Şrift:
Qazaxıstanda Dağlıq Qarabağ problemi ilə bağlı işlər necə gedir?
20.11.2013 [09:16] - Türk dünyası-Turan, Müsahibə
Müsahibimiz Ulu Türküstanda çap olunan “TÜRKEL”, “VƏTƏN” qəzetləri, “ALTIN KÖPRÜ” jurnalının baş redaktoru, filoloji elmlər namizədi, Beynəlxalq dərəcəli jurnalist Ramiz MƏŞƏDİHƏSƏNLİdir.



-Qarabağ müharibəsi illərini necə xatırlayırsınız?



- Əslində Qarabağ müharibəsi bu yaxın 20 ilin keçdiyi bir dövrü əhatə etmir. Ermənilər həmişə, əsrlər boyu gözü Azərbaycan torpağında olan, onun inkişafını, qüdrətini zəiflətmək məqsədilə üçüncü qüvvələrin əlində bir alət kimi münaqişələr törədərək, dinc, sivil insanları məhv etmiş, soyqırımı törətmişlər. Bunu Azərbaycanın ərazilərində yaxın zamanlarda aşkara çıxan toplu məzarlar da sübut edir... Mən hələ İrəvanda yaşarkən – 1980-1989-cu illərdə ermənilərin Qarabağ uğrunda keçirdikləri mitinqlərin, yürüşlərin şahidi olmuşdum. Bu uzunsürən müharibə Azərbaycan türklərinin Qərbi Azərbaycanın xanlıq və mahallarından kütləvi surətdə çıxarılması ilə bağlı idi. Soydaşlarımızın əzəli torpaqlarından çıxarılması haqda KİV-də çox yazılıb. Mən digər dəlillərə toxunacağam. İrəvanda radioda Azərbaycan dilində verilişlərin aparıcısı və müəllifi olaraq, ölkəni sonuncu tərk edənlərdən biri kimi, mən də 1989-cu ilin 20 martında ailəmlə Bakı şəhərinə yerləşdim və Azərbaycan radiosunda işə başladım. O dövrlərdə Azərbaycanın hər yerində meydan hərəkatları getdikcə güclənirdi. Ermənilər həmin vaxtlarda Xankəndindəki radio-studiyanı çalışdırmaqdan imtina etmişdilər, tətil edirdilər. Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçkonun sədrliyi ilə DQ Vilayət partkomitəsinin binasında Təşkilat komitəsi fəaliyyət göstərirdi. Erməni dilini yaxşı bildiyim üçün Xankəndi radiosunu işə salmaq üçün məni Bakıdan oraya göndərdilər. Azərbaycan KP MK və Moskvanın başsığallayıcı qərar və qətnamələrini ermənicəyə çevirib efirə çıxırdım. 45 gün sürdü bu fəaliyyət. Gündən-günə Qarabağın bütün yaşayış məntəqələrində qarşıdurmalar və silahlı toqquşmalar geniş yayılmağa başlayırdı. Müharibənin başlanğıcına isə az vaxt qalırdı... Volskinin ermənipərəst Təşkilat Komitəsi, hakimiyyət didişmələri, 1990-cı ilin qanlı 20 yanvarı, SSRİ-nin çökməsi. Əlbəttə, bütün bunlar müharibəni sürətləndirdi. Beynəlxalq təşkilatlar nə qədər səthi qərarlar qəbul etsələr də, təcavüzkar, işğalçı ermənilər hələ də Azərbaycan ərazilərini tərk etmək niyyətində deyillər. Yəni, hələ bu xəmir çox su aparacaq. Dövrümün hər bir azərbaycanlısı başlayan və sonu görünməyən bu müharibəni beləcə xatırlayır, məncə. Ümidimizi isə, kəsməməliyik!



-Dağlıq Qarabağ problemi ilə bağlı Qazaxıstan ictimaiyyəti nə düşünür?



- İlk öncə bunu açıq demək lazımdır ki, Azərbaycan həmişə informasiya mübarizəsində ermənilərdən geri qalır. Bu qədər əlimizdə imkan olduğu halda, tarixi Vətənimizdən ilk mənbədən məlumat almaqda çox çətinliklərlə qarşılaşırıq. Bizim məlumatlarımızı isə çox zaman Qazaxıstan mətbuatı alıb KİV-lərində istifadə edir. Həm də buradakı yerli mətbuat nümunələrinə ermənilər daha yaxından daxil ola biliblər. Üst təbəqənin – dövlət məmurlarının da diqqəti beləcə yayındırılır Azərbaycan həqiqətlərindən. Qazaxıstanın dünya dövlətləri içərisində böyük nüfuzu vardır və söz demək haqqına malikdir. Qarabağ məsələsində 90-cı illərin əvvəllərində bildiyiniz kimi yaradılmış bir komissiyanın tərkibində bu ölkədən də nümayəndələr vardı və 20 noyabrda Qarakənd səmasında Azərbaycanın say-seçmə dövlət xadimləri ilə birlikdə vurulan helikopterdə qazax nümayəndələr də həlak oldular. O dövrdən bəri yalnız Azərbaycanın dövlət başçısı ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ikili görüşlərində “növbətçi kəlmə” olan “Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır!..” cümləsi gündəmə gətirilib. Düşünün, keçən il Qazaxıstan ATƏT kimi təşkilata sədrlik etdi. Ancaq Qarabağla bağlı nə bir müzakirə, nə də bir qərar ortaya qoyuldu. Bəlkə də bu Qazaxıstanın tolerant, demokratik və millətlər arasında ayrıseçkilik olmayan bir siyasətini göstərməkdir. Bir faktı qeyd etməsəm obyektivlikdən uzaq olar. Qazaxıstan Xalqları Assambleyasına(QXA) daxil olan Qazaxıstan Azərbaycanlıları İctimai Birliyinin mətbuat orqanı, mənim baş redaktor, Hökümə xanımın da redaktor olduğu “VƏTƏN” qəzetində ermənilərin təcavüzkarlığı, işğalçılıq siyasətinə dair yazılar dərc edirdik. Bir gün QXA-da bildirdilər ki, Qazaxıstanda 100-dən çox millətin təmsilçisi yaşayır, bu cür yazılar verməyin. Çünki millətlər arasında ayrıseçkilik və ədavət yarana bilər... Əlavə şərhə ehtiyac yoxdur, eləmi? Ancaq yazılarımızı bu gün də davam etdirməkdəyik... Çox da gileylənmək düzgün çıxmazdı. Ara-sıra qazax həmkarlarımız Qarabağla bağlı dolayı da olsa, yazılarını, fikirlərini yayırlar.



-Azərbaycan türkləri problemlə bağlı yetərincə iş apara bilirlər?



- Təəssüf ki, yox! Əlimizdə olan mətbuat nümunələrimizdən yetərincə istifadə edə bilmirlər. Azərbaycanlı zənginlər Almatıya cəmləşiblər. 100-dən çox böyük restoran və iaşə obyekt sahibləri olan soydaşlarımız yerli TV kanallar və güclü nüfuza malik mətbuat nümunələrinə baş vurmaq belə istəmirlər. Öz qazanclarının hayındadırlar. Sağlıqlarına qismət olsun varidatları, amma ən azından çevik olmalıdırlar. Ayrı-ayrılıqda soydaşlarımız var ki, öz imkanları daxilində Azərbaycan həqiqətlərinin qazax ictimaiyyətinə tanıdılması üçün fəallıq nümayiş etdirirlər. Qazaxıstan Dövlət radiosunda təməli 1992-ci ildə qoyulan və Hökümə xanımla birlikdə mənim aparıcısı və müəllifi olduğum Azərbaycan (həftənin 6-cı günləri Bakı vaxtı ilə 14:35-də İnternet üzərindən dinləmək üçün http://kazradio.kz ) və Türk dillərində (həftənin 4-cü günləri Bakı vaxtı ilə 14:35-də İnternet üzərindən dinləmək üçün http://kazradio.kz ) həftəlik verilişlərimizdə xəbərlər yolu ilə istədiklərimizi efirdə yayınlayırıq.







Seymur Həsənli



“KarabakhİNFO.com”
Bu xəbər oxucular tərəfindən 925 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed