Şrift:
MƏNƏVİYYATIMIZI AŞAĞILAYAN TELELAYİHƏLƏR
13.11.2013 [09:17] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Hər dəfə istəyirəm ki, dilimi və əlimi dinc qoyum, bəzi-bəzi teleməkan əhlinin işlərinə qarışmayım. Olmur ki, olmur. Necə deyərlər vicdanım əməlli başı məni narahat etməyə başlayır. Hərdən bir öz televiziya məkanımızda nə var, nə yoxla maraqlananda dözülməz hallarla qarşılaşırsan. Və görürsən ki, bizim teleməkan əhli baş vurur falçıların, cindarların, iblislə, şeytanla sövdaya girənlərin dünyasına…Оnlar nə dedi, necə çaldı bizim də dırnaqarası istedadlı bəzi aparıcılarımız oynamağa…Ərindən küsən, arvadından boşanan, bic doğub sonra üstündən illər keçəndən sonra o uşağı onun-bunun üstünə yıxan, başı pozuq, mənəviyyatı puç nə qədər adam istəsən hamısı bu tele məkanlarda var-gəl edir. Sanki, bu ölkə başdan-başa səviyyə cəhətdən nasaz olan adamların ölkəsidir.
Kitab oxumayan, ssnaristlər, rejissorlar, şairlər, yazıçılar, jurnalistlər, aparıcılar peyda olub. Kitabı alınmayanlara deyirlər gedin bazarda kartof satın. Mən sizdən soruşuram kimin kitabı oxunur? Kitabxanları toz basır, kitab mağazalarında rus dilli kitablar təbliğ olunur. Çünki bizim dildə təhsil alanlar demək olar ki, kitaba, qəzetə yaxın düşmür. Elə mühit yaradıblar ki, insanlarımızın mənəvi səviyyəsi aşağı düşüsün. Ey vətən əhli, yaradıcılığı mühit yaradır.Bizim mühitdə olan insanlarımızın çoxu isə aşağı səviyyəli tele verlişlərdə ilişib qalıb. Vəziyyət elə şəkil alıb ki, öz şəxsi məsələlərini də tele kanallara daşıyırlar.
Sanki bizdə nə məktəb var, nə ali təhsil, şəxsiyyətinə ziyalı dediyimiz insanlarımız da mat-məəttəl susub dururlar bu mənzərəyə. Əlinə mikrofon keçən bu insanlar bilmir ki, hər bir millətin mənəviyyat dediyimiz sandıqçası var. Bu sandığı dolu olan xalqlar bu dünyada, allah verən ömürləri hesabına çox zirvələri fəth ediblər. Kitaba, biliyə, elmə sığınıb iri addımlarla irəliyə gediblər. Bizdə isə bəzi tele-məkan əhli bizə nəyi təbliğ edir? Falçıya, görücüyə, fırıldaqçılara, ev yıxanlara üz tutmağı. Bəli hər bir xalqın, millətin ömür boğçasında belə şeylər var. Di gəl ki, onlar bizlər kimi bu kimi mənəviyyat aşağılayıcı, ürək bulandırıcı, utanverici adamların dırnaqarası ustalığını tele-məkana çıxartmır. Düzdür sizlər deyə bilərsiz ki, belə kəsləri verlişə dəvət etməklə ifşa edirik. Əfsuslar olsun ki, bu ifşa deyil, əməlli-başlı təbliğatdır, müasir danışıq dili ilə desək reklamdır. Bu bütün millətin obrazını vermir, millət öz ziyalıları ilə sayılır … Tele verlişlərdə millətimizi qaraçı, dilənçi oğru, vicdansız obrazına salıblar, ləyaqətli adamlardan verlişlər hazırlamaq əvəzinə şou xatirinə aşağı səviyyəli adamlar tele məkanlarda cövlan edir. Bu verlişlərə baxandan sonra fikirləşirsən, ya ilahi, bu bizik!
Axı gəlin etiraf edək ki, insanlar eyni səviyyəli, eyni dünya görüşlü, eyni həyata baxışlı deyil. Çoxumuz da adımız məktəbdən, ali təhsil ocağından keçə-keçə mənən oralardan heç nə götürməmişik, özümüzə heç nə qazanmamışıq. Bir də ayılıb görmüşük ömürü yarı etmişik, amma biz hələ də quru yurddayıq, necə deyərlər bir həsirik, bir də məmmədyesir…Və bunun da səbəbini atırıq, taleyin, bəxtin, bizi dünyaya gətirən valideynlərin, lap elə allahın üstünə! Sanki bu tele-məkanlar səsinin gücü olmayan müğənnilərə, donu bir qarış dizdən yuxarı və bütün günü bizlərə ədəb dərsi keçənlərə, evinin, ailəsinin hər nə əyər-əskiki var açıb aləmə faş edən kəslərə xidmət edir. Bütünlükdə millətin, xalqın, ölkənin, məmləkətin, ən nəhayət müqəddəs saydığımız Vətənin taleyini oyun-oyuncağa çevirən bu kəslərə nə deyəsən?! Bunlar bizə nəyi təbliğ edir? Nəyi bizim canımıza, qanımıza yeritmək istəyirlər?
Biz axı o kəslərdənik ki, hələ də torpaqlarımız işğal altındadır. Qarabağ adlı həll olunmayan acımız var. Biz o kəslərdənik ki, bir qarın çörəkçin öz isti ocağından diyarbadiyar düşmüşük. Güney boyda bir Vətən acısı yaşayırıq. Rusiya adlı bir ölkədə həmvətənlərimiz təhqirlərə, müsibətlərə düçar olur, mənlikləri tapdalanır, ləyaqətləri aşağılanır. Dünyanın dörd bir yerinə yayılmış həmvətənlərimiz ayrılıq adlı ağrıyla həmdərdirlər.
Bizi isə deyəsən qətiyyən bu kimi acılarımız maraqlandırmır. Vəziyyət elə bir şəkil alıb ki, bir çox ailələrdə ər arvadını, arvad ərini, qonşu qonşusunu, qohum qohumunu tele kanallarla hədələyir və deyir- «Bax mənim filan istəyimi yerinə yetirməsən, filan telekanala gedib səni biabır edəcəm…»
Aydın məsələdir ki, ən səviyyəli ailələrdə belə ürək bulandırıcı, könül yandırıcı söz-söhbətlər olur. Çünki ailə özü də bir dövlətdir. İki evlənən ayrı-ayrı ailələrdə doğulub tərbiyə alır. Kim desə ki, yox biz iyirmi dörd saat bir-birimizə can deyib, can eşidirik, bu inanılmaz bir şey olar. Hər bir ailədə xoşbəxt günlər də, acılı-ağrılı günlər də olur. Ailədə yaşayan cütlük bir-birinin mənfi-müsbət cəhətlərin duyur, anlayır və bir-birlərinə güzəştə gedirlər, bu birliyi ömürlərinin sonuna qədər qoruyub saxlayırlar. Özünü digərindən yüksəkdə görən kəs heç vaxt yarısı deyib ailə qurduğu kəslə bir yerdə axıra qədər qala bilməz. Bax belə ailələrin acılarını şoya çevirənlər başqalarının bədbəxtliyindən qazanc əldə edənlərdir!
Həyatda özünə bir yer tutmayan insanların faciəsini, həyatını şoya çevirib və onları ssenariləşdirən, bununla özlərini istedadlı telejurnalist adlandıranlar bilməlidirlər ki, yara ağrıyanda ona duz basmırlar…Sizlər isə yaraya duz basıb ondan həzz alanlarsız. Bunun bir adı da manyaklıqdır. Manyak elə tutub adam öldürmür ki, elə bu kimi mənəviyyatı puç edən işlərin özü də manyaklığın bir növüdür. Beynini, ağlını, zehnini, şüurunu bu kimi işlərə sərf edənlər mənəviyyatımıza bağışlanılmaz zərbə vururlar. Əğər bu insan aşağılayıcı tele-layihələrə son qoyulmasa bizlər çox illər bu zərbələrin acısını dadacağıq. Kitabdan, bilikdən uzaq düşüb falçı dalınca qaçacağıq, dinə yox, mövhümata pərəstiş edib onun əsirinə çevriləcəyik, Müxtəlif sektaların, yalançı peyğəmbərlərin səcdəsində olacağıq. Nə qədər gec deyil, ey tele-məkan əhlini idarə edənlər, hərəkətə keçin, mənəviyyatımızı aşağılayan, mənliyimizi heçə-puça endirən bu dırnaq arası vətən cəfakeşlərinə dur deyin! Sonra vallahi, billahi gec olacaq, biz bu biabırçılıqları yığıb, yığışdıra bilməyəcəyik. Gəlin sözümüzə, özümüzə, görən gözümüzə hörmət qoyaq. Axı bunları bizə Tanrı bəxş edib. Bəxşişi belə qorumazlar…
Ey Vətən əhli, onu da sizlərin diqqətinə ərz edim ki, bəndəniz, yəni mən heç kimə öyüd-nəsihət, filan vermək fikrində bulunan deyiləm. Elə içi mən qarışıq bizlərin hər birinin çatmazlıqları var. Mükəmməl Yaradandır deyirlər. Yaradan hər birimizin yardımçısı olsun. Sizlərə sağlıq diləyi ilə yazımı tamama yetirirəm. Sağ olun, salamat qalın…
09.11.2013
Şirinxanım Kərimbəyli Şadiman

Bu xəbər oxucular tərəfindən 1403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed