Şrift:
İran və Pakistan sərhədində atışma olub, 14 İran sərhədçisi öldürülüb
26.10.2013 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən gecə İran sərhədçiləri ilə Pakistandan İranın Sistan və Bəluçistan əyalətinin cənub şərqində yerləşən Saravan şəhəri istiqamətində bu ölkəyə girmək istəyən bir qrup silahlı şəxs arasında atışma baş verib. Atışma nəticəsində İranın 14 sərhədçisi öldürülüb. Bu barədə İRNA agentliyi adının açıqlanmasını istəməyən bir mənbəyə istinadən məlumat verir.
Məlumata əsasən, bu atışma zamanı həmçinin İran sərhəd polisinin 5 əməkdaşı yaralanıb.
Hələlik həmin silahlı şəxslərin İrana zidd olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması qüvvələrin üzvləri olduğu və ya qaçaqçılar olduğu haqda məlumat yoxdur.
Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.
Təşkilatın üzərinə götürdüyü terror aktlarından biri 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50-yə yaxın insanın həyatına son qoyan partlayış olub.
"Cundullah" lideri Əbdülmalik Riqi 2010-cu il iyunun sonlarında İranda edam olunub. O, 2010-cu il fevralın 23-də Dubaydan Qırğızıstana gedən təyyarədə həbs edilib.
Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed