Şrift:
Strateji balans koridoru
22.01.2014 [13:23] - Siyasət, DAVAMın yazıları
Bu koridora hazırda Amerika və onun avropalı müttəfiqləri nəzarət edir. Vaşinqton, Kolumbiya dairəsində formalaşdırılan və çoxfunksiyalı həyat qabiliyyətli elementlərlə hərəkətə gətirilən, bundan sonra Avropa və Yaponiyanı da strateji halqalarla bir-birinə bağlayan, nəhayət, Atlantik və Sakit Okeanda sahil boyu (həm quruda, həm də suda) əsas strateji periferiyalara nəzarət edən klassik müttəfiqlərin tərtib etdiyi Böyük Avrasiya Konsepsiyası strateji balans koridorunu təşkil edən mexanizmin adıdır. Bu, birqütblü yeni dünya sisteminin ideoloji dayaq nöqtəsi isə qlobal demokratiyadır. Demokratiya fenomen olsa da, onun elastik xarakteri, coğrafi siyasətə təsiri çoxmənalı səbəblərdən obyektiv nəticəni hasil etməyib. Ancaq onun praktiki təzahürü ideal təsəvvürlər formalaşdırır.

Qlobal siyasətdə fundamentalizm demokratiyanı inkar edir. Paralel müstəvidə çoxfunksiyalı plüralist ideyaları fokuslaşdıran amerikan, üstəgəl Avropa demokratiyası, fundamental demokratiyanı dəstəkləyir və həm də geosiyasətdə bu amilin nəzərə alınmasını konkret tərəflərdən israrla tələb edir. Bu, amerikan idealizminin proses yaradan xarakteridir. Bu həm də ona bənzəyir: siz qlobal demokratiyanın ideoloji fəlsəfəsini qəbul edərkən digər tərəfdən özünüzün bütün milli niyyətinizdən imtina etməlisiniz. Bu məntiqi qəbul etmək mümkündürmü?

Bu suala əhatəli şəkildə cavab verilməyibsə, deməli, sual cavabsız qalıb. Hələlik gələcəyin dünyası bu kimi prinsipləri qəbul etməkdən uzaqdır. İnformasiya texnologiyalarının inkişaf etdiyi 21-ci əsrdə ritorika ilə eqoizmin demokratik prinsiplər üzərində təsiri çoxmənalı səbəblərdən mümkün deyil. Deməli, qlobal demokratiyanın əsas missiyası ondan ibarət olmalıdır ki, qloballaşma prosesində dövlətlərin daxili ideoloji sisteminə müdaxilə siyasətindən imtina edilsin və ölkələrin mental xarakterinə hörmətlə yanaşılsın.

Digər tərəfdən coğrafi siyasət faktoru nəzərə alınmadan qlobal demokratiyanın tətbiqi prinsipi mümkün görünmür. Ümumiyyətlə, qlobal sistemdə əks ideoloji konsepsiyalarla hərəkət edən qütblərin irəli sürdüyü arqumentlər də tamamilə əsasız deyil. Və daha çox bu arqumentlər həm regional, həm də qlobal siyasətdə paradiqma kimi xarakterizə olunur. Bununla belə qlobalizmin ideoloji xarakteri ilə siyasi coğrafiyanın şərtlərini balanslaşdıran strateji tendensiyaları, amilləri nəzərə almaqla sağlam geostrateji halqaları təşkil etmək mümkündür. Yəni sivilizasiyalararası harmonik tendensiyaları mərkəzləşdirmək naminə qlobal təhlükəsizliyi təmin etmək olar.

Bütün bunlarla bərabər demək lazımdır ki, əgər qlobal demokratiyanın geosiyasətlə məntiqi harmoniyası mümkün olmayıbsa, deməli, bundan sonra böyük ehtimalla strateji geosiyasəti təşkil etmək də mümkün olmayacaq. Hər halda son yüz ildə geosiyasi nəzəriyyələrlə ilahi konsepsiyaların qarşı-qarşıya olduğu uzun bir dövrə nəzər salsaq, təcrübənin gətirdiyi qənaət ümidsizlik yaradardı. Ancaq bütün hallarda bu böyük həqiqəti qəbul etmək lazımdır ki, amerikan idealizminin konsepsiyalaşdırıb əsaslandırdığı və ya fokuslaşdırdığı qlobal demokratiyanın üfüqdə heç bir alternativi yoxdur.

Dünyanın birqütblü inkişafı və alternativ tendensiyaların siyasi sistemlər vasitəsilə realizəsi mümkün görünmür. Demokratiyanı qloballaşdırmaq və müxtəlif coğrafi məkanlarda təşkil etmək üçün çoxqütblü demokratiyaya ehtiyac yaranıb. Həqiqətən amerikan mədəniyyətinin ideoloji aspekti özünün təsir imkanlarını demokratik prinsiplərə əlavə edə bilib. Bu, fövqəladə önəmli faktordur. Bu o deməkdir ki, amerikan demokratiyasının coğrafi siyasətdə nəzərə alınması sabitləşdirici amil ola bilər və həm də dünyanın qaynar nöqtələrində strateji balansı bu tendensiyalar vasitəsilə formalaşdırmaq məqsədəuyğundur.

Yaxın Şərq də daxil olmaqla hazırda dünyanın müxtəlif regionlarında baş verən tektonik siyasi dəyişikliklər geosiyasi konsepsiyalarda qlobal demokratiya mövzusunu aktuallaşdırıb. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq münasibətlər sistemində ciddi çaşqınlıq yaradıb.

Rusiya və onun qeyri-müəyyən avrasiyalı müttəfiqləri, xüsusilə Çin və başqa regional aktorların qlobal siyasətə müdaxilə etmək həvəsi, demək olar, beynəlxalq sistemdə həyəcana səbəb olub. Özü də qlobal demokratiyanın imkanları hansı səviyyədədir sualına indi müxtəlif mövqeləri ifadə edən cavablar verilir. Ancaq amansız həqiqət ondan ibarətdir ki, adlarını çəkdiyimiz ölkələr qrupunun demokratiya ilə ciddi problemi var və onların coğrafi siyasətə inyeksiyası arzu olunan məntiqi nəticəni hasil etməyəcək. Belə bir şəraitdə ilk baxışdan məhz bu cür təəssürat yaranır ki, qlobal sistem Yaxın Şərq bataqlığı ətrafında strateji geosiyasətə əlavə olunub. Hələlik Amerikanın demokratiya bayrağı qlobal sistemlə paralel Yaxın Şərq regionunda da coğrafi siyasəti müxtəlif formalara salır və proseslərin məntiqi ardıcıllığı Amerikanın ölçülüb-biçilmiş maraqlarına uyğun inkişaf edir. Yəni amerikan hegemoniyasının qlobal siyasətə təsiri daha çox qlobal demokratiyanı fokuslaşdırmaqla mümkün olub!

Proseslər amerikan idealizminin yaratdığı tendensiyalar kateqoriyasına aiddir. Geniş planda Yaxın Şərqdə baş verən hadisələri də məhz demokratiya uğrunda mübarizə adlandırsaq, ədalətli yanaşma olardı və hələlik qlobal sistem bu prosesdə özünün ideoloji refleksini sürətlə təşkil edə bilməyib. Bu, alternativin dilemmasıdır. Proseslərə intensiv olaraq təsir edən xarici faktorları da əlavə etsək, onda demək lazımdır ki, Yaxın Şərq coğrafiyası birqütblü strateji geosiyasətə əlavə olunub.

- Bizə görə, strateji geosiyasət qarşılıqlı maraqları inkar edən konkret siyasətdir və bilərəkdən strateji geosiyasət terminindən istifadə edirik - Avrasiyada, qitənin mərkəzi periferiyasına və onun orta və Uzaq Şərq rayonlarına doğru uzanan regionlarına, burdakı dövlət salietlərinin coğrafi-siyasi strukturuna nəzər salsaq, məsələn, Şərqi Avropa və Qafqaz regionu istiqamətində mövcud geosiyasi vəziyyəti təhlil etsək görərik ki, bu regionlarda da geostrateji balans marginaldır. Xüsusilə Cənubi Qafqazda separatist subyektlərin mövcudluğu faktı regionun coğrafi siyasətini mürəkkəbləşdirməkdədir. Cənubi Qafqazda bu problemin tarixi varisi isə Şimal fenomenidir. Hazırda Uzaq Şərq adalarında demokratiya və onun alternativi olan coğrafi siyasət tendensiyası ciddi problemlərlə üz-üzə qalıb. Çinin qonşuları ilə mövcud münasibəti, rəsmi Pekinin tarixi optimizmin ruhuna uyğun olaraq qurub yaratdığı strateji siyasət özünün bütün elementləri ilə imper niyyəti xarakterizə edir. Deməli, bütün bunlar ABŞ-ı qayğılandıran amillərin sırasında ilkin yerləri tutur.

Düzdür, Yaponiyanın varlığını prosesə əlavə etməklə hələlik Çini regionda stabilləşdirmək mümkündür. Ancaq Çinin iqtisadi imkanları Yaponiyanı özünə cəzb edə bilər və bu zaman iqtisadi dinamizm, geoiqtisadi proseslərin düzgün təhlili, nəticədə Yaponiya-Çin iqtisadi əməkdaşlığında strateji partnyorluq aktını şərtləndirmiş olardı. Deməli, Çinin inkişafı regionun demokratikləşməsinə heç bir müsbət nəticə verməyəcək və hətta regionun ideoloji siyasi strukturu antidemokratik basqılara məruz qalacaq. Bu xəyali təhlillərin reallıqla əlaqəsi Vaşinqton üçün ölümcül zərbə olardı. Deməli, Çinin iqtisadi hegemonluğu regionun siyasi mənzərəsinə təsir edir. Digər tərəfdən onun mədəni üstünlük hissinin primitivliyi və demokratik olmayan siyasi sistemi ondan çox ehtiyat etməməyə zəmanət verir. Pərdə arxasında Yaxın Şərq regionunda baş verən proseslərə, xüsusilə Suriyada baş verən proseslərə Çinin təsiri faktoru böyük ehtimalla iqtisadi amillərlə bağlıdır. Çinin Yaxın Şərqlə bağlı ölçüb-biçdiyi iqtisadi strategiya onu regionun işlərində aktivləşdirir və Pekin Yaxın Şərq fenomeninə demokratik prinsiplər əsasında deyil, sırf iqtisadi elementlərlə yanaşır. Bütün hallarda hələlik ABŞ Çini özünün yaratdığı maliyyə bunkerində izolyasiyada saxlayır, digər tərəfdən onun şıltaqlıqlarına iqtisadi maraqlar kontekstində dözümlülük nümayiş etdirir.

Avrasiyada strateji balansı tamamilə darmadağın edəcək faktorlardan biri də Pakistanla Hindistan arasında müharibə riskini fokuslaşdıran Kəşmir fenomenidir və hərçənd hələlik Amerikanın siyasi təsirləri sayəsində risk stabilləşdirilmiş atmosferə transformasiya olunub. Avrasiyanın strateji strukturunda bu çox ciddi faktordur və Hindistanın hərbi müdaxiləyə meylli siyasəti həqiqətən dəhşətli fəlakətlərə səbəb olardı.

Lakin problem ideoloji kontekstdə mövcudluğunu qoruyur. Həqiqət ondan ibarətdir ki, həm Hindistan, həm də Pakistan nüvə dövlətidir və bu dövlətlər arasında olan lokal müharibə Avrasiyanın geostrateji nizamını pozmaq iqtidarındadır. Çünki Hindistan regionda Çini stabilləşdirir və bu fakt Pakistanın lehinədir, Pakistan isə eyniliklə ümumi regionu qidalandıran mini aktordur. Onun varlığı Əfqanıstan və İranı regionda elə bir formada balanslaşdırır ki, Vaşinqton bu amilə istinad edərək Hindistanın coğrafi siyasətini müəyyən mənada dizayn edə bilir.

Amerikanı qayğılandıran başqa bir amil Çinin geostrateji halqasına daxil olan, Şimali və Cənubi Koreya münasibətləridir. Və Vaşinqtonun bu münasibətlərə təsiri faktı qlobal siyasətdə strateji balansı koordinasiya edən başqa bir faktordur. ABŞ bu münaqişələrin tərəfi olsa da, o, stabilləşdirici strateji balans koridoruna nəzarət edir. Yəni Çin regionda strateji motivasiyaya meylli subyektdir və onun ambisiyaları Vaşinqtonu qayğılandırır. Nəhayət, bütün bu təhlillərdən o hasil olur ki, Avrasiyada yeni hegemon tip müəyyən mənada Çindir və qlobal siyasətdə Çin xofu getdikcə fokuslaşır.

Bütün bunlarla yanaşı planetin ən sabit regionunda, Avropa Birliyi daxilində də sabitlik ideal həddə deyil. Faransa və Almaniyanın strateji davranışları Avropa zonasında hegemonluq aktını konsepsiyalaşdırmaqdadır. Hələlik bütün alternativlərə ABŞ nəzarət edir. Avropa buna görə müəyyən mənada daxili rahatlıq içindədir və o, avro zonasında imper motivasiyanı Vaşinqtonun dəstəyi ilə parçalaya bilib. Böyük Britaniyanın Fransaya, Amerikanın isə hələlik Almaniyaya daha çox stavka etməsi Avropa Birliyinin strukturunda geosiyasət amilinin dəyişkən olduğunu ifadə etməyə imkan verir. Almaniyanın Avropa Birliyinin iqtisadi lokomotivi kimi çıxış etməsi Rusiya Almaniya münasibətlərində tarixi narazılıqların oyanmasına şərait yaratmış olardı. Gələcəyin Avropası bundan sonra necə dizayn edilməlidir sualları ətrafında ciddi müzakirələr aktuallaşıb. Bu təsadüfdürmü? Çünki daxili rəqabət çox güclüdür və Avropanın aparıcı dövlətləri alman iqtisadi sisteminin siyasi xarakterinə, bu xarakterin motivasiyasına şübhə ilə baxmaqdadır.

Bütün bunlarla yanaşı ABŞ və Böyük Britaniya Avropanın işlərində əzəli rəqibdir. Qeyri-adi olan odur ki, bu dövlətlər həm də təbii müttəfiqdir və onlar Avropanın işlərində daha çox eyni niyyəti bölüşür. Bu həqiqət Almaniya və Fransanı da qayğılandırır.

Digər bir problem Çinin Avrasiyada aktivləşməsi fonunda Avropa iqtisadi sisteminə inyeksiyasıdır. Çinin indiki iqtisadi yüksəlişi Avropanı cəzb etməyə bilməz. Bu formatda Çin ümumi iqtisadi maraqları önə çəkməklə iqtisadi asılılıq strategiyasını tətbiq edərək Avropanı öz orbitinə daxil etmək üçün geniş imkanlara malikdir. Çin Almaniya və Fransaya mütəmadi olaraq ABŞ və Böyük Britaniyadan qaynaqlanan qayğıları xatırlatmaqla onları bu faktı nəzərə almağa təşviq edə bilər. Bu intellektual manipulyasiyadır. Çin bunu yaxın 10 ildə bacaracaqmı? Hər halda rəsmi Pekin belə bir strategiyanı tətbiq etmək üçün indiki iqtisadi qüdrətindən daha böyük iqtisadi imkanlara malik olmalıdır. Bütün bunların həyata keçirilməsi isə bundan sonrakı qlobal sistemin ideoloji xarakteri ilə sıx bağlı olacaq. Hazırda Çin rəqiblərinə qarşı iqtisadi asılılıq strategiyasını tətbiq edir. Bu iqtisadi asılılıq tendensiyası Avropanın gələcəyi üçün təhdid həddinə gəlib çıxmış olardı. ABŞ üçün Çinin Avropaya bu kontekstdə inyeksiyası məntiqlə ölümcül nəticələrə gətirib çıxarmalıdır. Ancaq Vaşinqton Çini Avropada balanslaşdırmaq üçün qlobal iqtisadi gücə və əvəzolunmaz alternativ resurslara malikdir. Ümumiyyətlə ABŞ dünyanın istənilən regionunda iqtisadi monopoliyanı dağıtmaq və alternativ iqtisadi monopoliyaları yaratmaq iqtidarındadır. Bu, Amerikanın qlobal üstünlüyünün obyektiv reallığıdır. Deməli, bütün bunlar iqtisadi asılılığın təbii normasına o halda çevrilə bilərdi ki, Amerika Çinlə mübarizədə rəqabətə davamlı iqtisadi imkanlara malik olmasın. Hələlik bu, ciddi şəkildə qəbul edilən analoji faktların ən zəifidir. Bununla belə, Amerikanın Avropa üzərində proteksiyası hələlik daha çox demokratiya fenomeni ilə ümumi prinsipləri bölüşən model üzərində təşkil olunub ki, bu da gələcəkdə də ciddi iqtisadi rəqabət və Rusiyanın, hətta Çinin Avropaya qeyri-ənənəvi metodlarla inteqrasiyası, ABŞ + Avropa strateji müttəfiqliyinə kölgə salmaq iqtidarında olmayacaq. Bu zaman böyük ehtimalla Avropa Birliyində hegemonluğa iddialı olan iki oyunçudan biri digərini regionda neytrallaşdırmaq naminə Rusiya və ya Çinlə partnyorluğu arzulayardı. Bu isə avtomatik olaraq Böyük Britaniyanın uzun müddətdir Avropa üçün ölçüb-biçdiyi strateji konsepsiyaların həyata keçirilməsinə sürətlə zəmin yaratmış olardı. Ancaq hələlik Britaniyanın niyyəti onun imkanlarını ötüb keçib. Britaniyanın Avropanın işlərinə müdaxilə etməsi mümkün görünmür və o, Almaniyanın iqtisadi qüdrətini heyranlıqla izləyir.

Rusiyanın Avropaya verə biləcəyi heç nə yoxdur və belə reallıq mövcuddur ki, Avropanın Rusiya ilə əməkdaşlığa meylli olması onu ram etmək həvəsi ilə bağlıdır. Rusiyanın Avropa strategiyası isə ABŞ-Avropa münasibətləri ilə müqayisədə daha məxfidir. Deməli, Amerika üçün Britaniya Avropa işlərində hansı mahiyyəti daşıyırsa, Almaniya və Fransa da həm sabitləşdirici, həm də dağıdıcı subyektlər kimi eyni əhəmiyyəti daşıyır. Amerika üçün qarşıda duran əsas sual budur: Rusiyanın gələcək Avropa ilə əlaqələri necə olmalıdır və Avropada Almaniya-Fransa subyektinə ümumi planda ortaq mövqe qismində hansı münasibəti göstərmək məqsədəuyğundur? Fransasız Almaniya Rusiya ilə necə davrana bilər? Bəs görəsən, Çinin gələcək inkişafı tendensiyası Avropaya necə təsir edəcək və Rusiya elementi burda nəyi necə balanslaşdırmalıdır?

Digər tərəfdən həm Qafqazda, həm də Ön Asiyada və Balkanda Türkiyə İran faktorunu gələcəkdə ehtimal olunan Çin-Rusiya blokuna qarşı hansı formada tətbiq etmək olar və indiki şəraitdə Türkiyənin ideoloji xarakterinin Şərq motivasiyalı olması faktı İranın regiondakı davranışlarına gələcəkdə hansı formada təsir göstərə bilər? Amerika böyük ehtimalla Türkiyənin Avropaya inteqrasiyasını dəstəkləməklə Avropada, Fransa-Almaniya cütlüyünün emosiyalarını cilovlaya bilər. Bununla da hər iki dövlət Avropa Birliyinə daha çox motivasiya olar və qarşılıqlı inteqrasiya prosesinə dəstək verməklə Rusiyaya meylin (məsələn, Fransanın davranışları kontekstində) gələcəkdə baş qaldırmasını indidən dayandırmış olardı. Ancaq bu zaman, şübhəsiz, avropalılar üçün islam fenomeni ciddi faktordur və nə vaxtsa Şərq motivasiyalı ideoloji sivilizasiya dövləti olan güclü Türkiyənin bu koalisiyada mövcudluğu mümkün olarsa, onda bu subyekti necə nəzarətdə saxlamaq lazımdır? Avropa Türkiyənin ideoloji xarakterindən hansı səviyyədə təsirlənə bilər? Strateji dərinliklərdə təhlil olunan bu kimi proseslərin analizini kiçik materiallarla əhatə etmək mümkün deyil. Ancaq ümumi planda demək olar ki, Amerika üçün qlobal demokratiyanın inkişafı və bu inkişafın arxasınca strateji balansı qoruyub saxlamaq strategiyası qüvvələr nisbəti arasında ciddi strateji xətlər çəkmək tendensiyasını önə çıxarır. Bu halda Avropa ilə münasibətlərdə Türkiyə-Rusiya xəttini tutmaqla proseslərə nəzarət etmək mümkündür. Vaşinqtonun Avropa siyasətində Türkiyə-Rusiya faktoruna daha çox stavka etməsi faktı Avropanın təhlükəsizliyi fonunda qüvvələr nisbətini təmin etməkdən ibarət olub. Bu faktı son 10 ildə ABŞ-ın həyata keçirdiyi xarici siyasəti analiz etməklə müəyyən etmək olar. Deməli, strateji balansı təşkil etmək üçün Amerikanın yeganə seçimi var. Demokratiyanın ideoloji xarakterini strateji geosiyasətə əlavə etmək. Bu, ritorika deyil.

Hazırda qlobal sistem təxminən belə bir anlayışın məntiqi izahını özü üçün müəyyən etməkdədir. Həqiqətən Yaxın Şərq siyasətində Vaşinqtonun mövqeyi praqmatikdir! Həqiqət ondan ibarətdir ki, Amerika regionun demokratikləşməsi üçün müttəfiqlərlə bu prosesi təşkil edərkən Rusiya, Çin və İran faktorunun bu səviyyədə qabarıq olacağını təxmin etməyib. Çünki strateji balansı qorumaq üçün Yaxın Şərqdəki prosesi daha böyük bir regiona yaymaq məqsədəmüvafiq deyil və belə bir şəraitdə Vaşinqton bölgədə ən çox zərbə alan tərəf ola bilər. Bu faktı Amerikanın müttəfiqləri qədər rəqibləri də əla bilir. Deməli, strateji balansı qorumaq üçün Amerika daha çox geosiyasi mərkəzlərlə səmimi davranmalıdır. Məsələn o, Türkiyənin imkanlarını fokuslaşdırmalı və ona regional siyasətdə daha çox dəstək verməlidir. İranı neytrallaşdırmaq üçün Türkiyə ilə daha yaxından əməkdaşlıq etməli və Rusiyanın daxili siyasətinə prinsipial şəkildə təsir etməlidir. Avropada birliyin iqtisadi imkanlarına stimul ola biləcək istənilən alternativi dəstəkləməli, Qafqazda Rusiya faktorunu neytrallaşdırmaq üçün Türkiyə ilə paralel Avropa Birliyini regiona daha çox təşviq etməli, onu regionda dəstəkləməlidir. Bu, Vaşinqtonun xarici siyasətində əsas istiqamətlər olmalıdır.

Rusiya hazırda daha çox aktivlik nümayiş etdirir və bu, daha çox Avropadakı iqtisadi böhranın təzahürləri fonunda özünü göstərməkdədir. Bütün bu təhlillərdən belə bir nəticə hasil olur. Əgər ABŞ xarici siyasətində strateji balansı bu coğrafi regionlarda sürətlə təşkil etməyəcəksə, onda onun avropalı müttəfiqləri ilə münasibətləri əks təsirlərə adekvat olmayacaq. Amerikanın alternativ dilemması qlobal demokratiyanın təşkilini təmin etməkdən və strateji balansı bu prinsiplər çərçivəsində təşkil etməkdən ibarət olmalıdır. Yuxarıda verilmiş əsas tezisin təhlilini apararkən qeyd etmək doğru olardı ki, bəli, qlobal demokratiyanın ideoloji mexanizmi reflekslərə meylli olsa da, onun praktikada nəzəri aspekti çoxdan təşəkkül tapıb. Biz sadəcə bu sistemin həyata keçirilməsi mexanizmini təşkil etməliyik. Qlobal siyasətdə amerikan motivasiyalı demokratiyanı təkcə ona görə qəbul etmək məcburiyyətindəyik ki, yuxarıda qeyd edildiyi kimi üfüqdə alternativ yoxdur. Bu, yaxın 20 ilin amansız həqiqətidir. Demokratiya təbii refleksdir.

Rusiyanı daha içərilərə doğru çəkilməyə vadar etmək üçün onu Yaxın Şərqdən tamamilə qovmaq lazım deyil və bu mövqeni dəstəkləyənləri də səmimi qəbul etmək doğru olmazdı. Çünki Rusiya Avrasiyada strateji balansı sabitləşdirən stabilizator rolunu oynayır. O həm Çini, ABŞ-ın strateji davranışlarını, həm də Avropanı üç-iki prinsipi ilə sabitləşdirir. Əgər Rusiya Yaxın Şərqdən qovularsa, onda Almaniya və bütövlükdə Avropanın regiona təsiri fonunda kataklizmlər amansız olardı. Müasir Rusiyanın imper xarakterli siyasi sistemi demokratiya ilə harmoniya təşkil etdiyi andan böyük ehtimalla Şimal fenomenini ovsunlamaq mümkün olacaq.

Zamin AXUNDOV
politoloq
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed