Şrift:
KREDİT FAİZLƏRİ AŞAĞI SALINACAQ
17.09.2013 [18:06] - Gündəm, Sosial, Fərəc Quliyev
Prezidentliyə namizəd kredit faizlərinin aşağı salınmasının yollarını təqdim edir

O, əhaliyə krditlərin yüksək faizlə verilməsində hökumətin yalnış siyasətinə qarşı iradə nümayiş etdirib

Məlum olduğu kimi, ölkəmiz əhaliyə verilən istehlak və biznes kreditlərinin faiz dərəcəsinin yüksəkliyinə görə dünyada ilk yerlərdən birini tutur.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat, millət vəkili Fərəc Quliyevin 16.03.2012-ci il tarixdə Milli Məclisin iclasında hökumətin hesabatı ilə bağlı çıxışı zamanı hökumətin bu istiqamətdə yürütdüyü siyasəti tənqid edərək bildirmişdi ki, “Azərbaycanın neftdən gələn gəlirinin əsas hissəsi kredit kimi illik 3%-lə xarici ölkələrdə idarə olunur. Amma ölkənin kommersiya bankları xarici maliyyə qurumlarından kifayət qədər böyük faizlə borc alırlar. Kommersiya bankları maliyyə ehtiyatlarını Mərkəzi Bankdan kənar mənbələr hesabına formalaşdırır. Bank sektorunun ən ciddi problemlərindən biri maliyyə dayanıqlığının və likvidliyinin aşağı olması ilə bağlıdır. Azərbaycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətirilməməsi və kommersiya banklarının saxlanması ilə bağlı tədbirlərin görülməməsi öz mənfi təsirini göstərir. Hesab edirəm ki, bu yanaşma dəyişilməlidir.”
Qeyd edək ki, F.Quliyevin qaldırdığı bu məsələ demək olar ki, artıq hökumətin müzakirə mövzusudur. Mərkəzi Bank rəsmiləri tərəfindən ölkəmizdə kommersiya banklarının kredit faizlərinin yüksək olması tənqid edilir və bunun aşağı salınması üçün layihələr hazırlanacağı barədə açıqlama verilib. Təsəvvür edin ki, kommersiya bankları əhaliyə verilən qısa müddətli kreditlərin illik faizinin götürülmüş məbləğin 17-36 faiz arasında dəyişdiyini təqdim edirlər. Mərkəzi Bankın yoxlamaları ilə isə, bu faizlərin əslində daha yüksək olması aşkarlanıb. Belə ki, Mərkəzi Banka görə, kredit verənlə kredit götürən arasındakı müqavilənin forması öz qəlizliyi ilə kredit götürənin açıq desək, aldadılmasına xidmət edir və bu faiz deyildiyindən də artıq hesablanmış olur. Ən pis halda, kredit təşkilatları və banklar açıq şəkildə vətəndaşı aldadaraq vəd olunmuş faizi ümumi məbləğ üzrə hesablayırlar. Amma, kredit götürən hər ay götürdüyü kreditin bir hissəsini geri qaytardığı üçün onun borcu da aybaay azalmış olur. Bu halda deməli, vəd olunmuş faiz, həmin ay üçün qalıq məbləğə görə hesablanmalıdır. Lakin, bir çox hallarda kredit götürənə çaşdırıcı bir cədvəl təqdim edilərək, bu, nəzərə alınmır. Nəticədə isə real kredit faizi 40-50%-ə çatır. Ən yaxşı halda isə, bankların bir çoxu o qədər də böyük olmayan məbləğə kiçik “əlavə xərclər” artırmaqla bu faizi süni şəkildə artırmış olurlar. Mərkəzi Bank aşkarladığı bu məqamları qısa zamanda aradan qaldıracağını bəyan edib və real faizlərlə kiçik bankların fəaliyyət göstərmə imkanları olmadığından, onlara ya birləşmək, ya da kredit təşkilatlarına çevrilməyi təklif edib. Demək ki, hökumət real vəziyyətdən xəbərdardır və o, hələ əhalidən edilən “oğurluğun” qarşısını almaq istiqamətində fəaliyyət göstərir. Hərçənd, hələ ki, heç bir sərt tədbir görülməyib, ancaq bütün bunların qarşısı alınsa belə, illik 3% şərti ilə ölkəmizdə sosial və kommersiya kreditlərinin verilməsi heç üfüqdə də görünmür.
Prezidentliyə namizəd Fərəc Quliyev dəfələrlə səsləndirdiyi bu təklifin prezident seçiləcəyi təqdirdə qüsursuz həyata keçirmək üçün artıq sistemləşmiş layihəsini də hazırlayıb. Layihəyə görə, neft pullarının Avropada deyil, ölkəmizdə kreditlər şəklində istifadəsi hazırda dünyada əhaliyə ən yüksək faizlə kredit verən banklar sırasında olan Azərbaycan banklarının kredit faizlərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq. O, bu barədə millət vəkili kimi də dəfələrlə hökumət qarşısında məsələ qaldırıb.
F.Quliyevin millət vəkili kimi nail olmağa çalışdığı, hazırda isə prezidentliyə namizəd kimi iqtisadi platformasına daxil etdiyi neft pullarımızın Azərbaycana cəlb edilməsi proqramı, məsələnin olduqca real və konkret həllini təqdim edir. Üstə gəl də, onun kənd və rayonlarda yaşayan bütün gənclərə istinasız olaraq illik 3 faiz olmaq şərti ilə təsərrüfat fəaliyyəti üçün kredit və torpaq sahəsi, daimi yaşayış yeri şəhər olan gənclərə şəhər ətrafında mənzil tikmək üçün torpaq sahəsi və iş qurması üçün müvafiq layihə təklifləri və bu layihənin dövlət proqramı kimi həyata keçirmək barədə qarşısına qoyduğu məqsəd, əslində sosial durumun yüksəldilməsi ilə yanaşı, kiçik və orta sahibkarlığa da böyük təkan vermiş olacaq ki, bu da ölkədə ciddi iqtisadi sıçrayışa səbəb olar. Çünki, kiçik və orta sahibkarlığın sürətli inkişafının ölkədə ciddi iqtisadi yüksəlişə səbəb olması, artıq inkişaf etmiş ölkələrdə dəfələrlə sınaqdan çıxmış bir təcrübədir. Xüsusən də, əgər bu təbəqədə gənclərin rolu böyükdürsə. Deməli, bu maliyyə-kredit proqramı, həm də öz növbəsində neft fondunun qeyri-neft sektoruna yatırılması siyasətinin uğurlu bir formasıdır.
Bu xəbər oxucular tərəfindən 1407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed