Şrift:
İran-Türkiyə yaxınlaşması nə vəd edir?
31.01.2014 [14:06] - Xəbərlər, Siyasət, Müsahibə
Yanvarın 28-29-da Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan İran Prezidentinin birinci köməkçisi İshak Cahangirinin dəvətiylə Tehranda rəsmi səfərdə olub. R.T.Ərdoğanı səfərdə hökumət təmsilçiləri, iş adamları və mətbuat nümayəndələri müşayiət ediblər. Türkiyəli hökumət başçısı İranda Ali dini lider Ayətullah Seyid Əli Xamneyi, Prezident Həsən Ruhani, Prezidentin birinci köməkçisi Cahangiri, xarici işlər naziri Cavad Zərifi ilə rəsmi görüşlər keçirib. Görüşlərdə ikitərəfli əlaqələr başda olmaqla, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub. Belə ki, İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb, iki ölkə arasında güzəştli ticarət razılaşması imzalanıb, mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunub. Eyni zamanda, görüşlərdə Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, enerji və ticarət sahəsində əməkdaşlıq, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilmiş əməliyyatla bağlı da fikir mübadiləsi aparılıb.

Millət vəkili Fərəc Quliyev Türkiyənin Azərbaycan da daxil olmaqla türk dövlətləri ilə ortaq əməkdaşlığına diqqət çəkib. Deyib ki, bu əməkdaşlıqda əsas məqsəd türk dövlətlərinin ortaq mənafedən çıxış etmələridir. Onun fikrincə, bu dövlətlər arasında hərbi-ticari, xüsusən də xarici siyasət kursu koordinasiya olunmalıdır: “Türkdilli dövlətlər hətta hərbi sahədə əməkdaşlıq məsələlərində də bir-birinin mənafeyini gözləməlidirlər. Türkiyədə, İranda 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyinə tam biganə münasibət sərgiləmək olmaz. Türkiyə-İran əməkdaşlığı kontekstində Tehranın İrəvanla əməkdaşlığına da diqqət yetirmək gərəkdir. Bu məsələ gündəmə gətirilməli və ətraflı müzakirə olunmalıdır. Çünki İran uydurma soyqırımı və ərazi iddiaları ilə Türkiyəyə qarşı çıxış edən Ermənistan üçün “ağciyər” funksiyasını yerinə yetirir. Ermənistan iqtisadiyyatı İrandan güc alır”.

F.Quliyev Türkiyənin regiondakı mövqelərinin möhkəmlənməsində hər zaman maraqlı olduğunu dilə gətirib. Xüsusən də qardaş ölkənin Avropa Birliyi, yeni dünya düzəni qurmaq istəyən sistemlə əlaqələrində maraqlı olduğunu ifadə edib. Lakin o, yeni dünya düzəni siyasətində İranı “badalaq” kimi qələmə verib: “Fikir verin, Rusiya da böyük dövlətdir. Eyni zamanda demokratik dəyərlərin bölgədə, dünyada həyata keçməsinə, eşidilməsinə mane olur. Rusiya kimi İran da şər üçbucağının tərkib hissəsidir. İran bölgədə insan hüquqları ilə bağlı pozucu bir rol oynayır. Öz ərazisində yaşayan Azərbaycan türklərinin, ərəblərin və sair millətlərin hüquqlarını pozan imperiya kimi tanınır. Həm də nüvə silahının əldə olunması ilə bağlı təhdidlərin içərisindədir. Sanksiyalardan sonra müəyyən yumşalmalar olmasına baxmayaraq, bu dövlətin mövqeyində heç bir dəyişiklik olmayıb. Belə vəziyyətdə dünyaya qarşı getmək doğru deyil. Onu da yaddan çıxarmaq olmaz ki, PKK terror təşkilatına yardımda İrandan platsdarm kimi istifadə olunur”.


Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 1257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed