Şrift:
Əlibəy Hüseynzadənin qızı: Atamın 150 illiyinə Azərbaycanda göstərilən diqqət məni çox məmnun edir - MÜSAHİBƏ
18.02.2014 [11:38] - Gündəm, Müsahibə
Feyzavər Alpsar: “Özümü həm də ona görə xoşbəxt hiss edirəm ki, Azərbaycanda gənclik atamın xatirəsini bu qədər əziz tutur, onun kitablarını oxuyur, onun fikir və düşüncələrini yaşadır”

Fevralın 24-də Azərbaycanın və türk dünyasının böyük oğlu, mütəfəkkir Əlibəy Hüseynzadənin anadan olmasının 150 ili tamam olur. APA bu əlamətdar gün münasibətilə Ə. Hüseynzadənin qızı Feyzavər Alpsarın İstanbuldakı evində ondan müsahibə alıb. Müsahibəni təqdim edirik.



- Atanız 1910-cu ildə Bakıdan İstanbula qayıtmasının səbəbləri barədə danışardımı?



- Vallah, atam həyatından çox danışmazdı, diqqəti daim bizim üstümüzdə idi. Həbsdə yatmışdı, məsələn, o divarda şəkil var. O vaxt böyük bacım Səidə ilə qardaşım Səlim var imiş, mən hələ anadan olmamışdım, atam onları yelləncəkdə yellədir. O vaxt universitetin yanında bir bina vardı, deyəsən, indi ora diş həkimliyi fakültəsidir, atam orda həbsdə yatıb. Süleymaniyyədəki Hüseyn Qalip Paşa iqamətgahına köçmüşdük. Hüseyn Qalip Paşa misirlidir, onun oğlu Həmid bəy Atatürkün diş həkimiydi. İstanbulun Eminönü səmtində diş müayinəxanası vardı. Mən yetişkin yaşıma gəlib atamı anlamağa başlayanda onu itirdim. Əslində “atamı anladım” demək doğru ifadə deyil, təbii ki, atamı uşaqlığımdan bəri çox sevirdim. Nənəm nəyə görəsə məni danlayanda mən əllərimi yanıma salıb hərbi təzim vəziyyətində durardım. Nənəm isə “sən kim olursan, bunu necə edərsən?” - deyirdi. Çox ciddi şəkildə dayanaraq “mən Hüseynzadə Əli bəyin qızıyam” – deyirdim. (Gülür.) Bu, mənim çox yaxşı yadıma gələn xatirələrimdən biridir.

Əlibəy Hüseynzadənin qızı: Atamın 150 illiyinə Azərbaycanda göstərilən diqqət məni çox məmnun edir - MÜSAHİBƏ
Əlibəy Hüseynzadənin qızı: Atamın 150 illiyinə Azərbaycanda göstərilən diqqət məni çox məmnun edir - MÜSAHİBƏ





- O vaxt neçə yaşındaydınız?



- Hələ məktəbə getmirdim, 5 yaşında, kiçik idim. 6-7 yaşımda olanda da xatırladığım şeylər var. Atam bizi gəzməyə aparırdı, Gülhanə parkına çox gedərdik və ya Boğaza aparardı. Səhər deyərdi ki, sizi aparacağam, ancaq biz geyinib-hazırlaşsaq da, atam ayağa durmazdı, işini yarımçıq qoymazdı. İşini bitirəndən sonra gəzməyə gedərdik, evə gec qayıdardıq. Uşaqlarına qarşı son dərəcə qayğıkeş idi.



- İstanbul Universitetindən neçənci ildə təqaüdə çıxdı?



- Səhv etmirəmsə, 1934-cü və ya 35-ci ildə təqaüdə çıxdı. 1935-ci ildə Süleymaniyyədə idik. Oradan çıxıb Misir bazarına enərdik. O vaxtlarla bağlı bir xatirəmi danışım: mən çox sevinirdim, çünki maşınla gedirdik. Atam məndən soruşdu ki, nə alaq? Pendir, yağ aldıq, mən isə bal-qaymaq da istədim. Atam hər ay maaşını alanda bizi Misir bazarından bu cür şeylər almağa aparardı, mən də yanında olurdum. Mən birinci sinifə gedirdim. Torbalar əlimizdə Misir bazarının qapısından çıxanda yoldan keçən at arabası bir adamı vurdu, adam yerə yıxıldı. Atam torbaları mənim yanıma qoyub dedi ki, sən bu qapıdan ayrılma, mən o adama ilk yardım edim. Atam o adamı yerə yatızdırıb ilk yardım yapdı, sonra adamı arabaya qoyub göndərdilər. Evə gəldik. Ertəsi gün mən məktəbə getdim. Süleymaniyyə ibtidai məktəbində oxuyurdum, o məktəblə bizim iqamətgahımız yanaşı idi. Məktəbdə müəllim hamıdan soruşurdu ki, səhər yeməyində nə yeyirsiniz? Bəziləri zeytun-çörək, bəziləri pendir-çörək, bəziləri çay-simit dedi. Növbə mənə gələndə - bal-qaymağı sevirəm axı - dedim ki, qaymaqla bal (gülür). Sinifdə alqış qopdu, mən utandım, amma hamının xoşuna gəlmişdi. Bu, mənim heç unutmadığım xatirələrimdən biridir.



- Azərbaycanın üçrəngli bayrağı...



- Atam yapıb...



- Atanızın düşüncəsiylə yaradılıb: türkləşmək, müasirləşmək, islamlaşmaq. Atanızın sizləri son dərəcə çağdaş insanlar kimi böyütdüyü məlumdur. Qardaşınız Səlim bəyin rəssam olmasını atanızmı istədi?



- Baxın, orda bir tablo var (köməkçisi Əminə xanıma tablonu gətirməsini xahiş edir). Bu, Səlimin çəkdiyi ilk tablolardan biridir, atamla birlikdə çəkiblər. Səlim Qalatasaray liseyində oxuyurdu, bu tabloda atamın əməyi var. Bu tablo Səlimin Qalatasaray litseyində oxuyarkən atamla çəkdiyi ilk rəsmlərindəndir. Bu rəsmin çəkilməsini yaxşı xatırlayıram, heç vaxt evimizdən qırağa çıxarılmayıb.



- Osmanlı imperiyası süqut dönəminə qədəm qoyanda atanız, Əhməd Ağaoğlu, Yusuf Akçura, Mehmet Emin Yurdakul və başqaları “Türk Ocaqları”nı qurublar. Sonrakı dönəmdə Qazi Mustafa Kamal Atatürk Ziya Gökalpla birlikdə “Türk Ocaqları”nın qurucularının fikirlərindən çox faydalandığını demişdi. 1930-cu illərdə Türk Dil Qurumu çərçivəsində atanızın Mustafa Kamal Atatürklə əməkdaşlığı barədə nələri xatırlayırsınız?



- Atam təqaüdə çıxacaqdı. 1934-35-ci illər ola bilər. O vaxt Atatürk atama, Ağaoğluna və bəzi başqa insanlara millət vəkilliyi təklif edib. Atam deyib ki, mən təkpartiyalı dönəmdə millət vəkilliyini qəbul etmərəm. Atatürk deyib ki, yaxşı, onda gəl, Türk Dil Qurumunda əməkdaşlıq edək. O vaxtlar atamın təqaüdü az idi. 3 uşaq, anam, onun anası... Ona görə atamın maaşı çatmırdı. Yaxşı xatırlayıram, kasıb xəstə gələndə atam ona dərman və yol pulu verirdi, o vaxtlar hamı bu barədə danışırdı. Atatürklə atam Türk Dil Qurumunda yaxşı işlər gördülər.



- Əhməd Ağaoğlu Malta sürgünündən qayıdanda sizin evinizdə qaldı?



- Bəlkə Əhməd Ağaoğlu bizdə bəzi vaxtlar qalıb, onu xatırlamıram, ancaq qızları Sürəyya və Tezer universitetdə oxuyurdular, bilirsiniz ki, bizim evimiz universitetə çox yaxın idi, yandakı qapıdan çıxıb aşağıya tərəf gedən yolun üstündə idi. İndi orada Feyhaman Duran muzeyi var. Birinci Dünya müharibəsində oraları ingilislər işğal etmişdilər, ingilislər gedəndən sonra ora məktəb olub. Mən o məktəbdə oxudum. Ağlıma bir şey gəldi, vaxtınızı almıramsa, danışmaq istəyirəm. Bir dəfə xırda oğurluq etmişəm. (Gülür.) Hamı məni çox sevirdi, Səlim məni əsəbiləşdirməkdən xoşlanırdı. Məktəbə mavi yemək qabında yemək aparırdım, Səlim deyirdi ki, sən mavi yemək qablı məktəbə gedirsən. (Gülür). Mən də dedim ki, bundan sonra məktəbə qabda yemək aparmayacağam, evə gələndən sonra yeməyimi yeyəcəyəm. O vaxtlar pulun nə olduğunu bilmirdim, məktəbdə də bizə yemək üçün şeylər verirdilər. Bir gün anam yataq otağındakı siyirtməni çəkib zərf çıxardı. Anamdan soruşdum ki, onlar nədir? Dedi ki, puldur. “Pul” sözünü o vaxt ilk dəfə eşidirdim, ancaq pulun nə olduğunu bilmirdim. Anam zərfdə hər şeyi dəqiqliklə ayırmışdı: bu, uşaqların pulu, bu, yeməyimizin pulu və s. O vaxtlar üçün böyük pul olan 10 lirəni zərfdən götürdüm, məktəbin qapıçısının satdığı fındıq, fıstıq, ləbləbi alıb məktəbdəki yoldaşlarıma və müəllimlərimə verdim. Axşam evdə anam soruşdu ki, qızım, sən bu gün siyirtmədən pul götürmüsənmi? Dedim ki, təbii, anacığım, götürdüm və yoldaşlarıma ziyafət verdim. (Gülür.) Mən onun oğurluq olduğunu bilmirəm ki? Anam dedi ki, bunu bir daha etmə, pulu məndən istə. Ondan sonra anam mənə 2,5 lirə, yoxsa 2,5 quruş verərdi.



- Ağaoğlunun övladlarıyla səmimi dostluğunuz var idimi?



- Onları çox sevirdim. Sürəyyya və Tezer abla universitetdə oxuyanda 2-3 il bizdə qaldılar. Anam onların yataq otağına mavi yorğan salmışdı, axşam yatanda mən də onların arasına girirdim, sonra otağımıza çıxıb yatırdım. Tezer ablamla bağlı çox xoş bir xatirəm var. Küncdə bir mənzil varmış, ordakı qonşu ləyəndən su atır, su Tezer ablamın başına tökülür, çox əsəbiləşir. Orda bir ayaqqabı boyaçısı var imiş, Tezer ablam həmişə ona pul verirmiş, bu dəfə üst-başı islandığına görə, boyaçıdan pul istəyib. Onlar bizdə qalanda mən çox xoşbəxt idim, daha sonra həmişə dostluğumuz davam etdi. Hələ də Ağaoğlu nəslinin nümayəndələriylə görüşürəm. Əhməd var, Təkdaş keçən il vəfat etdi. Onlar da öz hallarında çırpınırlar, həyat belədir.



- Səməd Ağaoğlu bəyi xatırayırsınızmı?



- Təbii ki. Səməd bəy nazir oldu. Həmişə görüşürdük.



- Atanızın dostları, xüsusilə Əhməd Ağaoğlu bəy evinizə gələndə onların söhbətini dinləmə fürsətiniz olurdumu?



- Əhməd Ağaoğlu, Yusif Akçura həmişə bizə söhbətə gələrdilər. Fuad Köprülü oğluyla gəlirdi, onun oğlu məndən bir az böyükdür. Süleymaniyyədəki evimizə gəlirdilər. Biz uşaqlar ayrı oynayırdıq, onlar içəridə söhbət edərdilər. Orada bir tablo var, Səlim Süleymaniyyədəki evimizi təsvir edib. Onlar küçəyə oynamağa çıxanda deyirdim ki, mən niyə çıxmayım? Cümhuriyyət elan ediləndən sonra qızların hüquqları xeyli artdı. Bir gün mən Taksimə getdim. Siqaret çəkən deyiləm, mində bir halda 1 siqaret çəkərdim. İncəsənət Akademiyasına daxil olmazdan əvvəl mən Qız Gimnaziyasında oxumuşdum. Atatürkə bəyaz beretka ilə şarf hədiyyə veriləcəkdi, onları o vaxt mən yapmışdım. Allah rəhmət eləsin, o vaxtkı müəllimim Luqarla birlikdə. Taksimdə Sürəyya abla məni siqaret çəkərkən görüb. Üsküdardakı evimizə qonaq gəlmişdi. Dedi ki, mən səni Taksimdə gördüm, siqaret çəkirdin. “Təbii ki, çəkərəm, o biri qızlardan nəyim əskikdir, onlar çəkir, mən niyə çəkməyim?” – dedim. (Gülür.)



- 1926-da İzmirdə Atatürkə qarşı həyata keçirilmək istənilən sui-qəsddə yanlışlıqla atanızın da adı hallandırılıb, hətta atanız qısa müddət həbsdə qalıb. Atanız o yanlışlığın haradan irəli gəldiyi barədə sizə nəsə demişdimi?



- Xeyr, heç danışmadı. İndi tam yerini deyə bilmirəm, Sirkəçidə İstanbul polis idarəsi vardı, oranı xatırlayırsınızmı? Orada böyük və gözəl bir bina vardı. Atam məni parka gəzməyə aparmışdı. İndiki ağlımla düşünürəm ki, bəlkə mən də yanında olduğuma görə, atamın heç bir sui-qəsd planında iştirak etməyəcəyinə inanıblar. Bu, mənim yozumumdur. Binaya girdik, mən ilk dəfə liftə minirdim. O vaxt hələ məktəbə getmirdim. Atam Qara Kamal adlı bir adamla danışdı, mənə bir rəsm kağızı verdi, cızma-qara etdim. Atamın o binaya girdiyini və Qara Kamalla görüşdüyünü biliblər, ona görə həbs ediblər. Süleymaniyyədə yaşayarkən qapılarımız bir-birinə açılan qonşumuz vardı, general idi. Axşamlar Həmid bəyin evində görüşlər olurdu. Atam qısa müddət həbsdə qalandan sonra çıxdı, amma təəssüf ki, Qara Kamalı edam ediblər.



- Atatürklə atanızın arasında yaxın əlaqə olduğunu dediniz. Onun ölümü ailənizin üzərində necə təsir yaratdı?



- Atam Atatürklə dostluğundan çox xoşbəxt idi. Mustafa Kamal Paşanın İstanbula gəldiyini bizə xəbər verəndə atam, anam və bacı-qardaşım gəmiyə minərək onu qarşılamağa getdik. Sarayburnundan Üsküdara keçdik. O vaxtlar oraların sahili bomboş idi. Atatürk dedi ki, buraya ağaclar-çiçəklər əkməlisiniz. Bir də indiki hökumətimizə baxın. Biz o vaxtlar ordan dənizə girərdik. 1935-də biz Üsküdara köçdük. O vaxt bal gecələri təşkil edilirdi, atamın kapitan Yavuz paşanın paltarlarını geydiyi fotoları var. Memar Sinan adına akademiyada oxuyanda 10 noyabr günü dərsə getdim. Tələbələr tez-tez balkona çıxıb Dolmabahçe sarayı tərəfə baxırdılar ki, bayrağın yarıya qədər enib-enmədiyini görsünlər. Bir xəbər gəldi, sanki akademiyaya bomba düşdü, hamımız pərişan olduq. Mən evə gedə bilmədim, əvvəlcə müəllimimin yanına çıxdım. Evə necə gedim, nə deyim? (Ağlayır...) Hamı təlaş içində idi. Karaköydən gəmiyə minib evə getdim, atam məni qarşıladı. Atatürkün vəfat etdiyini dedim. “Təəssüf” dedi. Bir də gördüm ki, atam Ağaoğlu Əhmədin fotosunun qabağında durub, “mənim heç kimim qalmadı” - deyib ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm. Çox hüznlü idik. (Sükuta dalandan sonra qalxıb atasının masasının başına keçir, onun gözlüyünü, qələmini, maşasını göstərir...)



- Atanız Üsküdardakı evinizdə vəfat etdi?



- Bəli, orda. O gün mən bitdim, bitdim, bitdim... Bir yoxuş vardı, o yoxuşdan doktora tərəf uçdum, indi o yoxuşu 3 saata çıxa bilmərəm. Səlim yataq otağındaydı, mən atamla eyni otaqda idim, anam ağır xəstəlik keçirmişdi, danışa bilmirdi. Anama heç nə demədik, evimizin qabağındakı məktəbin direktoruna vurmuşam ki, yavaş danış, anam eşidəcək. Anama bir müddət atamın ölümünü deyə bilmədik. Təəssüf ki, atam o cür getdi. Səlim qarderobun güzgüsündə üzünü qırxanda güzgüdən atamı görürmüş. Mən də səhər atamla danışdım, aşağıdan şeylər almağa getdim. Qayıdanda Səlim dedi ki, mənə bir güzgü tap. Güzgünü üzünə tutduq, nəfəs yox. Ondan sonra mən aşağıya uçdum, doktor gəldi, ancaq atam artıq getmişdi. Təəssüf. Bacımın əri məzarlıqda yer ayırtdırıbmış, oraya dəfn etdik. Əvvəldən bilsəydik, qəbristanlıqda bir neçə məzar yeri alardıq.



- Atanızın Azərbaycandakı qohumlarından sizə gələn olmuşdumu?



- Atamın əmisinin oğlu Sadıq paşa gəldi, o vaxt mən məktəbə getmirdim, məni çox sevərdi. Bizə noğullar, şəkərlər gətirmişdi, çox başqa bir insan idi. (Kövrəlir...)



- Atanız 1926-da Bakıda keçirilən İ Türkologiya Qurultayına gedib. Mehmet Fuad Köprülü ilə. Bu barədə evdə nəsə danışmışdımı, nəsə xatırlayırsınızmı?



- Atam Bakıya gedibmi? Bunu bilmirdim, dayanın, mən də bunu qeyd edim. Sizdən öyrəndim. Mən heç Bakıya getməmişəm. Bunu dəftərə yazım. İstanbuldan gedib, elə deyilmi?



- Bəli, burdan gedib.



- Bildim, Fuad Köprülü ilə bir səfəri var. O vaxt biz Süleymaniyyədə yaşayırdıq. (Bir daha yerindən qalxıb atasının yazı masasının arxasına keçir, masanın üstündəki əşyalar, divardakı tablolar və fotolar barədə məlumat verir. Əminə xanım fotolarımızı çəkir, Atatürkün vəfatından sonra atasının yazdığı şeiri oxuyur – M. Ə.) Atam Azərbaycana gizli gedib?



- Yox, türkologiya konfransına gedib. Orada hamı onu hörmətlə qarşılayıb. Səməd Ağaoğlu 60-cı illərdə Azərbaycana gedib, ata-anasının doğulduğu yer olan Şuşanı ziyarət edib, qayıdandan sonra kitab yazıb. Sizə Azərbaycan barədə nəsə danışırdımı?



- Səməd bəy bir neçə dəfə getmişdi, ancaq çox danışmazdı.



- Atanızın Azərbaycanın fikir və düşüncə həyatında önəmli yeri olmaqla birlikdə, o, eyni zamanda, Azərbaycanın ilk peşəkar rəssamı sayılır.



- Eləmi?



- “Bibiheybət məscidi” tablosu muzeydə saxlanılır.



- Atam çox gözəl şəkillər çəkirdi (divardakı bir tablonu göstərir). Bu, atamın babasının və onun qızının tablosudur, atam çəkib. O divardakı Atatürk tablosunu naturadan çəkib. Əhməd Ağaoğlunun evində Atatürklə Lətifə xanımın portretini qara qələmlə çəkib. Bir kitab var, adını xatırlaya bilmirəm. Böyük bir əməliyyat keçirdiyim gecə o kitabı yuxumda gördüm, adını xatırlaya bilmirəm. Süleymaniyyədəki evimizin bağçasında böyük bir xəzinəmiz vardı, oranın bağbanı rus idi, onlar da qaçıb gəlmişdilər, bütün kitablar ona əmanət edilmişdi. Əməliyyat gecəsi yuxumda gördüyüm o kitab yasaqlanmışdı. Ondan başqa təxminən 300 yasaqlı kitabı o xəzinədə gizləmişdilər. Anam türk qadınlarını qoruma dərnəyinin üzvü idi, çox fəallıq nümayiş etdirirdi. O vaxt xanımlar çadralı imişlər, anam isə atamla evlənəndə başında yarı çadra kimi bir şey olub. Çox müasir qadın idi. Cümhuriyyətdən sonra isə anam həmişə başı açıq olurdu, onu heç vaxt qapalı görmədim. Atamın bütün materiallarını onun barəsində kitab yazan Əli Heydər Bayat bəyə vermişdik, yoxsa o kitab da Heydər bəydə qaldımı? Məndə “Füyuzat”ın ipək basqısı var.



- Qardaşınız Səlim Turan Türkiyənin ən önəmli rəssamlarından biridir, əsərlərinin bir qismini İstanbul Universitetinə bağışlayıb, oradakı bir neçə salonda daimi nümayiş etdirilir...



- İndi orada təmir gedir, ona görə Səlimin tablolarını Sabancı muzeyinin anbarına aparıblar, təmir bitəndən sonra qaytaracaqlar.



(APA-nın qeydi: Sabancı muzeyinin direktoru türkologiya sahəsində Türkiyədə professor elmi dərəcəsi almış ikinci adam olan Əhməd Cəfəroğlunun qızı Nazan Ölçərdir).



- Atanızla bağlı Azərbaycandakı yasaqların ləğv edildiyini nə vaxt öyrəndiniz, nə hiss etdiniz?



- (Yenidən atasının iş masasına tərəf gedib 1995-ci ildə Azərbaycanda çap edilən və üstündə Əlibəy Hüseynzadənin fotosu olan təqvimi göstərərək söhbətinə davam edir.) Bir dostumuz Qapalı çarşıda bu təqvimi görüb, mənə 2 ədəd gətirib dedi ki, sizin atanız bu adam deyilmi? Bacıma və Səlimə dedim ki, artıq atamla bağlı fəaliyyətə başlamaq lazımdır. Onlar dedilər ki, gecdir. Ancaq mən etiraz etdim. Daha sonra Azərbaycandan gələnlər oldu, Heydər bəyin atamla bağlı kitabı çıxdı. Əli Yavuz Akpınar bəyə də xeyli material verdik. Atamın anadan olmasının 150 illiyinə Azərbaycanda göstərilən bu diqqət məni çox məmnun edir. Nə xoşbəxt insanam ki, atamın 150 yaşını qeyd edənlər arasında mən də olacağam. Özümü həm də ona görə xoşbəxt hiss edirəm ki, Azərbaycanda gənclik atamın xatirəsini bu qədər əziz tutur, onun kitablarını oxuyur, onun fikir və düşüncələrini yaşadır. Bir insan üçün bundan gözəl duyğular ola bilməz. Eşitmişəm ki, atamın 150 illiyi ilə bağlı İstanbulda toplantılar keçiriləcək, mən də iştirak edəcəyəm.



- Azərbaycanda da keçiriləcək. Sizin də gəlməyinizi hər kəs ürəkdən arzu edər...



- Azərbaycana getməyi çox istəyirəm, ancaq bilmirəm, getmək üçün səhhətim imkan verərmi? Atamın heykəlini çox görmək istəyirəm.



- Siz getməyə qərar verin, Azərbaycanın da sizi bağrına basacağına əmin ola bilərsiniz.



- Bu günlərdə özümü çox xoşbəxt hiss etdiyimi bir daha vurğuladıqdan sonra agentliyiniz vasitəsilə Azərbaycana salam və sevgilərimi çatdırmağınızı rica edirəm.
Bu xəbər oxucular tərəfindən 1404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed