Şrift:
Azərbaycan dövlət sərhədini pozan İran vətəndaşı tutulub
23.11.2011 [16:32] - Gündəm
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən zastavasının xidməti ərazisində dövlət sərhədini qanunsuz keçmək istəyən şəxs saxlanılıb.

APA-nın cənub bürosunun məlumatına görə, araşdırmalar nəticəsində saxlanılan şəxsin İran İslam Respublikasının Parsabad şəhər sakini, 48 yaşlı Hüseyn Əmiri olduğu müəyyənləşdirilib. Saxlanılan şəxs bildirib ki, o işi ilə bağlı Parsabaddan Germi şəhərinə getmək fikrində olub. Lakin qəfildən özünü narahat hiss etdiyindən, maşını saxlatdıraraq yerə düşüb. Bir neçə addım atandan sonra özünü suda hiss edib. Üzməyi bacarmayan Hüseyn sudan çıxmağa çalışıb. Taqətdən düşən Hüseyn Əmiri özünə gələndə Azərbaycan sərhədçilərini görüb. Sərhədçilər ona dövlət sərhədini pozmaqla qonşu dövlətin ərazisinə keçdiyini bildiriblər.
İşi araşdıran tədqiqat qrupunun rəisi Azər Babayevin sözlərinə görə, saxlanılan şəxsin dövlət sərhədini səhvən pozması faktı artıq təsdiqlənib və bu gün o, dövlətlərarası memoranduma əsasən qonşu ölkənin “Aslandüz” sərhəd komissarlığına rəsmi qaydada təhvil veriləcək.
Bu xəbər oxucular tərəfindən 1321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed