Şrift:
Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının 11-ci toplantısı keçirilib
01.10.2013 [12:14] - Gündəm, İqtisadiyyat
Rumıniyanın Konstansiya şəhərində Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun (QDXDBF) Direktorlar Şurasının 11-ci toplantısı keçirilib. APA-nın xəbərinə görə, iclasda Qara dəniz və Xəzər dənizi regionları ölkələrinin iqtisadi əməkdaşlığına, beynəlxalq dialoqun inkişaf etdirilməsinə, dini tolerantlığın möhkəmləndirilməsinə həsr olunmuş aktual mövzular müzakirə edilib, həyata keçirilmiş və yeni layihələr, gələcək əməkdaşlığın fəallaşdırılmasına dair təkliflər diqqət mərkəzində olub.



Toplantıda Serbiyada Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun filialının açılması və qurumun Direktorlar Şurasına yeni üzvlərin qəbul olunması qərara alınıb. Məşhur Azərbaycan yazıçısı Çingiz Abdullayev də Direktorlar Şurasının yeni üzvü seçilib.



Gündəlikdə duran daha bir məsələ isə “Qara dəniz-Xəzər dənizi regionunda həlli uzanan münaqişələr və onların həlli perspektivləri, iqtisadi, sosial və siyasi nəticələr" adlı elmi araşdırma layihəsinin müzakirəsi olub. Araşdırma başa çatdıqdan sonra tədqiq olunmuş layihə beynəlxalq məsləhətçilərə təqdim ediləcək.



Konstansiya toplantısı QDXDBF-nin BMT yanında İqtisadi və Sosial Şurada xüsusi müşahidəçi statusu alması ilə də yadda qalıb.



Qeyd edək ki, budəfəki toplantıda Avropa Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Rumıniya Xarici İşlər Nazirliyinin yüksək çinli nümayəndələri də iştirak ediblər.



Azərbaycanın Serbiyadakı səfiri, QDXDBF-nin baş katibi Eldar Həsənov bildirib ki, bir çox uğurlu layihələrə imza atan təşkilat 2014-cü ildə 5 illik yubileyini keçirməyə hazırlaşır.



Xatırladaq ki, fondun yaradılmasının təşəbbüskarı Azərbaycan prezidenti İlham Əliyev və bu təşəbbüsü dəstəkləmiş Rumıniya prezidenti Trayan Beseskudur. 20-yə yaxın ölkəni birləşdirən beynəlxalq fondun mərkəzi qərargahı Buxarest şəhərindədir.
Bu xəbər oxucular tərəfindən 1178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed