə millətimizi narahat edən problemlərimiz, o cümlədən Cənubi Azərbaycan haqqında məsələlər qaldırılır. Təbii ki, müraciət etdiyimiz rəsmilər və qurumlar hər zaman məsələni diqqətdə saxlayacaqlarına söz verirlər. Kanadanın İranla bağlı mövqeyi olduqca açıqdır. İki ölkə arasında diplomatic əlaqələr tam dayandırılıb. Bildiyiniz kimi, ötən il İranın Kanadadakı səfirliyi bağlandı və İran diplomatları ölkədən qovuldular. Belə bir addımın atılası İranda insan hüquqlarının davamlı olaraq pozulması və molla rejiminin beynəlxalq terrorizmi dəstəkləməsi ilə əlaqədar idi. Belə bir addımın atılmasında əlbəttə ki, burada fəaliyyət göstərən soydaşlarımızın etdiyi müraciətlərinin az rolu olmayıb. Hələlik bizim üçün ən ciddi məsələ olan cənubi azərbaycanlıların öz müqəddəratını təyinetmə haqqının bərpa edilməsi ilə ilgili dəstək aramaq yönündə çalışmalarımızı davam etdiririk. İstənilən dövlətin istənilən məsələ ilə bağlı mövqeyi siyasi-iqtisadi şəriatə uyğun dəyişə bilər. Ona görə də soydaşlarımızla birlikdə bu yöndəki çalışmalarımızı davam etdilirik. Hesab edirəm ki, bu sahədə daha mütəşəkkil fəaliyyətə ehtiyac var. Bundan başqa ciddi birlik ortaya qoymağımız ayrı-ayrı beynəlxalq təşkilatların və hətta dövlətlərin də cənubla bağlı daha aydın və daha müsbət mövqe göstərmələrinə səbəb olacaq.

Sübhan Ələkbəroğlu
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed