Şrift:
Botanika bağında bir gün...
15.11.2011 [00:48] - Sosial
“Burada dövlət adamları üçün xüsusi kotteclər tikiləcək”


Bağ, “sevgili”lərin də məskəninə çevrilib

Azərbaycan Respublikası Elmlər Akaemiyasının Botanika bağı Badamdar qəsəbəsi yolu üzərində yerləşir. Bu bağ hələ 1934-cü ildən yerli və başqa ölkələrin bitkilərini becərən və öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsi, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək məqsədi ilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiymətli olanlarını müəyyənləşdirmə ilərini həyata keçirmək məqsədilə salınıb. Bundan əlavə Botanika bağı bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları toplamaqla məşğul olur.

Son zamanlar bu bağ həm də şəhər sakinlərinin mədəni istirahət güşəsinə çevrilib. Bağa giriş pullu olsa da, paytaxt sakinləri və şəhərimizin qonaqları istirahət üçün bu bağa üz tuturlar. Deyilənə görə bağın sahəsi 50 hektara yaxındır.

Biz də, bu bağı görmək və gördüklərimizi qələmə almaq məqsəilə ora üz tutduq. Qəzet işçisi olduğumuzu bildikləri üçün qapıda bizdən bilet haqqı istəmədilər. Amma öyrəndim ki, bağa giriş haqqı uşaqlar üçün 50 qəpik, böyüklər üçün isə 1 manat məbləğində nəzərdə tutulub. Bağın ətrafında olan dayanacaqda maşınlara nəzarət isə 2 manata başa gəlir.

İlk öncə, bağın “Uşaq güşəsi” yazılan istiqamətinə yol aldıq. Uşaq güşəsinə uşaqlar üçün yelləncəklər və əlavə bir neçə oyun alətləri qoyulmuşdu. Onu da deyək ki, burdakı yelləncəklər 10 yaşına kimi uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər də yelləncəklərdən istifadə edirdi. Ön tərəfdə bu güşəyə sponsorluq edən şirkətlərin adı iri bir plakatda qeyd olunmuşdu. Plakatda 20-yə yaxın şirkətin adı olsa da, uşaqlar üçün nəzərdə tutulmuş güşə o qədər də zəngin deyildi. Hətta güşəyə uşaqlarını gətirən valideylərdən biri “yəqin bu şirkətlər 10-15 manatdan yığıblar” deyə bildirdi.

45 yaşlı İlhamə Qasımova Mərdəkandan bura gəzməyə gəldiyini bildirdi.
Mərdəkandan olan xanım, buranı da görmək arzusundaymış. “Havası çox təmizdir, və gəzməyə çox yaxşıdır. İnsan burada bütün problemlərini unudur. Mərdəkanda olanda bizə dedilər ki, şəhərdə də belə bir bağ var. Uzun zaman idi ki, gəlmək istəyirdim, bu günə qismət imiş”.
Uşaq güşəsinin daimi sakini olan uşaqlar isə öz vəziyyətlərindən razı idilər.
Nə qədər olmasa da, valideynləri 50 qəpik verməklə bu uşaqların istirahətini təmin edə bilmişdilər. Sanki dünyanı vermişdilər bu balacalara.
Samirə Adıgözəlova uzun müddətdir ki, hər gün oğlunu bu parka gətirir. Muradın ən sevimli oyun yeridir, uşaq güşəsi.

Təmiz havası olan bu bağı təkcə şəhər sakinləri deyil, şəhərimizin qonaqları da daima ziyarət edir. Bağın gözəlliklərini fotolara köçürürlər.
Bağa fikrini dağıtmağa, əsəblərini sakitləşdirməyə gəldiyini deyən Ceyhun bağın sükutunu sevdiyini deyir.
Onun fikrincə, bağ şəhərdən bir qədər kənar olduğu üçün həm sakitdir, həm də havası təmizdir. “Mənim sevimli yerimdir bu bağ. Fikirlərimi burada dağıdıram. Bəzən çarəsiz anlarımda da bu bağa üz tuturam. Ağaclar, balıqlar və sakitlik məni çox sakitləşdirir. Bəlkə də məni elə bu bağ yaşadır”.

Bağı zibilləmək 10-20 manat arasında cəriməyə bərabərdir

Bağda irəlilədikcə, yerə tökülmüş xəzəllər, qozalar insana qərib duyğular bəxş edirdi. Bağın bir neçə yerində balıqlar saxlanılan hovuzlar vardı. Nəzarətçilər, bağa gələnlərə hovuzların 7 metr dərinliyində olduğunu bildirərək, çox da yaxınlaşmamağı məsləhət görürdülər. Ağacların çoxunun üzərində xəbərdarlıq elanları asılmışdı. Bu elanların birində balıqları yemləmək, onlara hər hansı bir əşya atmaq, bağı zibilləməyin 10-20 manat arasında cəriməyə bərabər olduğu bildirilirdi.

Bağ, “sevgili”lərin də məskəninə çevrilib

Bağın müxtəlif yerlərində “bisetka” düzəldilmişdi. Bağ, “sevgili”lərin də məskəninə çevrilib. Müxtəlif yerlərində sarmaş-dolaş olan bu gəncləri görməmək mümkün deyil. Bağın nəzarətçiləri bu hallara da xüsusi nəzarət yetirirlər. Gələnlərin nəzərinə çatdırılır ki, bura mədəni istirahət üçün nəzərdə tutulub.
Onu da deyək ki, Botanika İnstitutu da bu bağda yerləşir. İstirahət günü olduğu üçün institut qapalı idi.

Bağ baxımsız görünürdü

Bağda şam, küknar ağacları ilə yanaşı itburnu, moruq, çiyələk bitkilərinə də rast gəinirdi. Nə qədər acınacaqlı olsa da, bağ baxımsız görünürdü. Hovuzlardakı su belə rəngini dəyişmiş, qaralmışdı. Və ətrafda ucalan göydələnlərin kölgəsi bağın ağaclarının çoxunu məhv etmək üzrə idi.

“Burada dövlət adamları üçün xüsusi koteclər tikiləcək”

Bağın ziyarətçilərindən biri burada yaxın zamanlarda dövlət adamları üçün xüsusi binanın tikiləcəyini bildirdi. “Deyirlər burada dövlət adamları üçün xüsusi koteclər tikiləcək və sonra da içəri girişin qiyməti qaldırılacaq. Nə desən gözləmək olar”.
Bağda 4-5 saatlıq gəzintidən sonra, bağdan uzaqlaşıram. Xəzəllərin xışıltısı və uşaqların şən səs-küyü sükutu pozur...
Qapıdan çıxanda dönüb bir də geri baxıram, axı buranın da özəlləşdiriləcəyini deyirlər...

İradə CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 11292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed