Şrift:
Azərbaycanda 1 manat 50 qəpiyə benzin
16.12.2013 [14:59] - Gündəm, Sosial
İqtisadçı ekspert Samir Əliyev “Feysbuk” səhifəsində bu barədə yazıb

Azərbaycan Hökumət yanacaqdoldurma məntəqələrində litri 1 manat 50 qəpiyə satılan Aİ-98 markalı benzinin qiymətini tənzimləmir. İqtisadçı ekspert Samir Əliyev “Feysbuk” səhifəsində bu barədə yazıb: “Aİ-98 markalı benzinin satış qiyməti sərbəstdir. Bu gün 1 manat 50 qəpikdir, sabah 2 manat ola bilər, növbəti gün 3 manata. Qiymətin formalaşmasının mövcud mexanizmi qanunvericiliyə birbaşa ziddir. Ölkə qanunvericiliyə görə, kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində satılan yanacağın qiymətini dövlət tənzimləyir. “Tənzimlənən qiymətlər haqqında” qanuna əsasən, tənzimlənən qiymətlər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına tətbiq edilir. Mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimlənməsində olan məhsullara müvafiq tənzimlənən qiymətləri tətbiq edirlər.

Bu qanundan çıxış edərək Nazirlər Kabineti 2005-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısı təsdiq edib. Bu siyahıya 39 mal, iş və xidmət qrupu daxil edilib. Siyahıya əsasən, xam neft və neftdən emal olunan əsas məhsulların qiyməti tənzimlənməlidir. Yəni qərarda ölkə daxilində istehsal olunan yox, ümumiyyətlə neft məhsullarının tənzimlənən qiymətlərə aid olması göstərilir.

Aİ-98 benzinin qiymətinin tənzimlənməməsini onun idxal olunması, yəni ölkə daxilində istehsal olunmaması ilə əlaqələndirirlər. Azərbaycanın neft emalı zavodu 98 oktanlı benzini emal etmək gücündə olmadığından həmin yanacaq növü Rumıniyadan gətirilir. Tarif Şurasının 2 dekabr qərarında da məhz ölkə daxilində istehsal olunan neft məhsullarının qiymətinin müəyyənləşdirilməsi göstərilir.

Tarif Şurasının istinad etdiyi qanunlar neft məhsullarının qiymətinin tənzimlənməsini nəzərdə tutduğu halda niyə şura ancaq daxili istehsala tənzimləyici qiymət tətbiq edir? Bir sözlə, Aİ-98 markalı benzini neft məhsulu olduğuna görə tənzimlənən məhsullar kateqoriyasına daxildir və deməli, onun da qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənməlidir”.

Samir Əliyev həmçinin qeyd edib ki, keçmiş SSRİ ölkələri arasında ən bahalı Aİ-98 markalı benzin Azərbaycandadır (1,4 avro): “Ermənistanda bu yanacaq növünün hər litrini 1, Gürcüstanda 0,95, Latviyada 1,34, Litvada 1,37, Ukraynada 1,14, Moldovada 1, Estoniyada 1,33, Rusiyada isə 0,78 avroya satırlar”.

Qiymətlərin analizi göstərir ki, Aİ-98 ilə Aİ-95 markalı benzinin qiymətləri arasında fərq hər bir ölkədə müxtəlifdir və ən çoxu 10 faizdir. Yəni birinci ikincidən ən çoxu 10 faiz baha ola bilər. Bu nisbəti tətbiq etdikdə Aİ-98 benzininin qiyməti ölkədə ən çoxu 0,90 manat olmalıdır”.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed