Şrift:
Nazim Nəsrəddinov: -İlin ən uzun və ən işıqlı gününün ən ziyalı ziyalısı
24.06.2013 [01:04] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Fərhad müəllim bizə dərs deyəndə 37 yaşı var idi . Biz Azərbaycanın o vaxtkı yeganə universitetini qurtaranda türkoloq Fərhad Zeynalovun yaşı 40- ı keçmişdi. O, bu dünyaya 1929-cu iln ən uzun və ən ışıqlı günündə - iyunun 22-də gəlib.Yaşasaydı indi 84 yaşı olacaqdı.
Fərhad müəllim cəmi 55 il yaşadı, ömrünü elinə, obasına , yurduna, yuvasına təmənnasız xidmətə həsr etdi. 55 yaşlı azərbaycanlı türkoloq alimin 20-yə yaxın monoqrafiyası və onlarla elmi məqaləsinin dünya türkoloqlarının hər gün müraciət etdikləri dəyərli elmi mənbə olması heç kəsdə şübhə doğurmur.
Fərhad müəllim təşəbbüskar alim idi. Başqalarına adi görünən işi Fərhad müəllim mənalandıra bilirdi. Sovetlərin ayıq vaxtında Azərbaycanda türkoloji mərkəz yaratmışdı,türk dillərinin müqayisəli şəkildə öyrənilməsində böyük nəzəri və əməli işlər görülmüşdü.
Fərhad müəllim ətrafına inandığı və güvəndiyi gənc kadrları toplaua bilmişdi. Gəncləri öyrədirdi və onlardan öyrənməyi də
bacarırdı və bunu özünə ar bilmirdi.
Biz onun məşhur tələbələrini yaxşı tanıyırdıq.Rus dilində türk sözlərindən danışanda Qüdrətin adını çəkirdi,onun "İqor polku dastanı"ndan tapıb üzə çıxardığı türk mənşəli sözlərdən Fərhad müəllim elə danışırdı ki, elə bil tələbəsi Mendeleyevin tapmadığı elementi tapmışdı.
Fərhad müəllim Kamil Vəliyevin tədqiqatlarından söz açırdı, Elburus Əhmədovun dil tarixinə, dialektologiyaya marağını və bu elmi maraqdan süzülüb gələn elmi nəticələri ilə öyünürdü.
Fərhad müəllim Moskvada görkəmli rus türkoloqu N.A. Baskakovun aspirantı olmuşdu. O, Moskva türkoloji məktəbinin ənənələrini Bakıda davam etdirirdi. Biz , Fərhad müəllimin tələbələri - onun dərslərini səbirsizliklə gözləyən tələbələri, Fərhad müəllimdən müəllimliyi öyrənmişik. Doğrusu, Fərhad müəllimin rusca necə danışdığını bilmirdik, ancaq rusdilli türkoloqlarla onun elmi polemikasını,mübahisə mədəniyyətini çox yüksək qiymətləndirirdik.
Fərhad müəllim zəhmli adam idi, amma qorxulu deyildi. O, hamını dinləyə bilirdi , hamını başa düşüdü.Bizə kurs işi vermişdi.Səhv etmirəmsə, mənə köməkçi nitq hissələrinə aid mövzu düşmüşdü. Bu, Fərhad Zeynalova doğma mövzu idi: o, müasir türk dillərində köməkçi nitq hissələrinin türkologiyada ən yaxşı tədqiqatçısı idi. Mən bunu bilə-bilə, kurs işimdə onunla polemikaya cəhd etmək fikrinə düşdüm, Fərhad müəllimlə razılaşmadığım yerlərdə , elmi qənaətimi adımın və soyadımın baş hərfləri ilə göstərirdim - ( ......-N.N.). Yataqxanada otaq yoldaşlarımdan biri , məndən bir kurs yuxarı kursda oxuyan Mədinəyev Ələddin" Gürcüstan ləhcəsi ilə "ayə, ay Allahın qara yəlsin, bu "N.N." lər evini yıxajax,sən kimnən vurşeyrsən" deyə-deyə məni təsəvvür və güman etdiyim mübahisədən çəkindirmək istəyirdi. Mən də tərsliyimdə israrlı idim, elə bilirdim ki,mənim elmi qənaətim daha düzdür.(Çox sonralar başa düşdüm ki, nə qədər kobud səhv etmişəmmiş).
Sessiya başlananda özümü çox naqolay hiss etdim.Fərhad müəllimdən gizlənmək istəyirdim, üzünə baxmağa qorxurdum. Dərs ilinin ilk dərslərinin birində Fərhad müəllim kurs işlərini özü ilə gətirmişdi. Birinci sualı bu oldu: Bayraməli Aslanov kimdir? Lerikli uca boylu Bayraməli qorxa-qorxa ayağa qalxdı. Fərhad müəllim onun üzünə belə baxmadan "otur, yaxşı yazmısan" deyib, cəlilabadlı Əliyev Dilavəri tanımaq istədi. Onu da təriflədi. Mən hələ də başımı yuxarı qaldırmırdım.Cəzamı və yekəxanalığımın cavabını gözləyirdım. Fərhad müəllim hələ auditoriyaya göz gəzdirirdi. Birdən adımı və soyadımı eşitdim.Tərəddüd və qorxu ilə, dizlərim əsə-əsə ayağa qalxdım. Fərhad müəllim" Ən yaxıı sən yazmısan, diplom işini türkologiya kafedrasından götürərsən"- dedi. Bunula da söhbət bitdi,Ələddinin sözləri yadıma düşdü. Amma iş işdən keçmişdi, "N.N."lərə görə Fərhad müəllimə cavab verməli idim.
Fərhad müəllim mənə "Müasir türk dillərində rus və rus dili vasitəsilə başqa dillərdən alınmış sözlərdən əmələ gələn fellər" mövzusunu verdi. Hər fəsli diqqətlə oxudu ,evindən rus dilində yazılmış qalın-qalın kitablar gətirdi,razılaşmadığı fikirləri başa saldı, Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, atamın tələbə dostu Vəli Axundovun çıxışından gətirdiyim dil haqqında sitatın üstündən çalın-çarpaz xətt çəkdi.
Nə isə...Fərhad müəllim məni diplom işimi tamalamaq üçün Moskva və Leninqrad arxivlərinə gündərdi. "SSRİ-də qardaşlıq ailəsində yaşayan" türk xalqlarının ədəbi və elmi ədəbiyyatından, mətbuatından seçilmiş materiallar əsasında diplom işimi qurtardım.
İyunun 30-u idi. Müdafiə uğurlu oldu. Filologiya fakültəsinin elmi şurası 250 tələbənin sırasından təkcə mənə Elmlər Akademiyasının aspiranturasında oxumağa zəmanət verdi. Görünür, Fərhad müəllim imtahan komissiyasınin üzvlərini - M.Hüseynzadə, Tofiq Hacıyev, Ağamusa Axundov və imtahan komissiyasının sədri, sonralar akademik olan Bəkir Nəbiyevi inandıra bilmişdi.
Onda 1972-ci ilin iyun ayı idi: Fərhad müəllim bundan sonra da qayğı və sayğısını inandığı və güvəndiyi adamlardan əsirgəmirdi.
Fərhad müəlimlə mübahisə etmək asan deyildi, amma maraqlı idi. Bir dəfə, əgər səhv etmirəmsə, İtaliyadan elmi məzuniyyətdən qayıtmışdı.Elmi konfransdakı fikirləri bizlə bölüşmək istəyirdi. Sevinclə "Nizaminin Azərbaycan dilində bir qəzəlini tapmışam" deyəndə hamımız bu tapıntıya sevindik.Fərhad müəllim xeyli danışdı, müqayisələr apardı, fikrinin döğruluğuna hamımızı inandırmaq istədi. Mən yavaşca, sanki özüm-özümə "bəlkə də bu heç Nizaminin deyil" deyəndə Fərhad müəllim əslində ona ünvanlanmayan bu sözləri eşitdi, yenidən izahatını davam etdirdi.
Sonralar məlum oldu ki, doğrudan da, bu qəzəl XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin yox, eyni təxəllüslü orta əsr də yazıb yaratmış bir türk şairinin imiş. Amma Fərhad müəllimin elmi məzuniyyəti zamanı topladığı digər materiallar -"Kitabi-Dədə Qorqud" eposu, "Dastani-Əhəd Hərami" poeması ilə ilgili zəngin materiallarla yadda qaldı.
Fərhad müəllim həmişə tələsirdi.Nə isə yazmaq,elmi zənginləşdirmək, türkologiya kafedrasının xətti ilə sanballı elmi tədqiqatların sayını çoxaltmaq istəyirdi. O, dilçi idi,türkoloq idi .Fərhad müəllim həm də mətnşünas idi, ədəbiyyat tədqiqatçısı idi. O,dilçiliyi ədəbiyyatla , tarixlə inteqrasiya edə bilirdi. Fərhad müəllim bütün türkoloqlara nümunə idi. Başçılıq etdiyi türkologiya kafedrasının əməkdaşları - onun əqidə və məslək dostları idi.
1987-ci ildə Fərhad müəllimin ən sədaqətli dostlarından biri - filologiya elmləri doktoru ,hamının özünə doğma sandığı Samət Əlizadə ərəb əlifbası ilə yazılmış "Əmsali-Məhəmmədəli", yaxud "Məcməül-əmsali - Məhəmmədəli" adlı atalar sözü və məsəllər əlyazmasını 28000 tirajla çar etdirib oxuculara ünvanladı. "Oğuznamə" adı ilə car olunan bu kitabın işıq üzü görməsinə hamı sevinirdi. Təkcə bir nəfər- bu kitabın araya ərsəyə çatmasında xidmətləri olan, Leninqrad Dövlət Universiteti şərq fakültəsinin kitabxanasında saxlanılan ədəbi dilimizin,bədii fikir tariximizin incilərindən biri olan bu əlyazmanın surətinin Azərbaycanda elmi tədqiqata cəlb olunmasına şərait yaradan, fədakarlıq göstərən professor Fərhad Zeynalov, elmi yaradıcılığının aşıb-daşdığı bir dövrdə dünyadan vaxtsız köçdüyünə görə "Oğuznamə"nin doğurduğu təəssüratı duya bilmədi.
Fərhad müəllimin əqidə və məslək dostu Samət Əlizadə (1938-2002) də 11 ildir ki, dünyasını dəyişib.Yaxşı ki hələ dünyada Fərhad müəllim kimi, Samət müəllim kimi hamının yaxşı tanıdığı yaxşı adamlar çoxdur.
Yaxşılar yad edilir, xatırlanır, işıqlı əməlləri yolumuzu işıqlandırır.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.

Bakı,23.06.2013.
Bu xəbər oxucular tərəfindən 2532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed